Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib

06/03/2024 - 16:48

Martın 5-də Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı bu ittifaqların üzvlərinin iştirakı ilə konfrans keçirilib.

Qafqaz.Media xəbər verir ki, konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxil edilib. Həmin məsələlər səsverməyə qoyularaq yekdilliklə qəbul edilib. Nəticə olaraq, Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

Sonra sədrliyə namizəd kimi Xalq artisti Rasim Balayev təqdim olunub. Onun sədrliyi təsdiq edilib. Beləliklə, Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Xalq artisti Şəfiqə Məmmədova isə yeni yaradılan kino ittifaqının sədrliyinə namizədliyini geri götürüb.

Yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev çıxışında ona etimad göstərənlərə təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyəti üzvlərinin siyahısı təsdiq edilib. Həmçinin ittifaqda Ağsaqqallar Şurasının yaradılması təklif olunub. Xatırladaq ki, iki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da bu məsələ ilə bağlı iclas keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.

P.S. Biz də Qafqaz.Medianın rəhbərliyi və kollektivi adından dəyərli sənətkarımızı səmimi qəlbdən təbrik edirik, işlərində uğurlar, arzuladığı filmlərdə çəkilməsini arzu edirik.

Fuad BİLƏSUVARLI 

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18