Şəkidə “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı seminar keçirilib

14/09/2024 - 12:57

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, sentyabrın 14-də Şəki rayon prokurorluğunun inzibati binasında “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı seminar keçirilib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdə prokurorluq əməkdaşları ilə yanaşı, media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Ətraf mühitin mühafizəsi, habelə prokurorluq orqanlarının ekoloji hüquqpozmalara qarşı mübarizəsi ilə bağlı məlumatlılığın artırılması məqsədilə təşkil olunmuş tədbir zamanı açılış nitqi ilə çıxış edən Şəki rayon prokuroru Mehman Xankişiyev qonaqları salamlayaraq, rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.
M.Xankişiyev çıxışında prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib, yaşıl dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı yaşıl dünya üçün hüquqi tənzimləmələrdən bəhs edərək təbii resurslar və bioloji çeşidliliyin qorunması, tullantıların idarə olunması, enerji effektliliyi və alternativ enerji istehsalı, zərərli kimyəvi maddələrin idarə edilməsi kimi sahələrdə formalaşmış hüquqi strukturlar, normativ əsaslar və hüquqi məsuliyyət tədbirləri barədə məlumat verib. Şəki rayon prokurorunun köməkçisi Amil Yaqubov çıxışı zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində Şəki rayonu ərazisində görülən tədbirlər barədə məlumat verərək bəzi statistik göstəricilərə toxunub. Seminar zamanı iştirakçılarla faydalı fikir mübadiləsi aparılıb, ekoloji hüquqpozmalara qarşı prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53