Prezident Binəli Yıldırımı qəbul etdi - Foto

14/03/2024 - 07:42

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada artan nüfuzunu qeyd etdi, onun vacib beynəlxalq məsələlərin müzakirə edildiyi platforma olduğunu diqqətə çatdırdı. O, XI Qlobal Bakı Forumunun da uğurla keçəcəyinə əminliyini bildirdi. Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri olaraq hər zaman göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi.

Dövlət başçısı Azərbaycanda prezident seçkilərindən sonra həmişə olduğu kimi, ənənəyə uyğun olaraq ilk rəsmi səfərini məhz Türkiyəyə etdiyini vurğuladı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı müzakirələri məmnunluqla xatırladı.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

 

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ