SAAKAŞVİLİ MART AYINDA ZƏHƏRLƏNDİYİNİ DEYİR – Sabiq prezident “Bellingcat” jurnalistinə müraciət etdi

04/01/2023 - 20:51

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili mart ayında həbsxanada zəhərləndiyini deyib və “Bellingcat” nəşrinin əməkdaşı Xristo Qrozevdən zəhərlənmə faktını araşdırmağı xahiş edib.

Qafqaz.media xəbər verir ki, o bu barədə “Facebook”da yazıb.

“Əziz Kristo, mən uzun müddətdir ki, sizin işinizin pərəstişkarıyam. Amma heç vaxt düşünməzdim ki, bir gün sizə kömək üçün müraciət etməli olacağam. Bildiyiniz kimi, ABŞ-ın aparıcı laboratoriyası və Nyu-Yorkda tanınmış toksikoloq mənim bu ilin martında həbsxanada zəhərləndiyimi müəyyən edib. Mart ayında çox xəstə idim, hərarətim yüksəldi, qusma, şiddətli tərləmə, başım ağrıdı. Covid testləri mənfi çıxdı. O vaxtdan bəri səhhətim yaxşılaşmayıb. Həbsxana rəhbərliyi məni xəstəxanaya köçürməli oldu, orada həkimlər dərhal zəhərlənmədən şübhələndilər. Rəhbərlik qanda zəhərlənmə izlərinin qalmaması üçün prosesi mümkün qədər ləngitdi. Təəssüf ki, onlar üçün sonradan saçlarımda və dırnaqlarımda ağır metal zəhəri tapıldı”, - Saakaşvili yazıb.

Sabiq prezident müraciətində “Gürcüstanda Rusiyaya bağlı şübhəli hərəkətləri” araşdırmağı xahiş edib. O, həmin ərəfədə FSB-nin 5-ci xidmətinin rəisi, general Sergey Beseda və xidmətin digər əməkdaşlarının Gürcüstana tez-tez gəldiyinə diqqət çəkib.

“Gürcüstan və Rusiya arasında mövcud olan kölgə və oliqarxik sxemləri sıralaya bilərsinizmi? Əminəm ki, orada çox şey tapmaq olar və bu da mənim həyatımı xilas etməyə kömək edəcək”, - Saakaşvili əlavə edib.

Xatırladaq ki, dekabrın sonunda Saakaşvili hüquq müdafiəçisi Mark Feyqinə də məktub göndərib və orada Vladimir Putinin göstərişi ilə zəhərləndiyini yazıb.

Qafqaz.media