Netanyahu İsrailin qurulması ilə bağlı sözlərindən sonra Makronu hörmətsizlikdə ittiham edib

17/10/2024 - 07:33

İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, Fransa prezidenti Emmanuel Makron İsrail dövlətinin BMT-nin qətnaməsi əsasında yarandığını bəyan etməklə tarixdən xəbərsiz olduğunu göstərmiş və hörmətsizlik nümayiş etdirmişdir. APA xəbər verir ki, "Bu, tarixdən xəbərsizliyi və hörmətsizliyi göstərir. BMT yəhudi xalqının dövlət hüququnu tanıdı, lakin təbii ki, onu qurmadı", - deyə Netanyahu "Le Figaro" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, İsrail Müstəqillik Müharibəsi nəticəsində dövlətçilik əldə edib. Netanyahu əlavə edib ki, BMT 1948-ci il müharibəsində iştirak etməyib, lakin Holokostdan və Vişi rejimindən sağ çıxan insanlar iştirak edib. Söhbət İkinci Dünya Müharibəsində alman işğalı zamanı fəaliyyət göstərən Fransanın kollaborsionist hökumətindən gedir. Netanyahunun fikrincə Buna görə də BMT-nin İsrail dövlətini yaratdığını söyləmək tarixin üzücü təhrifidir. Qeyd edək ki, “Le Parisien” qəzeti mənbələrə istinadən Nazirlər Şurasının qapalı iclasında Makronun Netanyahunun BMT-nin qətnaməsi əsasında ortaya çıxan yəhudi dövlətinin yaranma şəraitini xatırlamalı olduğunu bildirdiyini yazmışdı. Netanyahu həmçinin Makronun İsrailə silah verməməklə bağlı çağırışını biabırçılıq hesab edib. Baş nazirin sözlərinə görə, Avropa ölkələri, o cümlədən Fransa İsrailin tərəfində durmalıdır. Netanyahu Fransa liderinin çağırışının vaxtsız olduğunu qeyd edərək deyib ki, İran eyni zamanda Yaxın Şərqdə İsrailin vuruşduğu müxtəlif qrupları, xüsusən də Livanın “Hizbullah” hərəkatını və Fələstinin HƏMAS hərəkatını silahlandırır. "Baxmayaraq ki, biz Fransadan silah almırıq mən bu çağırışı utancverici hesab edirəm. Ümid edirəm ki, Fransa, siyasətini dəyişəcək və biz Livanın sabitliyi, eləcə də digər regional məsələlərdə birgə işləyə biləcəyik", - deyə Netanyahu əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ