Südabə Sərvinin "AĞRILARIN KÖLGƏSİ" tarixi sənədli romanı rus dilinə tərcümə olunur

13/07/2024 - 08:30

 

Əsərin qəhrəmanı yaxın illərə qədər yaşamış və 1918-ci ildə 7 yaşında o faciələri yaşamış doktor professor Fəxrəddin Türkellidir...  Qısa bir parçanı sizə təqdim edirəm. -Bəs  Alabaşın  taleyi necə oldu, doktor?- Soruşdu yazıçı. Gedib evinizi ziyarət etdinizmi?  -Getdim. Mən oraya Yarmət əmimlə, Tovuz bibimlə  düz bir il sonra səkkiz yaşımda getdim. Evimizi dağıdıb sonra da yandırmışdılar. O kürsülü, altı otaqlı evdən, ordakı dəm-dəsgahdan heç bir iz qalmamışdı. Həyət xarabalıq idi. Qonşunun biri dedi ki, ermənilər evinizi yandırandan sonra neçə gün tüstüləyirmiş. Heç yadımdan çıxmaz, bibim də, əmim də hönkür-hönkür ağladılar.  Bizə nəyisə xatırladan heç bir nişanə qalmamışdı. Təkcə Alabaş  doqqazın ağzında oturub yolumuzu gözləyirdi. Düz bir ilmiş gözləyirmiş. Məni görən kimi yerə yatıb ayağıma sarıldı. Sonra quyruğunu bulayıb qəribə baxışlarla üzümə baxdı. Sanki soruşurdu: hanı ev sahibləri? İndiyəcən  köpəyin mənə o cür baxmasını unuda bilmirəm. Ardını gətirə bilmədi. Yazıçı israr etmədi. -Heyvanlar çox sadiq olurlar. İnsanlardan daha çox etibarlıdırlar-dedi yazıçı. -Hə. İnsanlara çox bağlıdırlar. Qonşular sonradan mənə danışırdılar ki, o köpək gecə-gündüz doqqazın ağzında yatırmış. Nə qədər ediblər, ayrılmayıb ordan. Eləcə yatıb doqqazın ağzında. Biz qaçarkən babamın o vaxt köpəyə dediyi sözləri xatırladım: qayıt get ev-eşiyə, qapı-bacadan muğayat ol. Biz də Allah qoysa, dönəcəyik. Elə bil it o sözləri yadında saxlamışdı. Gözləyirdi babamgili. Yazıçı hədislərdən oxuduğu bir kəlamı xatırladı: ”Heyvanlar mənim dilsiz qullarımdır.”  -Bəs o ana inək necə oldu? İkicanlıydı. Həm də vaxtıydı.  Bilmədiniz? -Yox. Təəssüf ki, nə ölüsün gördük, nə də dirisini. Adamlar qorxularından gec döndülər kəndə. Bir neçə ay dağda-daşda, ətraf rayonlarda qalanlar da oldu. -Tövləniz dururdumu?  -Yox. Onu da yandırmışdılar. Deməyə dilim gəlmir, yəqin ki, boğaz inəyi də, bütün mal-qaranı da  yandırmışdılar... Onlar təkcə insanlara deyil, heyvanlara da zülm edirdilər.  Acı sükut çökdü ortaya. Yazıçı çox təsirlənmişdi. Onu üzən həm də bu-gün sabah doğacaq hamilə inəyin nisgilli taleyiydi. Boğaz inəyin tövlədə yandırılmasına şübhəsi yoxuydu. Erməni millətçiləri tək Şamaxıda deyil, qətl törətdikləri bir çox bölgələrdə, kəndlərdə, qəsəbələrdə nə qədər heyvanı tövlələrdə diri-diri yandırmamışdılarmı? Qarnında balası olan iinək evin kiçik xanımı, gözəllər gözəli Gülbutayla eyni taleyi yaşadılar...Hələ Sarıtel! Badam gözlü, sarı saçlı Sarıtel! Nə biləydi ki, onun vətəni Qarabağ çox illər sonra erməni daşnakları və havadarları tərəfindən işğal olunacaqdı, Xocalı qətliamı baş verəcəkdi... -Sarıtelin də taleyi niskilli oldu... -Hə. Çox gözəl bir at idi. Babam o atı çox sevirdi. İndiki kimi yadımdadır, atla insan kimi söhbət edirdi. İnanırsan? Heyif o günlərdən. -Deyirəm, doktor, sanki atın da taleyinə qaçqınçılıq və şəhid olmaq yazılmışdı.  Amma iki erməni quldurunu yaxşıca gəbərdib. -Hə qızım, elədir. Sağ olsun, türklər, onu basdırıblar. Mən sonradan gedib atın da məzarını ziyarət edirdim. O həyət-bacadan, doğma heyvanlardan mənə yadigar qalan təkcə Alabaş idi. Nə Sarı pişiyim vardı, nə çilli Mərcan xoruzum, nə hind toyuğum, nə də cücələrim. Heç biri yoxuydu. Hər gün Alabaşı  öpüb qucaqlayır, günümü onunla keçirirdim. Gecələr də yanımda yatırdı. Məni əmim Yarmət böyütdü. Əmim o həyətdə təzə ev tikdi. Ancaq əvvəlki evin, əvvəlki həyətin, əvvəlki uşaqlığımın dadı-tamı getmişdi. Yoxuydu. Mən uşaqkən artıq böyümüşdüm. Günümü Alabaşla keçirirdim. Mən ondan ata-anamın, nənəmin-babamın, gözümün qabağında süngüyə keçirilmiş körpə qardaşımın və heyvanlarımın iyini alırdım. Ta ki böyüyənə qədər.  Sonra Alabaş da qocaldı və gözümün qabağında öldü. Bu da mənə bir dərd oldu. Onu həyətimizdə basdırdım. Sonuncu doğmamı itirdim. Və birdəfələik çıxdım o qapıdan.

Südabə Sərvi

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18