“RUSİYA ÖZÜ ÖZÜNÜ QARABAĞDAN ÇIXARDI” – “Moskva Azərbaycanla münasibətləri korlamağı özünə rəva görə bilməz”

07/10/2023 - 12:09

“Bizim bildiyimiz “dağlıq Qarabağın” sonunu gördüyümüzə şübhə yoxdur. Biz ermənilərin bu ərazidə özünüidarə ümidlərinin necə çökdüyünü gördük. İndi məsələ orada ermənilərin qalıb-qalmayacağıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu britaniyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, Azərbaycan-Ermənistan münasibətləri haqqında kitabın müəllifi Lourens Broers “Meduza” portalına müsahibəsində deyib.

“Gözümüzün önündə "dağlıq Qarabağ"ın sesessiya tarixi başa çatdı. Amma Qarabağ konfliktinin həmişəlik bitməsi mütləq deyil. Gələcəkdə Ermənistanda Qarabağ ermənilərinin diasporası yarana bilər. Onun birinci nəsli, bəlkə, yaşananlar üzündən sınmış olsun, amma ikinci və üçüncü nəsillər səfərbər ola bilərlər”, - o əlavə edib.

Ekspert qeyd edib ki, ermənilərin reinteqrasiyası ilə bağlı rəsmi Bakının mövqeyi bundan ibarətdir: “Qarabağdakı erməniləri digər etnik azlıqların malik olduqları hüquqları əldə edəcəklər. Bu, doğma dildə təhsil, dini etiqad azadlığı, ola bilər, doğma dildə KİV mövcudluğu, yerli özünüidarə orqanlarını seçmək hüququdur.

Azərbaycan özünün vətəndaş milləti, müxtəlif etnik və dini azlıqlarla normal münasibətlərə malik multikultural dövlət olduğunu vurğulayır. Amma Qarabağdakı ermənilərin özlərini təhlükəsizlikdə hiss edəcəklərini təxmin etmək çox çətindir. Buna görə də təminatlar müzakirə olunur.

İştirakına Azərbaycanın razılıq verəcəyi yeganə xarici qarant Rusiyadır. Amma bununla bağlı iki ciddi maneə var.

Birincisi, Rusiya ermənilərin gözündə təhlükəsizlik qarantı kimi etimad kreditini itirib. Bu, uzun proses idi, ən azı 2016-cı ildəki dördgünlük savaşdan başlamışdı.

İkinci problem 2025-ci ildir. 2020-ci ilin sülh müqaviləsinə görə, 2025-ci ildə Azərbaycan və Ermənistan Rusiya sülhməramlı missiyasının mandatını daha 5 il uzadıb-uzatmamağı müzakirə etməlidirlər. Bu da Bakının istədiyi deyil. Rusiya sülhməramlılarının yerləşdirilməsi 2020-ci ildə Azərbaycanın bütün əldə etdiklərini saxlamaq üçün ödədiyi bədəl idi. Azərbaycanda bu missiya haqqında müvəqqəti kimi danışmaq siyasi cəhətdən korrekt sayılır.

Buna görə də düşünürəm ki, qərarın qəbul edilməli olduğu 2025-ci ilin mayında Azərbaycan ya Rusiyaya nəzakətlə “yox” deyəcək (bu, onun üçün ən yaxşı ssenaridir), ya da sülhməramlı missiyanın kəskin azaldılmasına çalışacaq: məsələn, Qarabağda qalan ermənilərin inteqrasiyasını izləyən kiçik monitorinq qrupu qalsın. Məncə, bu, Rusiyaya simasını qorumaq imkanı verəcək, amma belə ssenari üçün əhəmiyyətli sayda ermənilərin qalması lazımdır, buna ümid etmək isə çətin ki, mümkündür”.

Lourens Broers “Rusiyanın hər hansı təzyiq vasitələri var, yoxsa Azərbaycanın qəbul edəcəyi qərarla razılaşmalı olacaq” sualına belə cavab verib: “Çox maraqlı sualdır, amma ona dəqiq cavab vermək mümkün deyil. Biz Rusiyanın 2020-ci ilin noyabrında regionda öz hegemoniyasını qurmaq cəhdini gördük. O, atəşkəs əldə olunmasında vasitəçilik etdi və Qarabağda öz hərbi qüvvələrini yerləşdirdi. Amma onu da müşahidə etdik ki, Azərbaycan 2021-ci ilin mayından etibarən bu hegemonluğu ardıcıl zəiflətməyə çalışır və bu cəhdlər, əlbəttə, Rusiyanın Ukrayna ilə müharibəsindən sonra yalnız gücləndi. Ukraynaya təcavüz edən Rusiya müəyyən mənada özü özünü Qarabağdan çıxardı: həm fiziki mənada – sülhməramlı missiyaya ezam olunan hərbçilərin təcrübəsi və sayı mənasında, - həm də özünün nüfuzu baxımından ki, bu da daha önəmlidir.

Beləcə, biz Azərbaycanın 2020-ci il sazişinə yavaş-yavaş yenidən baxdığını və hətta onu müntəzəm dağıtdığını gördük. Ukrayna ilə müharibə fonunda isə Azərbaycanla münasibətlər Rusiya üçün xeyli çox rol oynamağa başladı. Rusiyanın qalan dünya ilə hələ də saxlaya bildiyi əlaqələr zəncirində Azərbaycan mühüm halqadır. Üstəlik, Bakı Ankaranın əsas müttəfiqidir, o isə Rusiya-Ukrayna konfliktində böyük rol oynayır. Beləcə, Rusiyanın manevr imkanı sadəcə yoxdur, o, Azərbaycanla münasibətləri korlamağı, ya da ona öz qaydalarını diqtə etməyi özünə rəva görə bilməz. İndi top başqa tərəfdədir və Azərbaycanın öz istədiyinə - Qarabağ üzərində mütləq, heç kəs tərəfindən mübahisələndirilməyən suverenliyə – nail olmaq imkanları daha çoxdur”.