Sərhəddə döyüş: 100-ə yaxın Ukrayna əsgəri Rusiyanın bu vilayətinə girdi
Ukrayna diversiya qrupu çərşənbə axşamı, avqustun 6-da Kursk vilayətinin ərazisinə soxulmağa cəhd edib. Publika.az xəbər verir ki, bu məlumatı Ukrayna ilə həmsərhəd vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov təsdiqləyib. Eyni zamanda o, Ukrayna hərbçilərinin guya regionun sərhədini bir neçə yüz metr keçdiyi və orada döyüşlərin getdiyi barədə internetdə yayılan xəbərləri təkzib edib. “Sudjanski və Korenevski rayonlarından Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisinə soxulmaq cəhdləri barədə məlumat daxil olur. Rusiya FTX Sərhəd Xidmətinin və Rusiya Silahlı Qüvvələrinin əsgərləri sərhədin yarılmasının qarşısını alıblar”, - Smirnov bildirib. Eyni zamanda, “Mash” Telegram kanalının məlumatına görə, sərhəddə qarşıdurma davam edir. Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri (AFU) ən azı 20 əsgərini itirib, daha 50-yə yaxın əsgər isə yaralanıb.