"Qələmsiz yazılanlar" - Rəşad Məcidin status-esseləri

04/05/2024 - 07:35

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Ənvər Əhməd Qarabağ sevgisiylə nəfəs alan gözəl şair, dəyərli alim, vətənpərvər insan idi.

Allah rəhmət eləsin!

***

"Qara siyahı" ilə "Diriliş Ərtoğrul" arasında min il fərq var...

***

 Telefon nömrəsi adam haqqında təsəvvür yaradır; sadə, təvazökar, ədabaz, yekəxana və sair... və ilaxır...

***

Qripin belə hörmətə mindiyi dövran olmamışdı...

***

Deyir, pul, adətən, onu sonradan görənləri çaşdırır. Düz deyir?

***

İTV-nin "Ötən günlər" verilişinin Mirzə Ələsgər Növrəsə həsr olunmuş sayı çox təqdirəlayiq, maarifləndirici və lazımlı idi. İştirakçıların içdən, ürəkdən danışığı, məlumatlılığı rəğbət doğururdu. Növrəs nəslinin davamçılarının ulu babalarına ehtiramı xüsusi diqqət çəkirdi. Həm İlqar

Fəhminin, həm muğam ustası Aqil Məlikovun fikirləri, xüsusən filologiya üzrə elmlər doktoru Raqub Kərimovun 19-cu əsr Qarabağ mühiti, Şuşanın mədəni həyatı və Mirzə Ələsgər Növrəs haqqında zəngin biliyi verilişin sanbalını artırırdı. Aparıcılar - Nailə xanım İslamzadə və Saleh Bağırovun da mövzuya bələdliyi açıq görünürdü. Belə səviyyəli və vacib verilişin araya-ərsəyə gəlməsində əziyyəti olan bütün insanlara sonsuz təşəkkür düşür.

***

Avropada "Yunis" qasırğası...

***

Qaragüruhun əsiri olanlar, zövqünü oxşayanlar...

***

Bazar günü atla şəkil paylaşanlar çoxalıb.

At sürmək arzusu nədən yaranır, görəsən? Sivilizasiyadan bezməkdən, ya keçmişə xiffətdən?

***

"Zərbxana" sözünü eşitməyib, intellektual oyuna çıxır...

Tamaşaçılar da ondan betər.

***

Bilik həm də rəğbət yaradır...

***

Adi sözləri düz yaza bilmir, siyasi bəyanat verir.

***

Putin bu basabasda Paşinyanı danlamağı da unutmadı...

***

Müharibəyə bərabər çıxış...

***

Rusiyanın axırı nə təhər və necə olacaq, bu, gələcəyin işidir. Biz indiki qəliz prosesdən maksimum az itkiylə çıxmalıyıq...

***

Təvazökar istedadlar daha çox uğur qazanırlar. Sakit-sakit, asta-asta yola davam edib, sonda məqsədlərinə çatırlar...

***

Dil topuq vurdusa, danışdıqlarına əmin deyilsən...

***

İndi bizim təəccüblənən vaxtımız deyil...

***

Minnətdarlıq duyğusu, vəfa, etibar gözəl keyfiyyətlərdir.

***

Ekstremal məqamda soyuqqanlı qərar qəbul etmək bacarığı liderlərə və siyasətçilərə xasdır. Qurban Qurbanovu həmişə təmkinli və soyuqqanlı görmüşük. Amma bir-iki dəfə göz yaşlarını saxlaya bilmədiyinin də şahidi olmuşuq.

"Marsel"ə vurulan qolun qaydalardan kənar olduğunu etiraf edən oyunçunun tərəfini saxlayıb ədalətli qərar qəbul etməsi müzakirəyə çevrildi və uzun müddət yaddaşlarda qalacaq, polemikalar bitməyəcək. Bu qərarıyla Qurban həm də məğlubiyyətin məyusluğunu arxa plana keçirdi...

***

Belə çıxır ki, artıq dünyada heç nə təbii baş vermir. Bütün proseslər əvvəlcədən proqramlaşdırılmış, yazılmış, idarə edilən, gedişatı və sonu əvvəlcədən bəlli olan hadisələrdir.

***

Rusiyanı kənar qüvvələr bu günə qoya bilməzdi; özü-özünə elədi.

"İnsanın özü-özünə elədiyini, el yığışsa edə bilməz" - məsəli lap yerinə düşür, təsdiqini tapır.

***

Od kimi olun; isti, gur, qədim və həmişə təzə...

***

Əlac ona qalıb ki, Rusiya özü NATO-ya üzv olmaq üçün müraciət etsin...

***

Həqiqətin çox üzü var.

Əsl həqiqət sənin inandığındır, ya da nəyə inanırsansa, həqiqət odur.

***

Bir adamın hikkəsi bir ölkəni viran qoyur...

***

Bayden "Ukrayna" əvəzinə "İran" deyib. Lap Brejnev "Əfqanıstan" dediyi kimi...

***

Azərbaycan Yazıçılar Birliyində Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi ilə bağlı yazıçı-publisist Mustafa Çəmənlinin tərtib etdiyi "Əbədiyyət yolçusu" kitabının təqdimatına yığışdıq.

Hörmətli alimlərin, o cümlədən, professor Vilayət Quliyevin çıxışları böyük maraqla qarşılandı. Vilayət müəllim Ə.Haqverdiyevin diplomatik fəaliyyətindən geniş söhbət açdı və onun o vaxtkı Dağlı Respublikasında Azərbaycanın nümayəndəsi kimi çalışdığı Buynaks (keçmiş Teymurxanşura) şəhərindəki binada xatirə lövhəsinin açılması təklifini irəli sürdü.

Gələcəkdə böyük yazıçının yubileyinin Qarabağda, Şuşada keçirilməsi arzularımızı da dilə gətirdik.

***

Kimin ağlına nə gəlir danışır...

***

Ölkəsini sevən adam onun bu günə düşməsinə imkan verməzdi!

Hansı yöndən baxırsan bax, necə təhlil edirsən et, bu qənaətə gəlirsən.

Heyif Ukraynadan, heyif belə məsum xalqdan...

***

Yaşamaqdan doyanlar...

***

 Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevanın təşəbbüsü ilə Xətai Sənət Mərkəzində "Mismarlar incəsənətin keşiyində" adlı maraqlı bir sərgidə iştirak etdik. Aytən Əliyevanın orijinal tətbiqi sənət nümunələri göz oxşayırdı.

Çıxış edib təəssüratımı bölüşdüm və tədbirdə iştirak edən çoxsaylı gözəl xanımları yaxınlaşan Qadınlar günü münasibətilə təbrik etdim.

***

"Rusiya Ukraynada sükut elan edib".

İki qardaş xalq arasında bu cür nifrət toxumu səpəndən, düşmənçilik yaradandan, illərlə yeri sızıldayacaq yaralar vurandan sonra ancaq susmaq olar.

Dərin bir sükut lazımdır - soyuqqanlı düşünmək üçün...

***

Bu gün ölkəmizdə qürur duyulası Qadınlar çoxdur. Ağlına gələnlərin, ağlından keçənlərin, yaxın və uzaqların, doğma və yadların, tanıdıqlarının və tanımadıqlarının adlarını çəkməyə çalışsan, uzun bir siyahı alınar.

Ən yaxşısı, bütün Qadınları ürəkdən təbrik etməkdir.

Xoşbəxt olun!

Sevimli olun!

Dünya ürəyinizcə olsun!

***

Deyir, qadınlar qocalmağa qoymur...

***

 "Əlinizdən telefon düşməsin!"

Qarğışdır, ya alqış?..

***

Bu sadə, məsum ukraynalının günahı nəydi ki? Kiminsə ambisiyasına niyə qurban getməliydi ki?

***

Tələsik qərar peşmançılıq yaradır...

***

Politoloq Elxan Şükürlü Putin-Bayden, ABŞ-Rusiya münasibətləri barədə çox maraqlı, düşündürücü təhlil yazıb.

Baydenin oğlunun Ukraynada biznes fəaliyyətinin olması barədə məlumatların araşdırılması isə daha dərin düşüncələrə yol aça bilər.

İndi bir çox profillərin statuslarını görən kimi, bilirsən nə yazacaq, hansı dəyirmana su tökəcək. Amma Elxan Şükürlü elə deyil, axına qoşulmur, öz fərqli düşüncələrini, həm də acı həqiqətləri yazır.

***

Nə qədər kədərli olsa da, Ukraynanın bu halına sevinənlər, müharibənin qızışmasından vəcdə gələnlər var...

***

"Əlinin duzu yoxdur" deyiləndə ağlınıza nə gəlir?

***

Politoloq Eldar Namazovun İTV kanalında yayımlanan "Aydınlıq" verilişi öz səviyyəsi ilə seçilir. Müəllifin dünyada gedən prosesləri pafossuz, emosiyasız, soyuqqanlı və obyektiv təhlili tərəddüdlü düşüncələrə həqiqət işığı salır, həqiqi Aydınlıq yaradır.

Diqqətlə izləməyi tövsiyə edirəm.

***

Dünyanın gözü Antalyada olacaq bu günlər...

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Narınc yuxular
07/05/2024 - 10:10
Yıldız Tilbe qəzaya düşdü
04/05/2024 - 04:49