“Sədərək”də baş verən yanğının təfərrüatı açıqlandı - YENİLƏNİB - 3

09/01/2023 - 11:14

Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Qurumdan bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi, təxminən, 10ha olan “Sədərək” Ticarət Mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.

Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

*** 08/01/2023 - 20:58

“SƏDƏRƏK” TİCARƏT MƏRKƏZİ YANIR - FHN rəhbərinin müavini hadisə yerindədir /YENİLƏNİB - 2

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Bu barədə Oxu.Az-a FHN-in Mətbuat xidmətindən bildirilib. 

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.

*** 19:39

"Sədərək" Ticarət Mərkəzində (TM) baş verən yanğınla əlaqədar polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib".

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

"Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb", - DİN rəsmisi qeyd edib.

***18:56

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.