Özümüzə qiymət verməyi bacarmalıyıq... - Fuad Biləsuvarlı yazır

04/04/2024 - 14:12

        Hər bir insanın həyatında yorulduğu dəqiqələr, anlar olur. Bizdə də elədir ki, yaradıcılıqla məşğuluqsa yorulmağımız təbii haldır. Çünki zehni cəhətdən yorulmaq heç də daş daşımaqdan geri qalmır. Səhərdən axşama kimi telefon və noutbuk arxasında əyləşib, sözümüzü yazıya çevirdiyimizdən yorğunluğumuz çox olur. O yorğunluğu şirin yorğunluq kimi qələmə versəm heç də absurd olmazdı. Çünki sonra zəhmətinin bəhrəsini görəndən sonra deyirsən ki, İlahi, sənə çox şükür. Nə yaxşı ki, məni bəndələrin içində istedadlı bəndə kimi yaratmısan . Hər adam da anadan istedadlı doğulmur axı. Çox təəssüf edirəm ki, indi istedadlı şəxslərə heç  bir yanda qapılar açılmır. Niyə istedadlı insanlara qapılar bağlanır? Mən hələ də baş aça bilmirəm. Heç baş açmaq istəsəm də belə baş aça bilməyəcəm. Elə zamanda yaşayırıq ki, peşəkar olanda, olmayan da özünü "dahi", əlçatmaz sayır. Televiziyalarda verilişlərin çoxu belə istedadsız adamları gündəm edib, onları insanlara məcburən sevdirmək istəyirlər. Bu döndü bilirsiniz nəyə? Sanki sevmədiyimiz yeməyi bizə məcbur yedirtmək istəyirlər. Reklamlar, sponsorlar da xərclədiyi pulları da heç mahiyyətinə varmadan hara xərclədiklərini bilmirlər. Bəlkə də bilirlər e, bizim xəbərimiz yoxdur. Onlara pul gətirən verilişlər lazımdır. Maarifləndirici, düşündürücü verilişlər lazım deyil. Bu günlərdə belə bir fikir oxudum. Eynşteyn icad etdiyi atom bombalarının dünyanın dağıtmasını görüb və belə söz işlədib. "Bilsəydim ki, mənim icad etdiyim atom bombalarım dünyanın dağılmasına görə istifadə ediləcək mən o bombanı icad eləməzdim".  Necə də yerində deyilmiş sözlərdi. Ölkəmizin ziyalılarını məhv etmək də atomla dünyanı dağıtmaq kimi bir şeydi. Ölkəmizin intelektual səviyyəsini yüksəltmək ucaltmaq da məhv etmək də elə bilavistə bəzi kanalların verilişlərin öz üzərinə düşür. Ciddi əsərlər, ciddi nəğmələr, retro sənətkarlarımızın, unudulmuş dahilərin həyatından bəhs edən sənədli filmlər daha nə bilim nələr, nələr təqdim olunmur. Kanal rəhbərləri də belə şeylərə göz yumurlar. Onlar ancaq reytinq gətirən kiminsə şəxsi həyatı vacibdir. Bunları yazmaq, demək məcburiyyətindəyik. Axı, niyə deməyək? Nədən qorxmalıyıq? Axı, sağlam tənqiddən niyə inciməliyik? Hamımızın səhvlərini üzünə deyə-deyə inkişaf eləmişik. Düz olmağın bədəli ağır olsa da, amma sanballı nəticələri ola bilər. İstedadlıları mənəvi cəhətdən öldürmək bu ölkəyə nə qazandıracaq? Haqq yerini nə vaxtacan nahaq tutacaq? İstedadımızı niyə sosial şəbəkələrdə göstərməliyik? Ölkədə bu qədər kanallar, radyolar olduğu təqdirdə biz niyə reklam sarıdan korluq çəkməliyik? Mən və ya qeyri - başqası televiziyalarda çıxış edə bilmiriksə kimdi günahkar, kimdi baiskar. Ömrümüzdən aylar, illər günlər su kimi axıb gedir. Hələ də ürəyimiz istəyən nəticəni əldə edə bilmirik. Bu günün ziyalısı, intelektual səviyyəli alimləri tiktok sosial şəbəkəsində niyə pul dilənməlidir? Və yaxud görkəmli alim,professor niyə küçələrdə maşınlarda gecələməlidir? 
      Şair demişkən: Nə vaxta kimi " alim ac, gədalar tox olacaq?"
Bu gün elə bilirsiniz tək elə televiziyalarımız bərbad gündədi? Əsla!  Elə müxtəlif qurumlar, idarələr də televziyalarımız kimi biyabırçı vəziyyətdədir. Adamın yoxdusa demək öldün. Sözün əsl mənasında ölmək. Jurnallar, qəzetlər öz çevrəsinə adamlarına qulluq edirlər. Verilişlər kimi mətbuatımızı məhvə sürükləyirlər. Hər yana pul köçürməliyik. Hər yanda adamımız olmalıdır. Adamın sıxıntıları olmasın neyləsin? Belə yaşamaq üçün doğulmamışıq axı. Gündən-günə çiçəklənən ölkəmizin gələcəyini xar eləməyə kim ixtiyar verib sizə? Ölkə başçımız da gözəl şəraitlər yaradır. İntelektual səviyyəli gənclərin üzə çıxması üçün proqramlar üzərində çalışır. Amma bəziləri maneçilik yaradır. Bunları araşdıraraq, belə neqativ halları ölkədə məhv etmək lazımdır. Özümüzə qiymət verməyi bacarmalıyıq. Çalışaq birinci özümüzə dəyər verək,  özümüzkülərin qədrini bilək, sonra da yad ünsürləri dəyərləndirərik.

 

Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı

Qafqaz.Media

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53