Ürək cavandır hələ...

16/04/2024 - 10:30

                                                                          
       Olur ki, biz media işçiləri sözdən israfçılıqla istifadə edirik. Qəhrəmanımıza layiq olduğundan artıq don geydiririk. Hesab edirəm ki, belə də hörmətli oxucularımız bizdən çox vaxt incik düşür.
        Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev haqqında bu qeydləri gecənin  bir aləmində qeydə almağa başlayanda, nədənsə, ilk xatırladığım bunlar oldu. Görəsən 68 illik ömrünün demək olar ki, yarım əsrdən çoxunu Teatr sahəsinə həsr etmiş bu yüksək ziyalının ömür yoluna işıq sala biləcəyəmmi?
        Zəngin həyat yolu keçmiş Əliqismət müəllim çox, olduqca maraqlı bir müsahibdir. Onun söhbətlərinin cazibəsindən çıxmaq olmur. Aydın diksiya, məntiqi fikirlər, ən başlıcası sifətindəki xoş aura bu cazibəni daha da artırır. 
Onu saatlarla dinləmək istəyirsən...
        Onu dinləyə-dinləyə fikirləşirəm: Görəsən Əliqismət müəllim mədəniyyət sahəsini deyil, digər bir sahəni seçsəydi, necə olardı?!
Məsələn, yaxşı  bir həkim, yaxud çox bacarıqlı bir mühəndis... Yox, Əliqismət müəllim elə 50 ildən çox təmsil elədiyi mədəniyyət sahəsi üçün yaranıb və nə  yaxşı da ki, belə olub. 
        Əliqismət müəllimin ömür yolu çox maraqlıdır. Mədəniyyətin daha çox inkişaf elədiyi, bunun üçün yaxşı şərait olduğu mərkəzdə deyil, əyalətdə - Salyan rayonunda  dünyaya göz açıb. Ailələri rayonun tanınmış ailələrindən olub. Bu ailədə böyüyən 6 uşaqdan biri olub Əliqismət Lalayev. 
        Əliqismət Lalayev ilk əmək fəaliyyətinə - erkən yaşlarından klub müdiri kimi başlayıb. 
Bəli, bu onu böyük sənətə aparan ilk başlanğıcı olub. Amma təbii ki, bu sənət yanğısı ilə yaşayan Əliqismət müəllim üçün kiçik bir təsəlli idi. Qarşıda isə onu daha qaynar bir sənət yolu gözləyirdi.
        1975 - ci ildə Əliqismət Lalayev Azərbaycan Dövlət İncəsənət İnstitunun rejissorluq fakültəsinin tələbəlik adını daşımağa başlayır. Ali məktəb auditoriyası, tanınmış sənətçilərlə gündəlik təmaslar, sevimli müəllimlər. Tələbə Əliqsmət Lalayev arzuladığı bir aləmə düşmüşdü.  Necə deyərlər, bu mühitdə bişmirsənsə, bacarığını ortaya qoya bilmirsənsə, günahkar özünsən.
Bu sənət ocağının cazibəsinə düşən Əliqismət Lalayev bir də onda ayıldı ki, beş illik tələbə həyatına əlvida deməyin vaxtıdır. 
       Və fərqlənmə diplomla məzun kimi təyinatla qədim Naxçıvana yola düşdü. İlk dəfə qədəm basdığı qədim Naxçıvan torpağı Əliqismət Lalayev üçün doğma bir məkana çevrildi.  Nə az, nə çox düz 8 il bu torpağın havasını uddu, suyunu içdi, çörəyini yedi. Bölgənin sənət adamları ilə qaynayıb qarışdı. Naxçıvan MR-ın Mədəniyyət Nazirliyində çalışdığı bu illər onun gələcək karyerasında mühüm rol oynadı. 
       Naxçıvandan sonra doğulub - boya - başa çatdığı - rayona Salyana qayıdan Əliqismət Lalayev rayon Mədəniyyət şöbəsinə rəhbərlik etməyə başladı. Rayonda Əliqismət müəllimi yaxşı tanıyırdılar, istedadına yaxşı bələd idilər. Və Əliqismət Lalayevin gəlişi ilə Salyan rayonunda mədəniyyət sahəsində ciddi dönüş yarandı, mədəniyyət müəssələrinin fəaliyyəti  canlandı.
       Mədəniyyət işinin vurğunu Əliqismət Lalayev işindən zövq alırdı. Onun rəhbərliyi altında hazırlanan musiqi tədbirləri rayon əhalisini razı salırdı. 
        Ancaq bir gün bu işlə də vidalaşmaq lazım gəldi. Əliqismət müəllimi mərkəzə dəvət edirdilər. 1993-cü ildə Bakıya gələn Əliqismət Lalayevi Azərbaycan Dövlət Filarmoniyasına direktor müavini vəzifəsinə təyin etdilər. Əliqismət müəllimin qarşısında geniş üfüqlər açılmışdı. Ölkədə keçirilən bütün mədəni- kütləvi tədbirlərin əsas ağırlığı Azərbaycan Dövlət Flarmoniyasının o cümlədən Əliqismət Lalayevin üzərinə düşürdü. Ona inanırdılar, ona güvənirdilər. Cəmi 2 il sonra o, respublika Mədəniyyət Nazirliyində daha məsul bir vəzifəyə İncəsənət Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olundu. 
Məhz, həmin ildən başlayaraq Azərbaycan Mədəniyyətinin bir çox xarici ölkələrdə təbliğində onun əvəzsiz xidmətləri vardır. Beləki Amerika, Avstriya, Almaniya, Misir, Səudiyyə Ərəbistanı, Ukrayna, Türkiyə kimi ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərinin təşkilinin əsas təşkilatçısı Əlqismət Lalayev olur. 
         Artıq 15 ildən çoxdur ki, Əliqismət Lalayev Azərbaycan Dövlət Akademik Musiqili Teatrına rəhbərlik edir.Azərbaycan Teatr Xadimlərinin İttifaqının, Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Əliqismət müəllim bu gün də böyük coşqu və həvəslə xalqımıza xidmət edir. 
         Fəxri Mədəniyyət işçisi Əliqismət müəllimin qurub - yaratmaq əzmi bu gün də  çox yüksəkdir. Ürək cavandır hələ.
Qoy həmişə belə olsun, Əliqismət müəllim!!!

Hazırladı: Fuad BİLƏSUVARLI, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı

Qafqaz.Media

 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18