Fərəc müəllimin işığına yığışmışdıq... - Zümrüd Dadaşzadə yazır
Fərəc Qarayev şərəfinə konsertlər silsiləsi bu gün çox gözəl və isti bir gecə ilə - Muzeydə - sona çatdı. Fərəc müəllimin işığına yığışmışdıq. Hər birimizə onun nurlu enerjisindən pay düşdü. Aprelin 24-də Ustadın səsini də eşitdik. O, bəzi düşüncələri ilə bölüşdü. Gecədə səslənən əsərlər haqqında danışdı - İkinci Piano sonatası, Malheur me bat - soprano və gitara üçün, Postludio I haqqında. Sonata - 1967-ci ildə bəstələnib. F.Qarayev lap gənc idi, amma bu əsərdə artıq onun siması, zövqü, axtarışlarının istiqaməti özünü göstərir. Hər yeni əsər isə sanki əvvəlkinin inkarı idi. Daim yeni sahillərə doğru üz tutur bəstəkar... Bu da onun ruhca çox gənc olmasına - sonucda - səbəb olur. Postludio kədər aşılanmış bir dalğaya köklədi. 4-cü oktavada "a" səsinin təkrarı ilə başlanan - sanki - qeybdən bir səs - bu kompozisiya o qədər emosiyalarla zəngin! Hər səs, hər ibarə sanki adamın qəlbinə nüfuz edib, çox qəmli və işıqlı duyğular oyadırdı. Qəlbin ən incə tellərinə toxunurdu. Kompozisiyanın sonuna doğru isə Qriqin "Mən o qızı tanıyıram" pyesinin qəfil peyda olması təlatüm hissini gücləndirir... Yeri gəlmişkən, F.Qarayev - sevimli bəstəkarlar haqqında danışmağı sevmir - amma hər halda üçünün adını çəkdi: Qriq, Ravel və Berq...
Onunla çağdaş musiqinin bəzi problemlərini də müzakirə etdik. Hər musiqi yazan adam - bəstəkar adlandırıla bilməz. Bu gün bəzi bəstəçilər nə isə quraşdırmaqda ustadırlar - gözəl annotasiyalar da əsərlərinə yaza bilərlər. Amma axı "kral çılpaqdır"... Musiqinin təbiətindən çıxış etmək gərək... o opuslarda isə heçlik... Sonda Fərəc müəllim öz dinləyicilərinə təşəkkürünü bildirdi - dedi ki, ən əsası- konsertlərə gəlsinlər, özləri ilə də 2-3 nəfər gətirsinlər... Fərəc müəllimə " sağ ol!" yox, "gələn görüşlərədək" - deyirik. Çox və sağlam yaşayın, ustad!
P.S. İfaçılara təşəkkür - möhtəşəm idiniz. Rəna Fəhradova, Humay Qasımzadə, Fəridə Məmmədova və Raul Hüseynov...
P.S.P.S, Fərəc müəllimin musiqini dinləmək tərzi də bir başqa...
Zümrüd Dadaşzadə, musiqişünas, BMA-nın professoru, Əməkdar İncəsənət Xadimi