Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Səsvermənin nəticələri Azərbaycan xalqının Sizin dövlətçiliyin möhkəmləndirilməsinə və ölkənin sosial-iqtisadi inkişafına istiqamətlənmiş siyasi kursunuza yüksək səviyyədə etimadının və dəstəyinin göstəricisidir. Əminəm ki, bu mühüm hadisə Azərbaycan Respublikasının gələcəkdə də inkişafına və onun vətəndaşlarının rifahının yüksəldilməsinə kömək edəcəkdir.
Türkmənistan ilə Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinin səmərəli xarakterini qeyd etmək sevindiricidir. Əminik ki, bu münasibətlər gələcəkdə də inkişaf edəcək və iki ölkənin xalqlarının rifahı naminə dərinləşəcəkdir. Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinə şəxsi diqqətinizə və böyük dəstəyinizə görə Sizə minnətdarlığımızı bildiririk.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət və dövlət başçısı vəzifəsində məsuliyyətli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
Qafqaz.Media