“RUSİYADA AYILMA PROSESİ BAŞLAYIR...” – “Ümidlər boşa çıxır, məğlubiyyət qaçılmazdır”
"Rusiyada adamlar müharibədən yorulublar, hətta beziblər. “Xaxolları cəzalandırmaq lazımdır” eyforiyasının ayılma mərhələsi başlayır. Müharibənin ölkəni strateji çıxılmaz vəziyyətə saldığını dərketmə prosesinin başlandığı, zəif də olsa, Rusiyada hiss olunur. Müharibə qurbanlarının sayı artır və bu müharibəni bitirməyin zərurətini Kreml dilinə almasa da, şüuraltı olaraq dərk etməməsi mümkün deyil".
"AzPolitika" xəbər verir ki, bunları təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl yazıb.
O, vurğulayıb ki, iyul ayının ortalarından Rusiya üçün xoşagəlməz siqnallar daha intensiv xarakter almağa başlayıb. Ekspert bu günlərdə “The Economist” dərgisində dərc olunmuş geniş analitik materialı xatırladıb: "Nəşrin gəldiyi nəticə belədir: Sovet silahlarının ehtiyatı tükənir, Rusiya hərbi sənaye kompleksi ordunun ehtiyaclarını ödəməyi çatdırmır və nəhayət, Rusiya bu ilin payızından müdafiəyə keçməyə məcbur olacaq”.
İ.İsmayıl bildirir ki, Rusiya Avropada və ABŞ-də keçirilən seçkilərdən maraqlarına cavab verə biləcək dəyişikliklər gözləyirdi, amma artıq hiss olunur ki, bu ümidi də boşa çıxıb. "Trampın belə seçkidə qalib gəlməsi Putini qane edəsi deyil. Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Trampla görüşdən sonra Trampın mövqeyi barədə verdiyi açıqlamalar Rusiyanın müharibəni sonlandırmaq şərtlərinin tam əksidir", - o vurğulayıb.
Ekspert hesab edir ki, Rusiyanın başqa bir ümid yeri olan Çinin də mövqeyində bəzi transformasiyalar baş verir: "Məsələn, Ukrayna XİN rəhbəri Dmitri Kulebanın Pekinə səfəri bu dəyişikliyə bir nümunədir. Buna səbəb yalnız Kulebanın səfəri deyil, eyni zamanda Putinin Şimali Koreya və Vyetnama səfərinin Pekində müəyyən narazılıq yaratmasıdır. Bu cür dəyişikliklər Kremlə də, bütövlükdə cəmiyyətə də ciddi təsir edir". Onun sözlərinə görə, Rusiya daxilində aparılan sosioloji sorğuların nəticələri də göstərir ki, Rusiya əhalisinin az qala yarısı müharibənin “dəyərini” dərk etməyə başlayır: "Əgər bu ilin fevral, mart aylarında “itkilərin nailiyyətdən çox olduğunu” düşünənlər 31% idisə, iyul ayında bu 36% təşkil edib. 28% isə hesab edir ki, RF tərəfdən ölən hərbiçilərin sayı 100 mini keçib. Bu onu göstərir ki, Rusiya cəmiyyəti ənənəvi “ət müharibəsi”ni daha qəbul etmək istəmir, amma Putinin yaxın zamanlarda müharibəni bitirmək niyyətinin olmadığını da bilirlər. Rusiya teletəbliğatı nə qədər Qərbin uğursuz siyasətindən danışsa da, “xüsusi əməliyyatın” planlaşdırıldığı kimi getmədiyi faktdır". İ.İsmayıl onu da bildirir ki, Niderlandan verilən F-16-lar artıq cəbhədə Rusiya üçün ciddi narahatlıq yaradır.
Ekspert hesab edir ki, Rusiya elitasında “ayılma”nın mərhələli şəkildə baş verməsi bəzi faktorları formalaşdırır: "Məsələn, Qərb Putinin şərtlərini qəbul etməyəcək. Belə olanda, ya sülh Qərbin şərtləri ilə yaranacaq, ya da müharibə davam edəcək".
Təhlilçi qeyd edir ki, bütün bu proseslər Qərbin diqqətindədir və təbii ki, Ukraynanı hərtərəfli müdafiə etməkdə davam edəcək: "Böhran anının yetişəcəyi tezliklə baş verməsə də, tədricən buna yaxınlaşılır. Sanksiyalar yalnız ordunun texniki təchizatında problemlər yaratmır, eyni zamanda arxa cəbhədə sosial gərginlik və kütləvi etirazlara səbəb ola bilər və onun ilk elementləri bir çox bölgələrdə özünü göstərməyə başlayıb".
İlham İsmayıl vurğulayır ki, Rusiya Prezidenti indiki vəziyyətdə müharibəyə hakimiyyətini qorumaq aləti kimi baxır və ölkədə situasiyanı sərt nəzarətdə saxlayır, amma adətən vintlərin çox sıxılması onun qopması ilə də nəticələnə bilər.
"Rusiyanın seçimi də böyük deyil - ya Qərbin şərtləri ilə sülh, ya da məğlub olma riski ilə müharibəyə davam. Yəni, Ukrayna təslim olmur və heç kim də təslim edə bilməz. Bu isə, Rusiyanın strateji dalana dirənməsi və məğlubiyyəti deməkdir", - o vurğulayıb.
"AzPolitika.info"