SÖZ HAQDA SÖZ... – Eldəniz Quliyev yazır
Son zamanlar müxtəlif KİV səhifələrində, sosial media və TV kanallarında yazıçılar, jurnalistlər haqqında, onların yazdıqları, o cümlədən aldıqları müsahibələr və s. ətrafında qızğın polemikalar gedir. Bilən də, bilməyən də yazır, danışır, mübahisə edir, "ağıllı" məsləhətlər verir; tərəf tutur, olmayan yerdə haqlı-haqsız və "pis-yaxşı" axtarır... Amma nədənsə ən vacib məsələ - SÖZün halalca haqqı və ruhunda daşıdığı məna yükü məsələsi unudulur!..
Mən dəfələrlə SÖZ adlı İlahi anlama dönə-dönə münasibət bildirmişəm. Ancaq "biliyin anasını" yada salıb, dübarə deyirəm: Həyatın ən möhtəşəm möcüzəsi insan doğuluşudur. Körpə ana bətnindən xilas olan məqamda bu dünyadan aldığı ilk nemət NƏFƏSdir. Və onun bu İlahi payı müqabilində qaytarıb dünyaya verdiyi - SƏSdir. Deməli, NƏFƏS də, SƏS də Tanrı hədiyyəsidir və müqəddəsdir.
SÖZ isə, bu iki hikmətin - NƏFƏS və SƏSin - birləşməsindən yaranır, məhz elə buna görə də ikiqat müqəddəs sayılmalıdır. Bizlər bunu dərindən düşünüb-anlasaq heç vaxt dediyimiz və verdiyimiz sözə yalan qatıb xəyanət etmərik,- bununla da bir çox əzab-əziyyət və günahlardan xilas olarıq!..
Mətləbə keçək. Elə qələm sahibləri var ki, onlar üçün SÖZ anlayışı çırtma səsi tək boş bir şeydir. Belələri, fikirimcə, bir qədər təhlükəli insanlardır. Çünki göstərişlə, fərmayiş, sifariş və muzdla qərəzli yazılar yazanlar, şübhəsiz ki, həm də günah işlətmiş olurlar. Təsəvvür edin: belə bir üzdəniraq qələm əhli pul, mənfəət müqabilində, tnaımadığı, ya lap tanıdığı bir adam haqqında böhtan, təhqir və şər-şəbədəylə dolu məqalə yazıb onu aşağılayır və... elədiyindən zərrə qədər də vicdan əzabı çəkmir!.. Daha düşünmür ki, bu insanın ailəsi, çevrəsi var, özü üçün müəyyənləşdirdiyi dəyərlər sistemi, ünsiyyət dairəsi, dünyaduyumu var. Məncə, bu sayq cızma-qaraçıya çəkinmədən, "şərəfini və olan-qalan dəyərlərini itirmiş məxluq" da demək olar.
Başqa bir misal: hər-hansı bir jurnalist kimdənsə küllü miqdarda maliyyə alaraq növbəti riyakar sifariş yerinə yetirir. Ancaq bu dəfə haqqında yazacağı adamı yaxşı tanıyır, bilir ki o adam mərhəmətlidir, hər hansı bəd əməldən, cinayətdən-filandan uzaq insandır. Və həmin o adam, həmin o jurnalistə bircə çimdik də pislik etməyib, əksinə, dəfələrlə təmannasız yaxşılıqlar edib! Bütün bunlara baxmayaraq, killer-jurnalist öz qələmini itiləyib pul, qazanc, yaxud sahibinin tumarlı bir "malades"-i xatirinə həmin o yaxşı tanıdığı yaxşı və günahsız insanı irinli-kinli sözlər, təhqir, söyüş və şər-şəbədə atəşinə tutur. Bax, məhz belə məqamlarda Söz ölür. Söz sahibi ölür! Çünki belə "yazar", əməlinin nəticəsi olaraq, nəinki öz ləyaqətini, eyni zamanda, Allahın ona bəxş elədiyi istedadını da bilmərrə itirir!
Bu deyilənlər, eyni zamanda, SÖZə xəyanət edən, SÖZü merkantil maraqları naminə vasitə kimi istifadə edən ədəbiyyat camesinə, eləcə də bütün yazı-pozu adamlarına aiddir.
Şəxsiyyətini, məsuliyyətini, nəhayyət ləyaqət hissini öz xoşuyla itirmiş adam, artıq, adam deyil!
Körpə təbəssümütək təmiz, ana südü kimi pak olan müqəddəs SÖZə - Allahın əmanətinə yalan, kin-küdurət və nifrət qatıb da xəyanət edən "adam" - mənən ölüdür və ona heç rəhmət də düşmür!
Və təəssüf ki, bu gün belə "yazarlar", "jurnalistlər", yaxud "qələm əhli" itinə tök qədərdi!..
Eldəniz QULİYEV