Səhnəmizin yadda qalan Leylisi

14/03/2024 - 10:01

Mən Qarabağda doğulmamışam. Amma yurdumun bu cənnət diyarını çox sevirəm. Füsunkar təbiətli Qarabağ ölkəmizə çox dünya şöhrətli sənətkarlar bəxş edib. Xüsusilə musiqi sahəsində. Təsadüfi deyilməyib ki, Qarabağda dünyaya göz açan uşaqlar muğamat üstündə doğulurlar. 
         Bu gün Xalq artisti kimi tanınan və sevilən sevimli xanəndəmiz Nəzakət Teymurova da bu torpağın yetirmələrindəndir. Ağdamda dünyaya göz açıb. 
Ailənin sonbeşiyi olduğu üçün ailədə ən çox sevilən uşaqlardan olub. 
        Suyundandırmı, havasındandırmı, bilmirəm. Bu torpağın övladları musiqiyə heç cür biganə qala bilmirlər. 
         Nəzakətin də lap körpəlikdən şirin, ürəyə yatan səsi olub. Bu səs hələ o vaxtlardan çoxlarının diqqətini cəlb eləyib. Sonradan həyat və sənət yolunu müəyyənləşdirəndə Nəzakət Teymurova ciddi çətinliklər qarşısında qalıb. Ailələri onun səhnəyə çıxıb mahnı oxumasını istəmirdilər. Amma həm gözəlliyi, həm də şirin səsi, xoş avazı ilə səhnə üçün doğulmuş Nəzakətin bu istəyinin qarşısını almaq mümkün idimi?!
        Nə qədər qəribə olsa da, yəqin ki, ailələrinin təsiri ilə o, tamamilə başqa bir ixtisas seçmişdi. Amma nə yaxşı ki, həmin tələbəlik illərində Nəzakət Teymurova bir musiqi müsabiqəsində iştirak etməsəydi, Azərbaycan musiqi mədəniyyəti çox şey itirəcəkdi. Müsabiqədə uğurlu çıxışı onu Asəf Zeynallı adına Musiqi məktəbinə gətirmişdi. Bu 1991-ci ildə olmuşdu. Nəzakət Teymurova düz 5 il muğamlarımızın bilicisi Nəriman Əliyevin sinfində dərs almışdı.
          1995-ci ildə Nəzakət Teymurova artıq Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi idi. Xalq artisti Arif Babayevin sinfində muğamın  incəliklərinə yiyələnirdi.
           Hər bir muğam ustasının ən böyük arzusu yəqin ki, opera səhnəsində yadda qalan obrazlar yaratmaqdır. Nəzakət Teymurovanın da böyük opera səhnəsinə qədəm qoymsına səbəb onun şirin, şaqraq səsi, muğamın incəliklərinə dərindən bələd olması səbəb oldu. 
           Opera səhnəsində ilk rolu "Leyli və Məcnun"da Leyli obrazı oldu. Nəzakət əsl Leyli idi. İfası ilə, səhnə hərəkətləri ilə, Məcnun Mənsum İbrahimov, Leyli Nəzakət Teymurova səhnədə bir-birini çox gözəl tamamlayırdılar. 

           Düzdür, Nəzakət Teymurovaya qədər Leyli obrazını yaradan çox böyük sənətkarlar olmuşdu. Amma Nəzakətin Leylisi də bir aləm idi. 
           Nəzakət Teymurova milli operamızın səhnəsində " Aşıq Qərib"də Şahsənəm, "Gəlin qayası"nda Gülbahar, "Natəvan"da, "Vaqif"də, " "Koroğlu" da Xanəndə qız obrazlarını da ustalıqla yaradıb. 
           2000-ci ildə " Əməkdar artist", 2005- ci ildə Xalq artisti fəxri adına layiq görülmüş sevimli xanəndəmiz hazırda Opera və  

Balet Teatrında solist kimi fəaliyyətini davam etdirir. 
Milli Konservatoriyamızda Asəf Zeynallı adına Musiqi Kollecimizdə, gələcək musiqiçilərə muğamın incəliklərini öyrədir.
           Sevimli muğam ustasının çıxışları təkcə ölkəmizdə sevilmir. Onun dünyanın bir çox ölkələrində - Türkiyədə, İranda, Amerikada, Almaniyada, Kiprdə, Yaponiyada, Macarıstanda, İsveçrədə, Səudiyyə Ərəbistanında, Rusiyada da konsertləri həmişə anşlaqla qarşılanıb.
             Bu gün sənətin zirvəsində olan xalq artistimiz Nəzakət Teymurovanın hər bir çıxışını yenə də səbirsizliklə gözləyirik. O şirin səsin sehrinə düşməyi kim istəmir ki...

         

                               Xalq artisti Nəzakət Teymurovanın ailəsi ilə şəkilləri. 

        

Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrında tərəf müqabili, Xalq artisti Mənsum İbrahimovla Leyli və Məcnun tamaşasında çəkdirdikləri şəkil.

 

 

Yazını hazırladı: Fuad BİLƏSUVARLI, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49