Şəhid Akif Abbasovun qalıqları Gəncədə dəfn olunub

18/07/2024 - 13:17

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 31 ildən sonra kimliyi müəyyənləşdirilən Abbasov Akif İlyas oğlunun qalıqları ailəsinə təhvil verilib. APA-nın yerli müxbiri xəbər verir ki, Daşkəsən rayonunun Əhmədli kənd sakini olan şəhidlə həmin kənddə vida mərasimi keçirilib. Sonra şəhidin nəşinin qalıqları Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin dəfn mərasimində Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və KİV nümayəndələri iştirak ediblər. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb. Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Orxan Abbasovun qardaşı Nizaməddin Abbasova təqdim edib. Qeyd edək ki, şəhid Abbasov Akif İlyas oğlu 1 iyul 1970-ci ildə Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. 28 dekabr 1993-cü ildə Ağdərə rayonunun Salahlı kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən şəhid olub. Akif Abbasov Bərdə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilib. Bir qədər əvvəl onun kimliyi müəyyən olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ