Narınc yuxular
NƏSR
Özünü tanıyandan xəyallarla nəfəs alırdı. Sevdiyi adamla ilk görüş film kimi olacaqdı. Qəfildən üz-üzə gələcəkdilər. Qızın kitabı yerə düşəcək, oğlan da tez kitabı qaldırıb ona verəcək və dinib-danışmadan yanaşı yol gedəcəkdilər. Arabir qızın çiyinlərinin titrəməsi hisslərinin ürkək ifadəsi olacaqdı. Axı söhbət sükutun gözəlliyini pozur. Sükutda dinləyəcək, hiss edəcək, həzz alacaq o qədər gözəl şeylər var ki. Sükutun söyləyəcəyini bir dastanlıq söz də əvəz edə bilməz. Sükutun rəngləri bir başqadır...
Beləcə, sükutun rəngləri içində yol gedəcəkdilər, onun sevdiyi narıncı rəngin yağışına tutulacaqdılar. Narıncı rəngi çox sevirdi, atası zarafatla deyirdi ki, gərək sən narıncı bayraqlı Niderlandda doğulardın.
Atasını hüznlə xatırlayırdı. Ona yaxın olan tək adamı. Atası heç nə deməsəydi belə, onu başa düşdüyünü hiss edirdi. Qızının dinməzliyini, komplekslərini, yad adamların içində özünü itirib əllərini hara qoyacağını belə bilməməsini...
Keçdiyi yollar xəyallarının yükünü daşıyırdı. Çünki illər keçdikcə xəyalları yükə dönüb ona əziyyət verirdi. Bir gün bu yükü atacağından qorxurdu, yaman qorxurdu.
***
– Xanım, bu şlyapa sizindir?
Dönüb baxdı. Qonur gözlü bir adamdı. Atasının da gözləri qonur idi. Bəlkə, ona görə adam ona çox doğma gəldi.
– Şlyapa sizindir?
Oğlanın əlinə baxdı, sonra qeyri-ixtiyari əlini başına atdı.
– Ay aman... Mənimdir... Hardan tapdınız? Küləkmi aparıb?
Oğlan gülümsədi:
– Mən sizin arxanızca gəlirdim, küləyin sizin şlyapanızı uçurduğunu görəndə düşdüm dalınca, şükür ki, tuta bildim... Yoxsa...
– Yoxsa...
– Yoxsa belə gözəl xanım bu cür havada şlyapasız qalacaqdı...
Utandı. Qızardı. Və ağlına ilk gələn sözü söylədi:
– Bakının küləyindən də olmaya...
– Sizə bir söz deyim?
– Bəli...
– Mən bu küləyi sevdim...
– ...
– Mən bu küləyi sevdim, -oğlan təkrar edib əlindəki şlyapaya baxdı, elə bil sevgisini şlyapaya izhar edirdi. Amma o bilirdi, bu oğlan sevgisini kimə və niyə izhar edir.
Bəzən gözlənilməyən bir fəlakət ardınca elə gözəl şeylər gətirir ki... Heç gözlənilməyən anda... Adam yenə danışdı. Qız da düşündü ki, görəsən, ürəyinin döyüntülərini ölçsələr, neçə olar?
Sonra yanaşı getdilər. Narıncı sonsuzluğa doğru. Bu sonsuzluqda yaşadılar, yaşlandılar. Bir narıncı xoşbəxtliyi o götürdü, birini bu götürdü… Elə bil inanclı xaç suyuna çəkilən kimi, biri bunları narıncı xoşbəxtliyə çəkdi.
***
– Aman, bu əməliyyat nə yaman uzandı... Özü də təhlükəli yerdədi, boyun damarının yanında. Zərrə qədər ehtiyatsızlıq etsək, qanaxmanı saxlamaq olmayacaq.
– Doktor, bəlkə, boyunun bu tərəfindən müdaxilə edəsiz?
– Olmur, assistent, olmur... Xəstə, özünüzü necə hiss edirsiz?
– Yaxşı... Yuxu görürdüm... Narıncı...
– Narıncı yuxu? İlk dəfədir eşidirəm. Özünüzü narahat hiss etmirsiz ki?
– Yox, yox.
– Bir balaca dözün, bu, kiçik əməliyyatdır, görürsünüz, heç narkoz da verməmişik. Bizə boyundakı limfa düyünündən lap kiçik bir parça lazımdır- biopsiyə vermək üçün. Şişin xarakterini öyrənməliyik. Hmm… Zəhrimara qalsın...
– Doktor, sizin işinizi uzaqdan anlamaq olmur. Amma çox çətinmiş…
– Çətin də sözdür? Bütün zərbələr də ən çox həkimə dəyir. İndi bir balaca əlim sürüşsə, vay halımıza. Son dərəcə diqqətli olmaq lazımdır. Tibb bacısı, pinseti verin.
Üç nəfərin-həkimin, assistentin və tibb bacısının haray-həşirlə kiçik şişin üstünə düşməsi o narıncı yuxunun yanında önəmsiz göründü. Eheyy, o dağları görmüsüz-narıncı dağları? Onların yanında bu şiş nədir ki? Bəsdirin, siz Allah. Boş verin. Şişdir də, öz həyatını yaşasın. Bəlkə, onun da arzu-kamı var...
– Xəstə, özünüzü necə hiss edirsiz?
– Yaxşıyam, doktor. Yuxu görürdüm. Narıncı…
– Bir az səbirli olun, az qalıb.
– Eynəyimdən nigaranam... Heyif ki, çıxarmalı oldum.
– Narahat olmayın, eynək bizdədir, əməliyyatdan sonra verəcəyik. Həm eynək indi sizin nəyinizə lazımdır?
– Öyrəşmişəm, doktor. Gözümdə olanda özümü rahat hiss edirəm.
– İndi narahatsız? Ürəyiniz sıxılmır?
– Yox, yox, narıncı yuxular məni sıxılmağa qoymur.
Doktor əməliyyat otağında eynəyini tələb edən xəstənin narıncı yuxu görməsini normal hesab etdiyindən daha heç nə soruşmadı.
– Tibb bacısı, pinset. Zəhrimara qalsın. Çıxmır ki. Aman Allah!
– Doktor, bəlkə, bu tərəfdən müdaxilə edəsiz...
– Onu da sınaqdan keçirim, görək nə olur.
Yavaş-yavaş gərilməyə başlayırdı. Gözlərini yumub özünü narıncı rəngin boşluğuna buraxdı. “Narıncı Niderland, narıncı futbol komandası, narıncı köynəkli futbolçulara azarkeşlik edən atam… Narıncı rəngin enerjisi, sevinci və xoşbəxtliyi… Həmişə düşünmüşəm ki, narıncı geyim üzümün qarayanızlığını gizləyir, daha gözəl göstərir məni. Ay aman, axı mən niyə gözəl doğulmadım? Bəlkə də, gözəl olsaydım, bu şiş qıymazdı mənə. Qoyardı öz ömrümü yaşayım. Öz kəpənək, öz qarışqa ömrümü yaşayım. Bəlkə, bu naxələf şişə üz tutum, dərdləşim onunla? Həmişə onu görməzdən gəlmişəm, dərdimi deməmişəm. soruşmamışam ki, niyə mənim həyatımı məhv etdin, oğul-uşaq üzünə həsrət qoydun?.. Həkim “əgər ana olsan, öləcəksən” dediyi anın ağırlığına ürək tab gətirər? Bəlkə də, o vaxt üzümü tutub desəydim ki, Allahın verdiyi quruca canımda nə tapmısan ki, əl çəkmirsən məndən. Allah da küsüb, sən küsmürsən. Ay şiş, açıl boynumdan, vallah, səninlə sevincimi-kədərimi bölməkdən yorulmuşam. İndi ki belə oldu... Bax, mən sənə inad, uzun ömür yaşayacam, 60, 70, 80… yox, lap 90 il yaşayacam və səni xatırlayanda qəhqəhə çəkəcəm... Hə, qəhqəhə çəkəcəm... Mən səni...”
– Şükür! Xəta-bəlasız şişdən kiçik bir parça götürə bildim.
– Ura, doktor, təbriklər! Sizinlə işləməkdən qürur duydum.
– Sağ ol, assistent.
– Dedim də, alınacaq.
– Hə. Çox həssas işdir, bir balaca oyan-buyan olsaydı, xəstəni qan aparacaqdı. Xəstə, siz yaxşısız?
– Bəli, yaxşıyam…
– Yenə o yuxunu... hmm… narıncı yuxunu görürsüz?
– Artıq görmürəm.
– Niyə?
– Görmək istəmirəm çünki.
Həkim eynəyinin altından xəstəyə nəzər saldı, qorxulu bir şey olmadığına əmin olandan sonra son tapşırıqlarını verib, otaqdan çıxdı. Yara tikildikdən sonra o da durdu, pijamasını ağır-ağır geyindi, eynəyini taxdı və birdən hönkürüb ağlamaq istədi.
***
Sonrakı günlərdə ağır və yorucu müalicə dönəmi başladı. Maddi və mənəvi ağrılara mətanətlə sinə gərdi, çünki başqa yolu da yox idi. Bir şəkildə çıxmalıydı bu vəziyyətdən. Həm özünə söz vermişdi. Daha doğrusu, özünə yox, onu bu hala salan naxələf şişə söz vermişdi, onu bədəninin içində ram edib axırına çıxacaq və əsla təslim olmayacaqdı.
Saçlarını yellər aparanda (kimyaterapiyanın qurbanı olanda) da dözdü. Bir də ki, saçları xəstəliyin təsirindən onsuz da zəifləmişdi, cansız olmuşdu, yerinə təzə, qüvvətli tüklər gələcəkdi. Sağlam, qapqara saçlar. Həm də xəyal qurmaq üçün yeni arzuları doğmuşdu: “Saçlarım gələcək, onları darayacağam, hörəcəyəm, bax, bu sancağı da taxacağam. Qoy gözümün qabağında dursun, baxanda təsəlli tapmaq üçün”.
Həm də ki, çoxdandır uzun saçların xəyalını qururdu. Lap vaxtıdır. Gözəl pariklər satılır, gerçəyindən seçilmir, həm də uzun... Onlardan birini alaram. Yəhudilər deyir ki, hətta ən pis vəziyyətdən də faydalı bir şey qazanmaq olar.
Təzə parik sifət quruluşunu dəyişmişdi, onu olduğundan gözəl göstərirdi. Adamların maraq dolu baxışları qənaətini doğrultdu. İşdə onu tanıya bilməyənlərə isə tanış mimikalarla özünü nişan verməyə çalışdı, alınmayanda da gülümsəyib keçdi. Evə qayıtmaq üçün avtobus dayanacağına gedərkən onu görənlərin çaşqın və fikirli baxışlarını düşündü.
Saçlarını külək yelləyirdi, sonra bir anlıq parikin altlığı yerində oynadı, amma rezini bərkitmişdi, təhlükə yox idi.
Sənin olmayan saçlarla da küləyə qarşı getmək olar. Küləyə inad, həyata inad, bunları sənin həyatına soxmuş naxələf şişə inad...
Hər şey qəfil oldu. Taxma saçları başından çıxdı, azadlığa can atan quş kimi öz yuvasından uçdu. Hər şey elə ani oldu ki, o geri çevriləndə saçların küləyin dirijorluğuyla qəribə bir ritmdə süzərək uzaqlaşdığını gördü.
Sonra öləziyən ümidlə əlini başına çəkdi. Amma əlinin hissiyyatı ona çirkin həqiqəti dedi.
Sonra ətrafa baxdı. İnsanlar ağır kadrlardakı kimi irəli-geri gedir, bəzisi ona baxır, bəzisi gözlərini bərəldir, bəzisi isə çaşqın-çaşqın gülürdü. Hər şeyin gec olduğunu anlasa da, gödəkçənin papağını başına keçirdi.
– Xanım, bu sizindir?
Əlində pariki tutmuş oğlan qaçaraq ona yaxınlaşdı.
Gözlərini yayındırmağa çalışaraq:
– Mənimdir, – dedi.
Oğlan pırtlaşıb kol-kosa oxşayan pariki onun əlinə verdi. Bu oğlan narıncı xəyallarından ona tanış olan, şlyapanı küləyin əlindən dartıb qoparan və müzəffər döyüşçü kimi ona gətirən adama heç bənzəmirdi. Bəlkə də, tale onun xəyallarını lağa qoymuşdu?..
Pariki alıb əlini üstündə gəzdirdi. Elə bil yolunda getməyən nələrisə hamarlayıb düz yola salacaqdı. Görəsən, parikin uçduğunu görən adamlar hələ yan-yörədədirlər? Görəsən, keçib gediblərmi? Yoxsa onun sirrini bilən adamlar hələ ətrafında qalıb?
Bəs maşınlar? Yəqin ki, maşındakı adamlar da gördü. Görəsən, həmin maşınlar ötüb keçdilərmi? Görəsən, maşındakı adamlar hələ də ona baxıb gülürlər? Bəlkə də heç gülmürlər, məgər keçəl adam heç görməyiblər? Heç onların xəstəsi olmayıb? Heç vaxt saçları tökülmüş qadın görməyiblər?
Oğlan nəsə deməyə özünü borclu hiss edirdi elə bil:
– Bilirsiz, mənim bacımda da beləsi var. Uzun saçları sevir, tez-tez istifadə edir.
– Mənim saçlarım heç yoxdur, ona görə taxıram.
Oğlan papağın uclarını əlində saxlamaq üçün onun necə cəhd göstərdiyinə baxıb kəkələdi:
– Qorxmayın, saçlar elə tez gəlir ki. Mən də saçımı yayda qıxdırmışdım, bir aya gəldi.
Pariki əlində bərk-bərk sıxıb gülümsəməyə çalışdı.
– Bilirəm, sağ olun.
Ağlamamağa söz vermişdi. Dönüb yola düzəldi. Külək hələ də sakitləşməmişdi, hələ də ondan nələrisə bölüşməyi tələb edirdi. Görünür, taleyə borclu olduğu çox şeylər vardı...
***
– Doktor, saçlarım nə vaxt gələcək?
– Müalicə bitən kimi gələcək.
Müalicə bitən kimi saçlarının yolunu gözləməyə başladı. Hələ bir gəlsin, onları çox sevəcəkdi. Lap qısa da olsa, əzizləyəcəkdi, qırmızı sancaqlar taxacaqdı.
Artıq küləkli havalarda ehtiyatlı olmağa çalışırdı. İki əliylə tuturdu pariki. Süni tüklərdən düzəldilmiş parik çox tez köhnəlib keyfiyyətini itirmişdi, uzun saç kimi cazibədarlığı da qalmamışdı. Bir-birinə dolaşmışdı, lap quş yuvasına oxşayırdı, ya da başı soyuqdan qoruyan papağa. Bəzən hər şeydən bezib elə adamların içində bu mənasız saç yığınını başından çıxarıb yerə atmaq, “əslində, mən buyam; keçəl, saçsız adam” – demək istəyirdi. Sanki parik onun əsl kimliyini qapayan, üstünə çökən, havasızlığa tərk edən, əsl saçını, başını, üzünü gizləyən bir əcinnə idi.
Yatanda keçəlliyini özündən gizləmək üçün başına yaylıq bağlayır, sonra havası çatmayanda yavaş-yavaş açırdı, örtük sinəsinə düşür, o da saçsızlığıyla barışan kimi olurdu. Ancaq yalnız bir gecəlik.
Bir dəfə mağazada iki qadının ona baxaraq nəsə danışdığını sezdi, onların yaxınlığındakı vitrinə əyiləndə qadınlardan birinin sözü qulağını dəlib keçdi:
– Parikdi, hə, düz deyirsən. Allah, sən saxla! Cavan adamdı, görəsən, başında parik niyə gəzdirir?
– Ay qız, bəlkə, dərdi var, bəlkə, saçı yoxdur?
Başını qaldırdı, qadının düz gözünün içinə baxdı.
– Hə, düzdür, saçım yoxdur. Keçələm mən, keçəl. Baxmaq istəyirsiz?
Qadın çaşqınlıqdan qızardı.
– Aaa, dəlidi ki bu...
– Azz, gəl gedək, baş qoşma buna, – deyə rəfiqəsi qolundan tutub qapıya çəkdi. O da dönüb onlar gözdən itənə kimi dallarınca baxdı. Elə bil iblis şişə deyəcəklərni gözləriylə onlara deyirdi.
Həmin gün qırmızı sancaqlarını çıxarıb baxdı, təzədən yerinə qoydu. “Sizə inad sağalacağam”, – dedi. Birdən fərqinə vardı ki, başının dərisi qaralır, təzə tük çıxırdı. Səməniyə oxşatdı özünü, güldü. Saçının eşqinə güzgünü də sevdi, o güzgünü ki, aylardan bəri baxmağı tərgitmişdi…
***
Bir aydan sonra saçları bir buğda boyu da artmışdı, amma hələ pariksiz küçəyə-bacaya çıxmaq olmazdı, çox qısa idi, bir növ, keçəl kimi…
Amma özünü nağıldakı “saçı uzun Buray xanım” kimi hiss edirdi, “başımda parik olsa da, saçım var” – deyə için-için gülürdü. Ona kədərlə baxanlara da özlüyündə gülürdü. “Onlar nə bilsin ki, artıq mən də onlar kimiyəm... Tam olmasa da, demək olar ki… onlar kimi”.
Bir dəfə oxumuşdu ki, qadınlar saçlarıyla kosmosla əlaqə qururlar. “Uzun saçlının ahından qorxun” deyə bir məsəl də vardı. Çoxdan idi ki, bu deyimlərlə özü arasında əlaqəni itirmişdi. İndi həmin rabitəni tapdıqca qorxu-hürkü hiss etmədən şərin üstünə gedirdi.
***
Müalicə bitdiyi gündən dörd ay keçdi. Həmin vaxta qədər oğrun-oğrun çıxan kövrək tüklər oğlansayağı vurulmuş qadın saçına oxşamağa başladı. Və nəhayət, uzun aylardan bəri ilk dəfə pariksiz küçəyə çıxdı. Paltarlarını saçına uyğun seçdi. Qısa ağ gödəkçə və cins şalvar dik duran qısa saçlarla modern və dəbli görünürdü. Qarşıdan iki cavan oğlan gəlirdi, onların baxışlarını öz üstündə tutanda gərginləşdi, özünü növbəti zərbəyə hazırladı, amma oğlanlardan birinin yanından keçərkən dediyi:
– Sən bir stilə, tərzə bax! – sözlərinin kompliment olduğunun fərqinə varanda kefi yerinə gəldi. Başını qaldırıb havanın qoxusunu içinə çəkdi, dərindən nəfəs aldı. Özünə... yox, naxələf şişə verdiyi sözə, deyəsən, əməl edəcəkdi.
Saçlarının azadlığının ilk gününü dənizlə birgə bayram etmək istəyirdi.
Skamyada yerini rahladı. Yolüstü aldığı simitdən bir dişlək götürdü. Dənizin havası çoxdan bəri yadırğadığı azadlıq qoxusuna bənzəyirdi.
Simiti ovub göyərçinlərə atdı. Ağ, boz, göyümtül quşlar ürkək-ürkək onun yanına gəlir, yemi dimdikləyib qəniməti ələ keçirəndən sonra qanad çalırdılar. Quşları öz xəyallarına bənzətdi. O xəyallar ki, beləcə ürkək-ürkək yaxınlaşır, onun əlindən bəslənir, qanad çalırlar, amma uzaqlaşmırlar, çünki...
– Xanım, bu quşları sizin əlinizdən almaq olar?
Başını qaldırdı, tanış bir adam ona baxıb gülümsəyirdi. Onu elə bil hardansa xatırlayırdı, amma məhz hardan? – Kəsdirə bilmədi. Xəyallarındakı adam idimi- şlyapasını küləyin əlindən alıb romantik cəngavər kimi ona təslim edən adam, yoxsa uçan pariki tutub gətirən oğlan? Bəlkə də, heç biri deyildi, bəlkə də, hər ikisiydi, kim bilir...
– Quşları əlimdən almaq? Necə yəni?
– Eləcə. Çörək gətirmişəm, onlara verəcəkdim, amma elə siz tərəfə uçurlar, ona görə paxıllığım tutdu.
Adam bunu deyib gülümsədi. Qız da gülümsədi.
– Oturmağıma etiraz etməzsiz?
– Yox, buyurun əyləşin , – deyib skamyanın kənarına çəkildi.
Adam əlindəki çantanı böyrünə qoyub oturdu. Çantadan içində çörək qırıntıları olan səliqəylə bükülmüş sellofan çıxardı.
– Siz bunu məxsusi quşlar üçün gətirmisiz?
– Əlbəttə. Quşları sevirəm. Və quşları sevən insanları. Xanım, yoxsa siz sevmirsiz?
– Kimi?
– Kimi? Hmm… Quşları…
– Quşları sevirəm.
– Bəs quşları sevən insanları?
– Quşları sevən insanları... Hmm…
Adam bic-bic güldü. Qız bilərəkdən onu dolaşığa saldığını anlayıb başını təbəssümlə yellədi.
Adam onlara yaxınlaşan göyərçinlərə işarə edib:
– Ailəyə bənzəmədikmi? – dedi. – Siz, mən və bizim uşaqlarımız.
Bunu deyib elə məsumca gülümsədi ki, qızın da dodaqları qaçdı.
– Qəribə oğlansız.
– Elə siz də qəribə qızsız. Bir də bilirsiz nə var? Nə yaxşı ki, ikimiz də qəribəyik, yoxsa heç tapışmazdıq.
Bunu deyib, böyüyən, genişlənən, düz dünyanı və onun itkilərinin yerini tutan şirin qəhqəhəylə güldü. O da oğlana qoşuldu. Quşlar da ürəklənib yaxına gəldilər. İndi, doğrudan da, ailəyə oxşayırdılar.
***
…Və sonra yanaşı getdilər. Narıncı sonsuzluğa doğru. Bu sonsuzluqda yaşadılar, yaşlandılar. Bir narıncı xoşbəxtliyi o götürdü, birini bu götürdü… Elə bil xaç suyuna çəkilən inanclı kimi, biri bunları narıncı xoşbəxtliyə çəkdi.
Günel Natiq
Qafqaz.Media