Afaq Bəşirqızının iştirakı ilə "Toya bir gün qalmış" komediyası nümayiş olunub

06/05/2024 - 09:23

 

  Qafqaz.Media  xəbər verir ki,   5 may saat 1900-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında sevilən gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olundu. 
Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov olan bu səhnə əsərində Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet artistləri iştirak etdilər. Səhnə tamaşaçıların gərginliyini  özünə çəkir, əvəzinə xoş ovqat verir, qarşılıqlı əlaqə isə ümumi atmosferi gözəlləşdirir. Bu dəfə də o xoş əhval -ruhiyyə sevimli Afaq xanımdan gəldi, zal coşdu. O coşqu bir hərəkətdir, qan dövranıdır, xoşbəxtlik hormonları olan endorfin, serotonin, melatonindir. Afaq xanım həmişəki kimi yenə də üzlərə təbəssüm, dodaqlara gülüş gətirdi. 
İki saat ərzində bizi qayğılardan, stressdən uzaqlaşdırdı. Bir sözlə, psixoloji rahatlıq verdi sadiq tamaşaçılarına.
Tamaşa anşlaqla keçdi. Bütün zal Afaq xanımın sevənləriylə dolu idi. Sonda özü də tamaşaçılarına minnətdarlığını bildirdi. "Əziz tamaşaçılarım sizsiz bir günüm olmasın. Məni bu vaxta kimi mən edən siz tamaşaçlarım olmusunuz". Sözlərini söylədi. Tamaşaçılar da Afaq xanımı çiçək yağışına tutmuşdular. Bax, budur sənət, bax, budur peşəkarlıq, bax, budur tamaşaçı, ümumxalq sevgisi. Özünün təbiriylə desək,  " Afaq gülür, güldürür". Həmişə də sevənlərini, doğmalarını, əzizlərini yeni-yeni rollarıyla sevindirsin.Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Gözlənilməz və maraqlı süjet xətti olan tamaşada oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi “ailə”ni çıxılmaz vəziyyətə salır. Evin xanımının bu məsələni hamıdan gizlətməsi işləri daha da müşkülə salır. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və bir sıra maddi maraqlarına zərbə dəyəcək. 
Beləliklə, onlar dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir və əsl tragikomediya da bundan sonra başlayır...

Fuad BİLƏSUVARLI
 

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Səhnəmizin Səməndəri
19/05/2024 - 04:57
Narınc yuxular
07/05/2024 - 10:10
Yıldız Tilbe qəzaya düşdü
04/05/2024 - 04:49