Roman Abramoviç Mübariz Mənsimovun yanına niyə getdi? – RUSİYALI OLİQARXLA BAĞLI İLGİNC İDDİALAR…

03/01/2023 - 13:15

Türkiyə mətbuatı xəbər verir ki, rusiyalı milyarder Roman Abramoviç İstanbulda “Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovla görüşüb.

Qafqaz.media xəbər verir ki, Abramoviçin Türkiyədə futbol klubu almaq fikrində olduğu və məsləhət almaq üçün Mənsimova müraciət etdiyi bildirilir.

Qeyd edək ki, azərbaycanlı iş adamı “Beşiktaş” futbol klubunun İdarə Heyətinin üzvüdür.

İddia olunur ki, Mənsimov Abramoviçə üç futbol klubu ilə bağlı məsləhətlər verib. Bunlar “Başakşehir”, “İstanbulspor” və “Kasımpaşa”dır.

Rusiyalı oliqarxın bu klubları almaqda maraqlı olduğu bildirilir. Abramoviç və Mənsimov hələ də görüşlə bağlı yayılan xəbərlərə münasibət bildirməyiblər.

Xatırladaq ki, Roman Abramoviç Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra Londonun “Çelsi” futbol klubunu satmaq məcburiyyətində qalıb. Oliqarx lüks yaxtası olan “Eclipse-I” Bodruma gətirib və İstanbulda məskunlaşıb. Abramoviçin Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda vasitəçi kimi çıxış etdiyi də məlumdur. Məlumatlara görə, oliqarx kapitalının əsas hissəsini Türkiyəyə yatırmağa hazırlaşır və bununla bağlı bir neçə layihəni, o cümlədən Bodrumda istirahət kompleksinin tikintisini nəzərdən keçirir.

Qafqaz.media