Əsl ziyalı mövqeyi... - Fuad Biləsuvarlı yazır

25/03/2024 - 09:58

 

Bu yazımla, şeirimi çox hörmət bəslədiyim Azərbaycan jurnalisti, televiziya tənqidçisi,publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, kafedra müdiri, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i Qulu müəllim Məhərrəmliyə həsr edirəm.

              Mən özüm üçün simvol hesab etdiyim böyük söz ustası, professor Qulu Məhərrəmlinin " Altun kitab" nəşriyyatında işıq üzü görmüş " Gələcəyə ön söz" məqalələr toplusunu çox böyük maraqla oxudum və etiraf edirəm ki, iti qələmi, kəsərli fikirləri olan müəllifin hər şeyi olduğu kimi görmək bacarığına heyran oldum.
              Müxtəlif mövzuları əhatə edən bu məqalələr vaxtı ilə " Ayna" qəzetində və eyni adlı saytda oxucuların diqqətinə çatdırılmışdır.
              Professor Qulu Məhərrəmli insanların gözünə dik baxıb əsl həqiqəti söyləməyi bacaran yetkin bir ziyalı, elm adamı, kəsərli qələm sahibidir. Kitaba səmimi ön sözü yazmış Elçin Şıxlının dediyi kimi, Qulu Məhərrəmli " ana dilimizin çağdaş problemlərini araşdıran ciddi bir alimdir."
              Həmişə əsl vətəndaş mövqeyində durmağı bacaran, " varlığımız və ictimai əxlaqımız üçün təhlükə yaradan meylləri cəsarətlə tənqid etməkdən çəkinməyən " professor Qulu Məhərrəmlinin ən böyük silahı onun qələmidir.
              Qulu Məhərrəmli mətbuat tariximizdə uzun illər bir ziyalı kimi mətbuatımızın ağırlıqlarını çiyinlərində daşımağı məharətlə bacaran bir qələm sahibidir.
               Açıq etiraf edirəm ki, Qulu müəllimin bir neçə il əvvəl işıq üzü görmüş bu toplusunu birnəfəsə oxudum. Müsəlman şərqində ilk parlamentli respublika - Demokraktik Cümhuriyyət qurmuş, insan hüquq və azadlıqlarını önə çəkmiş müasir tipli universitet yaratmış, senzuranı ləğv edərək mətbuat azadlığını demokratik dəyərə çevirmiş qurucu babalarımızın müqəddəs ruhuna dərin ehtiramla " çap olunmuş bu toplu hər bir ziyalının stolüstü kitabı olmağa layiqdir.
               Təbii ki, kimsə məni qınaya bilər, mənim bu heyranlığımda " yanlışlıqlar" axtara bilər. Amma jurnalistika aləmində tam bişib, bərkiməmiş, auditoriyalara tanış olmayan yeniyetmə bir yazarın Qulu Məhərrəmli kimi tanınmış, öz sözünü demiş bir alim haqqında bacardığı qədər söz demək cəsarətinə biganə qalmaq, bir az yumşaq desək, bəlkə də ədalətsizlik olardı.
                 Yazdığı və bu dəyərli kitabında toplanmış məqalələrindəki dərin mühakimələri Qulu Məhərrəmlinin illərlə toplanmış zəngin dünya görünüşünün, yüksək ziyalı mövqeyinin nəticəsidir. İstənilən məsələ ilə bağlı yüksək ziyalı mövqe və münasibətinə isə bütün dövrlərdə həmişə böyük ehtiyac duyulur.
                Təsadüfi deyil ki, " Rüstəm İbrahimbəyovun Qarabağ tezisləri" məqaləsinin sonunda Qulu müəllimin qətiyyətlə gur səsini eşidirik:
" Eeeyy!! Cənab deputatlar, uzaqgörən siyasətçilər", "politoloqlar", " ekspertlər",  köşə yazarları, hardasınız?..."
               Həmin yazının sonundakı tarixə baxıram. Düz on il əvvəl işıq üzü görmüş bu yazı bu gün də öz aktuallığını saxlayır.
             Düzdür, müdrik Ali Baş Komandanımızın yenilməz qətiyyəti, şücaətli ordumuzun döyüş bacarığı və cəsarəti, " dəmir yumruğ"u ilə torpaqlarımız işğaldan azad olunub. Xalqımız hələ də 44 günlük Zəfər Qələbəsinin sevincini demək olar ki, hər gün yaşayır. Amma, bu misilsiz qələbəni, qəhrəmanlığı, möhtəşəm qələbədə xalqımızın əvəzsiz birliyini, qardaş Türkiyə ilə sarsılmaz vəhdətini " həzm" edə bilməyənlərə qətiyyətli mövqeyimizi bildirməyə, kəsərli sözümüzü deməyə həmişə hazır olmalıyıq.
           Maraqla oxuduğum məqalələrdən biri də " Köhnə kişilər haqqında  hekayət" oldu.
Köhnə kişilər. Belə kişilər haqqında yaşlı adamlardan çox eşitmişəm.
Bir də " Yaxşı kişilər yaxşı atları minib getdilər" deyərdilər. Müəllif də bu məqaləsində çox haqlı olaraq deyir ki, " köhnə kişi" deyəndə, həm də, adamın gözünün qabağında ağır təbiətli, təmkinli, qürurlu və şəxsi  ləyaqət hissini hər şeydən yüksək tutan bütöv bir xarakterin sahibi canlanır..."
           Tarixə qovuşan tarixi şəxsiyyət" məqaləsi mətbuat tariximizin ağsaqqalı, mərhum professor Şirməmməd Hüseynovdan bəhs edir. Bu dəyərli, mətbuat tariximizin mahir bilicisinin əvəzsiz xidmətləri haqqında fikirlərini müəllif belə tamamlayır: " Şirməmməd müəllimin bu millət qarşısında tarixi bir missiyası var idi və həmin missiyanı şərəflə yerinə yetirdi, özündən sonrakılar üçün zəngin irs və mənalı yaşamaq örnəyi qoyub getdi... Şirməmməd Hüseynov vəfatı ilə mətbuat tariximizdə müasir jurnalistikamızda böyük bir epoxa sona yetdi..."
           Topludakı " Barış Manço ilə samuray söhbəti", " Şairlərin günahı nə ?!", " Tarixə qovuşan tarixi şəxsiyyət", " Dilimizi didən dərdlər", " Yaratmağın faciəsi",  " Dəmir ledi", əfsanəsi və sair məqalələr çox maraqla oxunur. Və oxucu dərin təhkiyələrlə dolu olan belə yazılara həmişə ciddi ehtiyac duyur.
               Professor Qulu Məhərrəmli mənalı ömrünün 70 - ci pilləsindədir. Bu illər mənasız keçməyib. Qulu müəllim yaşının bu vədəsində də böyük ehtirasla yazıb-yaradır. Yazmaya bilmir, çünki çoxsaylı oxucuları ondan yeni yeni əsərlər gözləyirlər...

Böyük insansınız

Yanır işığından sözlərin özü,
Sizi alqışlayır düzlərin düzü,
Elmində vardır, var xalqların gözü,
Böyük insansınız, bu  Vətən üçün!

Yazdığın kitablar ayrıca məktəb,
Çox böyük uğura olubdu səbəb,
Sizdə aydın məram, ucadır mətləb,
Böyük insansınız, bu Vətən üçün!

Zemfira xanımla ömrü xoş sürdün,
Gül qızlar böyütdün barların dərdin,
Ağıllı, idraklı nəvələr gördün,
Böyük insansınız, bu Vətən üçün!

Qələminin sehri dillər qurudur,
Nələrə qadirdi durmadan yazır,
Kim nəyi bilməsə yanına qaçır,
Böyük insansınız, bu Vətən üçün!

Əməkdar jurnalist Qulu Məhərrəm,
Bizə yaxın doğma, ən əziz, məhrəm,
Yəqin xoş gələcək sizə bu kəlməm,
Böyük insansınız, bu Vətən üçün!

Öyrətmək eşqilə alışır sinən,
Hər vaxt belə olub mən görmüşəm, mən,
Fuadam, ömrünü elmə həsr edən,
Böyük insansınız, bu Vətən üçün!



   

                              https://youtube.com/@PressklubTV?si=hWbgogGZMa7gPwDh

 

Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı

Qafqaz.Media