TALESİZ SEVGİ
TALESİZ SEVGİ
/ Hekayə\
Bu qız onun həyatına girəndən yuxusu ərşə çəkildi.Sevgi haqqında heç vaxt düşünməmişdi Vüsal. Və günlərin birində kimisə sevəcəyini ağlına belə gətirmirdi. Şair Nüsrət Kəsəmənlinin " Sən demə təzədən sevmək olarmış" adlı şeirini oxuyub həmişə deyirdi. Əşşi bu da bir şair uydurması, şair təxəyyülü. İnsan bir dəfə sevə bilər. İkinci dəfə sevə bilməz. Özünün ilk sevgi oxu daşlara toxunmuşdu. Vüsal ilk sevgisindən sonra uzun müddət sevgi hisslərini ürəyinə yaxın buraxmamışdı. Ta ki, günlərin bir gününə qədər. Əvvəlcə nə olduğunu anlaya bilmirdi. Görəsən, “sevgi budurmu? Səni rahat yatmağa da qoymur, gecə-gündüz ancaq onun haqqında düşünürsən...” Onu bir toplantıda görmüşdü. Sifəti ağappaq sanki mərmərdi. Qapqara sivri qaşlarının altından qəhvəyi gözləri par-par parıldayırdı. İstədi qıza yaxınlaşsın. Amma ürək eləmirdi. Həyəcandan ürəyi dup-dup döyünürdü. Elə bil həyəcan selində boğulurdu. Qızsa ona fikir belə vermirdi. Qızın adı Elnaz idi. Vüsal internetdə qızı araşdırdı. Qız ali təhsilli müəllim idi. Kolleclərin birində dərs deyirdi. Həmişə zövqlə səliqəli geyinər, saçlarını səliqə ilə yığardı. Qızın atası tanınmış həkimdi. “Sən bir özünə bax, Vüsal. Nolsun ki, ali təhsilin var? Sən kasıbsan. İşləmirsən. Maaşın yoxdur. Eviniz də kasıbdır. O səni bəyənərmi?” Öyrəndi ki, qız ondan bir neçə yaş böyükdür, bir dəfə ailəli olub, ayrılıblar. Bu da Vüsalın ona qarşı məhəbbətini soyuda bilmədi. Nə olsun ki, ailəli olub? Başıaşağı, tərbiyəli qızdır. Nə olsun ki, mən subayam, heç vaxt ailə qurmamışam? Amma onunla bir ömür boyu yaşamağa hazıram.”
Nə etdisə ürəyini qıza aça bilmirdi. Oğlan onu dəlicəsinə sevirdi. Sadəcə hisslərini deyə bilmirdi. Qız artıq onu tanıyır, tədbirlərdə salamlaşırdılar. Bu isə Vüsala güc verir,onu ürəkli edirdi. Yuxusu ərşə çəkilmişdi. Qız onun üçün ilahi bir mələk idi. Onun xəyalıyla yatır, onun xəyalıyla da yuxudan dururdu. Arada şeir də yazırdı. Bütün şeirləri qıza həsr etmişdi. Bu qız onun üçün dünyanın ən gözəl qadınıydı. “İlahi, belə də gözəl olarmı” şeirini sanki ona həsr etmişdi şair.
-Bu qız məni də şair etdi. Şeir yazırdı, sosial şəbəkədə paylaşırdı. Bəzən də sevdiyinə həsr etdiyi şeirləri günlərlə eləcə qalırdı masanın üzərində. İstəyirdi qıza göndərsin, göndərə bilmirdi. “Ürəkli ol, Vüsal! Aç ürəyini. Sən subay oğlansan. Səni bəyənməyib kimi bəyənəcək? O da səni sevir. Sevməsə necə sənə gülümsəyib salam verər?” Axır ki, buzları sındırdı. Qızın telefon nömrəsini öyrənmişdi. Bir gün Vüsal ürəyini sevdiyi Elnaza açmaq qərarına gəldi. Neçə dəfə mesaj yazdı, sildi. Yazdı, sildi. Axır ki, özündə güc tapıb sevdiyinə mesaj göndərdi. Hələ ki, bir xətt idi telefonda. Demək ki, işdədir. Vüsalın gözü bütün günü telefonda qaldı. Aha. İki xətt oldu. Demək açıb vatsapı. Sonra iki qara xətt yaşıl göyə döndü. Oxuyub. Günlər keçirdi. Qızdan isə heç bir cavab gəlmirdi. Demək könlü var –düşünürdü Vüsal. Vüsal dözməyib onun işlədiyi kollecə tərəf getdi. Onun yolunu gözləyirdi. Budur gəlir. Vüsalın ürəyi şiddətlə çırpınırdı. Qız onu görüb duruxdu. Vüsal ona salam verdi. Qız yaxına gəlib dedi. -Bura bax, mesajını oxudum. Nə ürəklə mənə mesaj yazmısan, hə? Sən hara, mən hara? Əvvəla səndən böyüyəm. Bəlkə heç övladım da olmadı. Ərimdən buna görə ayrılmışam. -Mən səndən övlad istəmirəm. Mənə sənin sevgin lazımdır. -Səni heç vaxt sevə bilmərəm! Heç yerdə işləmirsən. Kasıbdan da kasıbsan. Bir özünə bax, bir də mənə də....Məni necə saxlayacaqsan?
Oğlan tutuldu. Yer-göy başına fırlandı. Heç nə demədən eləcə yaxınlıqdakı skamyanın üstündə oturdu. Sənə əcəb olur, Vüsal. Doğrudan da sən hara, o hara? Sən kasıb oğlansan, yorğanına görə ayağını uzat. Son vaxtlar eşidirdi, qız başqa hansısa imkanlı bir adamla danışır, əlaqə saxlayır. O cür zəngin adamı qoyub məni bəyənərmi? Demək deyilənlər düz imiş kasıbam deyə bəyənmir məni. Güclü ol, Vüsal! Doğrudan da sən hara, o hara? O gündən oğlan tamamilə dəyişdi. Qarşısına məqsəd qoyaraq işlədi, zəhmət çəkdi, qazancın yolunu tapdı. Bir gün eşitdi ki, qız bir xarici iş adamına ərə gedib. “Nə deyim. Xoşbəxt ol”-pıçıldadı. İlk vaxtlar çətin oldu. Nə edirdisə onu bir dəqiqə də yadından çıxara bilmirdi. Könlünü yazmaqla ovudurdu.
Sonra o da unutdu. Aradan üç il keçdi. Oğlan artıq tanınmış şair kimi şöhrət qazandı. Onu xarici ölkələrə
dəvət edirdilər. Bir gün onu İstanbula kitab sərgisinə dəvət etdilər. Kitablarını götürüb sərgiyə apardı. Kitabları çox böyük uğur qazandı. Xüsusən “Talesiz sevgi” kitabı. Vüsala söz verdilər. O çıxış etdi: -Əziz dostlar! Sizinlə görüşə ürəyimi gətirmişəm. Bu kitabımın adı “Talesiz sevgi”dir. Deyəcəksiniz ki, talesiz də sevgi olarmı? Bəli. Olur. Mən bunu öz həyatımda yaşadım. Mən bəyəndim, o məni bəyənmədi. Sizlər var olun! Xoşbəxt olun. Həyatda sevginizi qazanın. İstəyirəm ki, sizə "Talesiz sevgi" adlı kitabımdan eyni adlı şeirimi oxuyum.
Talesiz sevgi
Bəxtimin bu qara yazısına mən,
Çox nifrət elədim acısına mən,
Uğradım hicranın qəzasına mən,
Mən də bir talesiz sevgi yaşadım!
Gördüm bürküsünü, gördüm sazağın,
Qurudu ağızda dil və dodağım,
Yad əllə ömrümdə söndü çırağım,
Mən də bir talesiz sevgi yaşadım!
Dünənin xoşbəxti, bu gün də bədbəxt,
Olurmuş, olmurmuş əbədi xoşbəxt,
Qopdu həyatımda tufan, qiyamət,
Mən də bir talesiz sevgi yaşadım!
Havanın da halı bir anda döndü,
Elə bil kainat yer üstə çökdü,
Səma da halıma göz yaşı tökdü,
Mən də bir talesiz sevgi yaşadım!
Sevgimin tavanı uçdu başıma,
Qasırğa çıxmışdı sanki qarşıma,
Tüpürdüm bəxtimə, belə yaşama,
Mən də bir talesiz sevgi yaşadım!
Düşmən şəkilində gəldi ayrılıq,
Bəxtimin saçını yoldu ayrılıq,
Nəhayət ki, qalib gəldi ayrılıq,
Mən də bir talesiz sevgi yaşadım!
Bu vaxt kənarda dayanmış cavan bir qadın diqqətini çəkdi. Qadın ağlayırdı. Vüsal ona yaxınlaşdı və donub qaldı. Bu illər öncə onu bəyənməyib bir iş adamına ərə gedən həmin qadındı. Başına gələnləri danışdı Vüsala. Heç demə İngiltərədə yaşayan iş adamı ailəli imiş, məni aldadıb. Bu olsa dərd yarıdır. Mənə zülm edirdi, döyürdü, məni ac-susuz saxlayırdı. Bir sözlə, göz verirdi, işıq vermirdi. Axır ki, birtəhər canımı götürüb Türkiyəyə gəldim. Utandığımdan Bakıya da gedə bilmirəm. Burda iş tapmışam. Kirayədə qalıram. Bağışla məni, Vüsal! O vaxt sənə kasıb dedim, amma kasıb olan mənəm ki, insanları tanıya bilmədim. Başım əhlət daşına dəyəndən sonra bir şeyi də yaxşı dərk elədim ki, insanın maddi sarıdan kasıb olmağı ayıb deyilmiş. Ayıb insanın mənəvi cəhətdən kasıb olmağı imiş. Vüsal Elnazın son sözlərinə heç nə demədən gülümsündü. O artıq Elnazın pərt olduğunu ağlamaqdan şişmiş gözlərindən, solmuş bənizindən sezmişdi. Bir zaman özünü məğlub kimi hiss edən Vüsal amma indi özünü qalib sanırdı. Vaxtilə sevdiyi qız Elnaz onu necə pərt eləmişdisə həyat da onu sillələri ilə cəzasız qoymamışdı. Əbəs yerə deməyiblər ki, "Həyat bir "bumeranq" kimidir. Etdiyiniz, söylədiyiniz hər şey dönüb dolaşıb yenə sizə gələr. Bəzən həmin an, bəzən də illər sonra. Ona görə də, bu anda söylədiyiniz və etdiyiniz şeylərə diqqət edin! Çünki onlar, geri sizə dönmək üzrə yola çıxdılar belə..."
Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı
https://youtu.be/dyXIR388gGY?si=1Z8QsTsLmiHuZGpE
Qafqaz.Media