“İstərdim Xəzərin sahillərində olum...” - Zümrüd Dadaşzadə yazır AQŞİN ƏLİZADƏNİN ƏZİZ XATİRƏSİNƏ İTHAF
Zümrüd DADAŞZADƏ
Professor, Əməkdar incəsənət xadimi
Aqşin Əlizadə... Bu ad qırmızı xətlə mənim həyatımdan – araşdırma və məruzələrimdən keçir və burada bir sıra “ilklər” də var. Konservatoriyanı bitirərkən təqdim etdiyim diplom işi – bəstəkarın Üçüncü simfoniyası, ilk iri məqalələrim, ilk kitabçam (Bakı:Şur, 1992), simfonizmə dair dissertasiyam (1997) və onun əsasında işıq üzü görmüş “Azərbaycan simfoniyası (1960-1980-ci illər)” (2012) kitabımın ən önəmli hissələri (burda Üçüncü və Dördüncü simfoniyalar müfəssəl təhlil olunub) və, nəhayət, “Azərbaycan musiqi tarixi” beşcildliyinin IV cildində Aqşin Əlizadə yaradıcılığına həsr olunmuş geniş oçerk (2019).
Aqşin Əlizadənin adını ilk dəfə kiçik ikən evimizdə - atam Araz Dadaşzadənin dostu Xəyyam Mirzəzadədən eşitdim. Qardaşımın adı da Aqşin idi – söhbət diqqətimi çəkdi. Əlbəttə, təfərrüatları xatırlamağa çətinlik çəkirəm, amma Xəyyam müəllimin öz həmkarı haqqında xoş sözlər deməsi, onun əsərləri barədə həvəslə danışması yadımdadır.
Ara-sıra A.Əlizadənin musiqisini kinofilmlərdə eşidirdim, əsərlərinin adlarını da bilirdim, amma bu, səthi informasiya idi və həmin informasiya arxasında konkret məzmun durmurdu.
A. Əlizadə ilə bir müəllim kimi görüşümüz 1981-ci ildə, konservatoriyanın ikinci kursunda baş tutdu: o, orkestrləşdirmə fənnindən bizə, musiqişünaslara dərs deyirdi. Əvvəl-əvvəl Aqşin müəllimdən çəkinirdik – sərt idi, hətta bir az qaraqabaq, ciddi nizam-intizam tələb edirdi. Qəfil sualı ilə naşı tələbəni çaşdıra, utandıra bilərdi. Amma tədricən münasibətlərimiz mülayimləşdi, kursun sonunda gərginlikdən əsər-əlamət belə qalmadı.
Müəllimimiz orkestrin quruluşu haqqında yığcam məlumat verdikdən sonra, konkret - qısa, lakonik – göstərişlərlə məhdudlaşırdı. Bizi fəal olmağa, müntəzəm mütaliə etməyə, sərbəst çalışmağa səsləyirdi. Bir növ deyirdi: özünüz axtarışlar aparın, musiqini dinləyin, mövcud ədəbiyyatı araşdırın. Mən isə ancaq bəzi məsləhətlər verəcəyəm – ehtiyac yaranarsa. Biz də müəllimin təklif etdiyi qısa fortepiano pyeslərini, prelüdləri rəngarəng orkestr “qiyafəsinə” salmağa çalışırdıq.
Aqşin müəllimin bir çağırışı da yadımdadır: “Gedin kitabxanaya, Leyla xanımın yanına. Orda öyrəniləsi, kəşf ediləsi nə qədər şey var!” Leyla xanım konservatoriya kitabxanasının müdiri idi. Soyadı Usmiyeva olan bu xanım məşhur nəslin – Xasay xan Usmiyev Xurşidbanu Natəvanın həyat yoldaşı olmuşdu - təmsilçisi idi. Zəhmi ilə seçilirdi. Geyim tərzi də məxsusi - paltosundakı xəz boyunluq onun görkəminə əcaiblik, “qədimlik” gətirirdi. Biz ondan – açığını deyim – çəkinirdik, hətta qorxurduq. Kimsəni bəyənməsə, o adamın aqibəti acınacaqlı ola bilərdi. Amma biz ehmallı olmağa, nəzakətlə davranmağa çalışırdıq, çünki gecə-gündüzümüzü kitabxanada keçirdiyimiz üçün Leyla xanımın xoş münasibəti çox önəmli idi. Sonralar bildim ki, Aqşin müəllim Xan qızı Natəvanın həyatına dair material toplayır, onun obrazını balet səhnəsində canlandırmaq barədə düşünür və o səbəbdən də Leyla xanımla vaxtaşırı görüşüb söhbətləşir.
A.Əlizadə öz arzusunu illər sonra gerçəkləşdirə bildi. 2002-ci ildə librettosu Aleksandr Dümanın “Qafqaza səyahət” əsərinin (burada Düma,Natəvanla görüşünü də təsvir edir) motivləri əsasında yazılmış eyniadlı balet (xoreoqraf Tamilla Şirəliyeva) Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində tamaşaya qoyuldu...
1984-cü ilin martında Aqşin Əlizadənin Üçüncü simfoniyasının ilk ifası əlamətdar hadisə oldu. Aqşin müəllimin hər bir əsərinin premyerasını mütəxəssislər səbirsizliklə gözləyirdilər. Bu opusa maraq isə həm də ondan irəli gəlirdi ki, bəstəkarın ilk həqiqi uğuru, Aranovskinin “Simfonik axtarışlar” kitabında da yer almış İkinci Kamera simfoniyası (1966) ilə yeni əsəri təxminən 16 illik məsafə bir-birindən ayırırdı. Janrın ənənəvi yozumundan uzaq bu simfoniya, açığını deyim, birmənalı qəbul edilmədi. O zaman bəzi həmkarlarının nəzakətli, amma soyuq – üzdə riyakar təbəssümlə - təbrikləri A.Əlizadəyə ağır təsir bağışlamışdı. Onun bir ifadəsini - sonralar həmin laqeydliyi öz təcrübəmdə də müşahidə etdiyim üçün - tez-tez xatırlayırdım: “sanki səni görməməzliyə vururlar” (rusca: «словно тебя и не замечают»)...
Əsər məni çağdaş dövrün təcəssüm müxtəlifliyi ilə fərqlənən simfoniyaları haqqında düşüncələrə sövq etdi. Elə həmin dönəmdə Mark Aranovskinin artıq xatırladığım “Simfonik axtarışlar” adlı fundamental tədqiqatı əlimə keçmişdi. Alim müasir simfoniyanın səciyyəvi əlamətlərini üzə çıxarıb tədqiqə məruz qoyaraq, öz fərqli təhlil metodunu – simfoniya “İnsan” konsepsiyasının təcəssümü kimi - təklif etmişdi. Mən də Aranovskini diqqətlə mütaliə edərək, buraxılış işimin mövzusu olan Üçüncü simfoniya üzərində işə başladım.
Əsər 1985-ci il, 22-28 yanvar tarixlərində keçirilən Bəstəkarlar İttifaqının VI qurultayında ikinci dəfə səsləndi. Qurultayın konsert proqramları elə zəngin idi! Bir həftə ərzində təxminən 70 müəllifin əsəri təqdim olundu. Onların arasında Cahangir Cahangirovun “59” oratoriyası, Arif Məlikovun Altıncı simfoniyası, Vaqif Mustafazadənin Piano konserti... Üçüncü simfoniyanın ifa olunduğu yanvarın 26-sında proqrama Fərəc Qarayevin “1791” serenadası, İsmayıl Hacıbəyovun “Memorial”ı, Azər Dadaşovun Yeddinci simfoniyası, Oleq Felzerin Viola konserti daxil idi. Mən böyük həyəcanla Ücüncü simfoniya haqqında qurultayın yekun diskussiyasında – qonaqların iştirakilə - səslənəcək fikirləri gözləyirdim. A.Əlizadənin qəlibdən kənar birhissəli Üçüncü simfoniyası necə qarşılanacaq, qiymətləndiriləcək? Diskussiya çox coşğun keçdi. Amma, demək olar ki, hamı ən yaxşı əsərlər sırasında A.Əlizadənin simfoniyasını qeyd edirdi və mən necə də sevinirdim! Yaxınlarda qurultayla bağlı materialları araşdıranda ukraynalı bəstəkar Janna Kolodubun qeydləri rastıma çıxdı. J.Kolodub A.Əlizadənin simfoniyası haqqında belə yazırdı: “Yanvarın 26-sında baş tutan simfonik konsertdə Aqşin Əlizadənin Üçüncü simfoniyası parlaq təəssürat yaratdı. Müəllif keçilməmiş yollar axtarır. Bu axtarışlar onu folklordan qaynaqlanan kəşflərə gətirib çıxarır”.
Qurultayda müzakirələr olduqca kəskin bir şəkil almışdı. Əvvəlki rəhbərliyin passiv və bəzi məqamlarda qərəzli fəaliyyəti narazılıq doğurmaya bilməzdi. Xəyyam Mirzəzadə, Fərəc Qarayevin çıxışları xüsusən sərt və prinsipial xarakter daşıyırdı. Gizli səsvermə zamanı bir çox tanınmış bəstəkar İdarə Heyətinə seçilmədi. Səsvermə ilə bağlı informasiyanı biz baş musiqi salonumuz olan Sarayda – qurultayın mahnılardan ibarət son konsertində alırdıq. Bir tərəfdən gözəl musiqiyə qərq olurduq, digər tərəfdən isə həyəcanlanır və bəstəkarlar arasında yaşanan gərginliyə təəccüb edirdik. Nəhayət, nəticələr elan olundu: Aqşin Əlizadə İttifaqın birinci katibi seçildi!
Aqşin müəllimin Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi 5 il, məncə, bu yaradıcılıq təşkilatının çox önəmli və maraqlı bir dönəmi adlandırıla bilər. Xoşbəxtəm ki, həmin dövrdə – çox intensiv, zəngin, bir ili azı iki ilə bərabər - mən Aqşin müəllimin yanında oldum. O, vəzifəsini icra etməyə başlayan kimi Lalə Hüseynovanı və məni – konservatoriyanın 5-ci kurs tələbələrini - işə qəbul etdi. Məni – təəccüblənməyin! – o zaman yeganə boş iş yeri - fəhlə ştatına. Əlbəttə, mən doğma konservatoriyamızda çalışmaq arzuları ilə yaşayırdım. Hələ məktəb illərindən müəllimliyi ən uca peşə hesab edirdim. Amma konservatoriyanın o zamankı rəhbərliyi müraciətlərimizi cavabsız qoydu. Aqşin müəllim isə təkid edirdi: “Bəstəkarlar İttifaqında sən bütün musiqi həyatının episentrində olacaqsan - ən yeni musiqi ilə daim təmasda. Əvəzolunmaz təcrübə qazanacaqsan”. Mən də onun çağırışlarına hay verdim və yanılmadım: Bəstəkarlar İttifaqında Aqşin müəllimlə çalışdığım 5 il mənim üçün həqiqətən də bir məktəb oldu.
A.Əlizadənin əsas amalı İttifaqda yüksək sənət, əsl yaradıcılıq, diskussiya ab-havasını bərqərar etmək idi. İttifaqı bir ev, doğma ocaq kimi görürdü, Q.Qarayev demişkən, “dostluq görüşləri və söhbətləri üçün bir məkan” kimi. Sənətin “zəruri məsələləri haqqında mübahisələr meydanı” kimi. İllərlə ifa olunmayan əsərlərin səsləndirilməsi onun məqsədlərindən bəlkə də başlıcası idi. Deyirdi ki, “qoy konsert salonumuzdan daim musiqi sədaları gəlsin!” O, ilk öncə İttifaqın müxtəlif yaradıcılıq şöbələrinin işini aktivləşdirmək niyyətində idi. Şöbələrə başçılıq etməyi elə musiqiçilərə həvalə etmişdi ki, iş səmərəli, konstruktiv olsun, həqiqətən dəyərli əsərlər üzə çıxarılsın.
İttifaqın gənc bəstəkar və musiqişünaslar birliyinə rəhbərlik Q.Qarayevin ən etibarlı tələbələrindən biri – ali peşəkar, prinsipial insan Afaq Cəfərovaya tapşırıldı . Və bu, çox uğurlu seçim idi. Birliyin işi iki-üç il ərzində çiçək açdı. Müntəzəm görüşlər, yeni əsərlərin dinləyişi və canlı müzakirəsi unudulmaz idi. Toplantılarımız bəzən gecə saat 11-əcən davam edirdi. Burada biz daha təcrübəli həmkarlarımızdan – A.Cəfərovadan başqa, Cavanşir Quliyevdən, Elnarə Dadaşovadan, Rəhilə Həsənovadan çox şey öyrənirdik: fikirləri necə əsaslandırmaq, hansı dəlillərə arxalanmaq, ən əsası da açıq danışmaq, düzü düz, əyrini əyri demək – bütün bunlar həmin görüşlərdə əxz olunurdu. Birliyimizin təşəbbüsü ilə gənc rəssamlarla, kinematoqrafçılarla keçirilən görüşlər xüsusən maraqlı və zəngin olmuş, yeni ideyaların yaranmasına təkan vermiş, müxtəlif sənət təmsilçiləri arasında səmərəli təmasların qurulmasına gətirib çıxarmışdır. Milli irsimizin təqiq olunmasının bəstəkarlar üçün də vacib olması birliyimizdə dəfələrlə vurğulanmışdır. Məsələn, Tahirə Kərimovanın folklorumuzun nisbətən az araşdırılan hissəsi - qədim laylalarımıza həsr olunmuş əhatəli prezentasiyası indiyədək yadımdadır...
1986-cı ildə biz, birliyin üzvləri – Tbilisiyə, gənc Zaqafqaziya bəstəkarlarının VI festivalına ezam olunduq. Bu festivala ev sahibliyini ardıcıl olaraq Cənubi Qafqaz respublikalarından biri edirdi. Belə, ki V festival 1985-ci ilin fevralında Bakıda keçirilmişdi. Qrupumuza bəstəkarlarla yanaşı beş musiqişünas da daxil idi. Yekun diskussiyada musiqişünaslar dəstəmizin üzvlərinin bir-birindən kəskin çıxışları gürcü musiqisinin metrlərinə (O.Taktakişvili, S.Nasidze, S.Tsintsadze, G.Kançeli), deyəsən, güclü təsir bağışlamışdı. Giya Kançeli hətta Afaq xanıma söyləmişdi ki, “bəstəkarlarınız da yaxşıdır, amma musiqişünaslarınız necə də dişlidir!” (rusca: «музыковеды у вас такие зубастые!»).
Aqşin müəllim musiqişünasların İttifaqda nüfuzunu artırmağa çalışar, onlara dəyər verər, fəal olmağa sövq edərdi. 1988-ci ildə o, məni kabinetinə çağırıb gözlənilməz bir qərarı ilə bölüşdü. Bəlli oldu ki, respublikada gənclər üçün ən prestijli mükafat olan Lenin komsomolu mükafatına bu dəfə həmişəki kimi bəstəkar yox, musiqişünasın namizədliyini irəli sürmək niyyətindədir. “Düşündüm ki, həmin musiqişünas sən olmalısan”, - deyə bütün etirazlarıma rəğmən israr etdi. - Yaşı 40-a yaxınlaşan yox, İttifaqımızın məhz gənc, fəal, perspektivli üzvü”. Xülasə, mən də Aqşin müəllimin sözündən çıxmayaraq sənədlərimi toplamağa başladım. Bütün mərhələləri uğurla keçsəm də, oktyabrın 28-də Mərkəzi Komitə aparatında çalışan bir tanışımız atamı təbrik etsə də, ertəsi gün – laureatlar isə məhz oktyabrın 29-da, komsomolun yaranışı günündə elan olunurdu - adımı mükafatçılar siyahısında oxumayıb, pərişan oldum.Yaxınlarda köhnə qovluqları saf-çürük edərkən Aqşin müəllimin özünün (o, mükafatların verilməsi üzrə komissiyanın üzvü idi) qərarına rast gəldim. Onun siyahısında məndən başqa muğam ustası Alim Qasımov, yazıçı Natiq Rəsulzadə, rəssam Səhhət Veysov, habelə S.Rəhman adına Şəki Dram Teatrı da var idi. Onu da deyim ki, mənim qəm-qüssəm uzun çəkmədi və tez bir zamanda xoşhallıqla əvəzləndi. Sovetlər Birliyi rəhbərliyinin qərəzli mövqeyi, mənfur əməllərini müşahidə edib, 20 yanvarda törədilən qırğından sarsılaraq düşündüm ki, komsomol mükafatı laureatı olmaq kimi bişərəflikdən yaxşı qurtuldum... İllər ötəndən sonra o hadisəyə dönərkən, belə qənaətə gəlirəm ki, məni məhz partiyanın yüksək vəzifəli məmurları – azadsevər, millətpərəst, onların nəzərincə, “etibarsız” olduğuma görə siyahıdan xaric etdilər.
A.Əlizadənin İttifaqa rəhbərlik etdiyi dövrdə neçə-neçə əlamətdar hadisə - Skandinaviya ölkələri, Bolqarıstan, keçmiş sovet məkanının müxtəlif respublikalarının bəstəkarları ilə görüşlər, festival, plenum və konsertlər keçirildi. İndi belə hadisələr adi bir hal alıb, amma o zaman Qərb dünyası ilə əlaqələr hələ də məhdud xarakter daşıyırdı, odur, hər bir təmas o qədər yeni informasiya və emosiya bəxş edirdi!
Müntəzəm baş tutan Plenumlarda iri əsərlərin premyerası təqdim olunurdu. Bu baxımdan gənclərin yaradıcılığına həsr olunmuş 1986-cı il Plenumunu xüsusi qeyd etmək lazımdır. Artıq yaşı 40-a yaxınlaşan (hətta bu həddi azca adlayan) bəstəkarlar öz simfonik əsərlərini ilk dəfə eşidə bildi. Sanballı bir plenum idi: Moskvadan “Sovetskaya muzıka” jurnalının aparıcı əməkdaşı - tanınmış musiqişünas, müəllimimiz Lüdmila Karagiçevanın qızı Alla Bretanitskaya da təşrif buyurmuşdu. “Forum gənclərindir – problemlər isə ümumi” başlığı altında dərginin 1987-ci il 8-ci sayında dərc olunmuş məqalədə A.Əlizadənin əzmlə söylədiyi sözlər yer almışdı: “Mən arzulayardım ki, bu plenuma, ümumən indiki zamana xas fəal yaradıcılıq nəbzi gündəlik həyatımızın normasına çevrilsin”.
Burda haşiyə çıxıb, deməliyəm ki, o dönəmdə biz həqiqətən də böyük bir ruh yüksəkliyi, hətta eyforiya yaşayırdıq, yenidənqurmanın həyatımızda köklü dəyişikliklər doğuracağına, tariximizdə keyfiyyətcə yeni - azad, yaradıcı, quruculuq dolu mərhələnin başlanmasına sidqi-ürəkdən inanırdıq. Amma 1988-ci ildə Dağlıq Qarabağla bağlı separatçı hərəkat, onun SSRİ rəhbərliyi tərəfindən, faktik olaraq, dəstəklənməsi, Azərbaycana qarşı ədalətsiz, misli görünməmiş qarayaxma kampaniyasının intişar tapması hamını sarsıtdı. Amma gənclərin Plenumu hələ xoşbəxt 1986-cı ildə keçirilirdi...
Aqşin müəllim həmişə hamını açıq söhbətə, canlı müzakirələrə dəvət edirdi, özü də nümunə göstərirdi, tanınmış müəlliflərin əsərlərindəki qüsurları göstərməkdən çəkinmirdi. Sözügedən Plenumun yekun diskussiyasında mən kifayət qədər sərt danışdım, simfoniya janrında yazılmış əsərlərin nöqsanlarına - mövzu cılızlığına, musiqi materialının solğunluğuna, dramaturji “xətalara” xüsusi diqqət yetirdim. “Çəhrayı” rəngə boyanmış bir sıra çıxışlardan sonra, iclasın sonuna yaxın söz götürdüyüm üçün auditoriyaya sadəlövhcəsinə üz tutub, hamını səmimi olmağa – “İttifaqımızın gənclik şöbəsində olduğu kimi” - səslədim. Bu çağırışımı hətta A.Bretanitskaya öz məqaləsində sitat gətirmişdi. Amma onu da deyim ki, mənim Plenumdan sonra durumum gərginləşdi – inciyən çox idi. Tənqidi maraqla qarşılayan tək bir Cavanşir Quliyevi çıxmaq şərtilə. Başqaları isə - kimi salam vermirdi, kimi qəzəbli baxışlarla məni süzürdü... Hiss edirdim ki, Aqşin müəllim də narahatdır, çünki mənə deyə bilmədiklərini ona - İttifaqın rəhbərinə pretenziya, şikayət şəklində - açıq bəyan edirdilər...
Buradaca Aqşin müəllimin təşəbbüsü ilə yaradılan “Xaqani, 27” (İttifaqın ünvanıdır) televiziya verilişinə dönmək istərdim. O dövrün televiziya panoramında özəl bir hadisə idi! Verilişlərin məhz Azərbaycan dilində efirə çıxmasının bir şərt kimi irəli sürülməsi də səciyyəvi idi. İndi qəribə görünə bilər, amma o dönəmdə ana dilində sərbəst danışan musiqişünasların sayı hələ də çox deyildi. Odur, çağdaş Azərbaycan musiqisi ilə auditoriyanı tanış edən bu verilişlərin televiziyamızın tarixində yeri xüsusidir.
Bizim “Xaqani, 27” silsiləmizə “Sovetskaya muzıka” jurnalı da maraq göstərmişdi. İttifaqımızın əməkdaşı Nailə Həsənovanın “Tanış olun, Xaqani, 27” adlı məqaləsində (1989/2) aşağıdakı sətirləri oxuyuruq. “Efirdəki hər çıxış –Azərbaycanın müasir sənətinin problemləri, onun təbliğatı, milli irsin qorunub saxlanması və tədqiqi, bəstəkar yaradıcılığı və folklor, musiqi kadrlarının yetişdirilməsi, müasir dinləyicinin mədəniyyət səviyyəsinin yüksəldilməsi kimi çeşidli problemlərə dair ciddi söhbətdir”.
Bəli, hər ay İttifaqın salonunda yeni musiqi və bəstəkarlarımızın yaradıcılığı, başqa aktual mövzular haqqında söhbət aparılırdı. Televiziyanın işçiləri, həvəssiz olsa da, PTS-i (səyyar televiziya stansiyasını) İttifaqın qarşısına sürüb, çəkilişlər aparırdılar. Verilişin yaradıcılıq heyətinin üzvləri sırasında müəllif və aparıcılar Lalə Hüseynova, Nəzakət Qasımova və Həcər Babayeva, habelə televiziyanın Musiqi şöbəsinin redaktoru Salehə Əfəndiyeva də xatırlanmalıdır. Hərənin öz zövqü və ədası var idi ki, bu da hər bir proqramın özəlliyini şərtləndirirdi.
Əvvəlcədən onu vurğulayım ki, “Xaqani, 27” mənim televiziya ilə uzunsürən –həyəcanlı duyğular, sevgi dolu, güman etmək istərdim ki, səmərəli əməkdaşlığımın təməli oldu. Burada yenə də xeyirxah sehrbaz – Aqşin Əlizadəni minnətdarlıqla yad etməliyəm. Onun təşəbbüsü idi və, açığını deyim, daha yaşlı həmkarlarım tərəfindən bir qədər qısqanclıqla qarşılanmışdı: axı o zaman ekrana çıxmaq olduqca şərəfli idi, odur, bir çoxları tərəfindən vəcdlə arzulanırdı. Öz verilişlərimdə mən daha çox gənclərə diqqət yetirməyə çalışırdım: onların musiqisi, qayğıları, müxtəlif xarici ölkə festivallarında çıxışları diqqət mərkəzində idi. Ən yaddaqalan qonaqlarım sırasında ünlü ədəbiyyatşünas Gülrux Əlibəylini və məşhur cərrah Nurəddin Rzayevi qeyd etmək istərdim. Gülrux xanımın çağdaş sənətimizə dair fikirləri, Q.Qarayev haqqında xatirələri, Nurəddin müəllimin efirdə səslənən bayağı musiqi ilə bağlı narahat düşüncələri necə də maraqlı və ibrətamiz idi. Məsələn, Gülrux xanım deyirdi ki, bir çoxlarının sənət haqqında fikri sanki keçmişdə ilişib qalıb, sənətin dinamikasını qəbul edə, qavraya bilmirik. O, tamaşaçını yeni musiqini dinləməyə - təkrar-təkrar – çağırırdı. Dinləyib, araşdırıb, anlamağa... Qara Qarayev II Beynəlxalq Müasir Musiqi festivalı haqqında hazırladığım veriliş (1988) də əlamətdar oldu. O zaman mən sovet musiqisi üzrə mütəxəssis, tanınmış alman musiqişünası Hannelora Qerlax (Gerlach) ilə söhbətləşə bildim.
“Xaqani, 27”nin 1988-ci il 18 iyun buraxılışının - XIX Ümumittifaq Partiya konfransı ərəfəsində - qonaqlarından biri həmin konfransın nümayəndəsi olan Aqşin Əlizadə idi. Bu verilişdə “yenidənqurma” dönəminin entuziazm aşılanmış – hələ də - ab-havası duyulmaqdadır. Mən konfransın aşağıdakı tezislərindən birini o zaman sitat gətirmişdim: “Ölkənin müqəddəratı üçün sənətkarın məsuliyyət daşıması xüsusi bir qüvvə ilə qarşıya çıxır”. A.Əlizadə də konkret olaraq Bəstəkarlar İttifaqının həll etməli olduğu məsələlərə toxunmuşdur. Azərbaycan musiqisinin geniş miqyasda tanınması haqqında mövcud rəyi təkzib edən Aqşin müəllimlə ədəbiyyatımızın, incəsənətimizin nüfuzunun Ümumittifaq miqyasda zəifləməsi, Mərkəzi televiziyanın Azərbaycana biganə münasibəti, yaranmış vəziyyətə görə həm də özümüzün cavabdeh olması kimi məsələləri müzakirə etdik. Aqşin müəllim milli musiqi qaynaqlarına laqeyd yanaşmadan da danışaraq belə bir fikri vurğulamışdı: “Bizim rəqs havalarımız, mahnılarımız çox zaman Azərbaycan musiqisi adı altında ifa olunmur. Nə üçün biz xalq musiqi incilərimizi yolda gedə-gedə bir-bir çantadan itiririk? Çünki bu məsələyə göz bağlamışıq. Təəssüf, nüfuzlu sənətkarlarımız da vaxtında yüksək tribunadan buna öz münasibətini bildirməyib...” Aqşin müəllim XX əsrdə meydana çıxan əsərlərin, lap elə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun bir sıra işarəvi yaratmalarının və tamdəyərli təfsirlərinin keyfiyyətli səsyazılarının olmamasını narahatlıq doğuran problem adlandırmışdı. Nə qədər acınacaqlı olsa da deməliyəm ki, Aqşin müəllimin qaldırdığı məsələlər hələ də gündəmdə...
Sonuncu verilişi də xatırlayıram. Bakıda çox gərgin bir dönəmdə – 1989-cu ilin noyabrında gerçəkləşdirilən beynəlxalq “Üzü zirvəyə” adlı o parlaq və zəngin palitrası ilə seçilən festivala həsr olunmuş verilişi. Paytaxtımızın mərkəzi küçələrində yürüşlər, mitinqlər, biz isə Aqşin müəllimin xeyir-duası ilə festival keçiririk. Axşamlar konsertlərdə yeni musiqi ilə tanış oluruq, gündüzlər İttifaqın salonunda Polşa və Kuba bəstəkarlarının, norveçli Kyell Şulstadın (Kjell Skyllstad, Institute of Musicology, Oslo), yuqoslav Duşan Mixalekin mühazirələrini dinləyirik, özbək, gürcü, ukraynalı həmkarlarımızla fikir mübadiləsi aparırıq. Jazz da oldu, muğam da ... Diskussiyalar da... Sonra da... iki ay keçər-keçməz – 20 yanvar faciəsi... Daha sonra da yanvar şəhidlərinin 40 günü çıxmamış Bəstəkarlar İttifaqının tələm-tələsik yapılan növbəti VII qurultayı.
Qurultay ərəfəsindəki durumu xatırlamaq çox ağır. Sarsıntı, çaşqınlıq, bədbinlik, məyusluq, amma eyni zamanda bütün neqativ emosiyalara rəğmən, çətinliklərə sinə gərib yaşamaq, daha sıx birləşib irəliləmək istəyi. Mənə elə gəlirdi ki, biz bir xalq kimi 20 yanvar faciəsindən sonra daha mərd olacağıq, gələcəyimiz naminə əl-ələ verib önəmli məsələlərin həllinə hədəflənəcəyik. Bəli, belə də oldu. Amma, təəssüf, dar düşüncəli adamlar da tapıldı – şəxsi mənafedən çıxış edənlər, vəzifə naminə nəyə desən qadir olanlar. Qurultayın həmin çaşqınlıq atmosferində keçirilməsi, doğrusu, məni daha çox sarsıtdı, məyus etdi.
Aqşin müəllimin o zamankı ovqatı da, mülayim desək, nikbinlikdən çox uzaq idi. İttifaqa rəhbərlik etməyə başlayanda o, Q.Qarayevin aşağıdakı göstərişini tez-tez sitat gətirərdi: “Heç vaxt heç kimdən qorxma. Qalxa bilsəm, gücüm çatsa, sənə yardım edərəm. Qalxa bilməsəm, yumruqlarınla vuruşarsan, yumruqların zədələnərsə, dirsəklərinlə: sən cəsarətlisən, amma bir qədər təmkinsiz. Buna diqqət yetir”. Həqiqətən də, Aqşin müəllim Ustadın tövsiyəsinə var qüvvəsi ilə riayət etməyə çalışırdı. Müzakirələrdə açıq danışardı, zəif əsərlərin qarşısına sədd çəkərdi. Əsas nailiyyətlərindən biri – İttifaqın aparatına həqiqətən savadlı, təmiz və zəhmətkeş adamları cəlb etməsi idi. Kollektivimizdə qarşılıqlı etibara əsaslanan çox mülayim bir iqlim bərqərar olmuşdu.
Amma, təəssüf, Aqşin müəllimin İttifaqda əsl həmfikirləri çox az idi. Və ona qarşı açıq-aşkar təzyiqlər də, gizli intriqalar da dönmədən artırdı. Bəzi özündən müştəbeh bəstəkarların pressinqi, Q.Qarayevin sözü olmasın, Kanada xokkeyçilərini xatırladırdı. Nəzərə çatdırım ki, Qara Qarayev Moskvadan Tofiq Quliyevə “Zaqafqaziya baharı” festivalına hazırlıq ərəfəsində (1975) yazdığı məktubda Bəstəkarlar İttifaqında yaranan ajiotajı təsəvvür etdiyini bildirib yumorla yazırdı: “Kanada xokkeyinin professionalları bəzi özündən ifrat dərəcədə razı müəlliflərimizlə müqayisədə sanki körpə uşaqdırlar”.
Həmkarlarından, bəzi halda həmfikirlərindən belə əməli dəstək görməyən Aqşin müəllim, nəhayət, dözməyib 1989-cu ilin sentyabrında “Muzıkalnaya qazeta”nın səhifələrində belə bir etirafla çıxış etdi: “Nə üçün mən İttifaqın birinci katibi olmaq istəmirəm?” O yazını ürək ağrısız oxumaq mümkün deyil. Nədən yazır Aqşin müəllim? Simasız, rəngsiz çoxluğun istedadlara basqısından, İttifaqda intriqa və konfliktlərin əsl yaradıcılıq ab-havasını məhv etməsindən, gənclərə yardımın labüdlüyündən. Həmin məqalənin az qala hər cümləsini sitat gətirmək olar. Məsələn: “Mən İttifaqı insanların bayramsayağı ovqatla - yaradıcılıq ünsiyyəti, dəstək və obyektiv tənqid eşitmək ümidi ilə – təşrif buyuracağı bir təşkilat kimi görürəm”. Və ya: “Əgər istedadlara təzyiq edən, mane olan boz aqressiv çoxluqdan yaxa qurtarmasaq, biz heç zaman həqiqətən yaradıcı təşkilat ərsəyə gətirə bilmərik”. Daha sonra: “Musiqişünasların da vəziyyəti, onlara yanaşma da - bəstəkarlara “xidmət edən” insanlar kimi - məni narahat edir”. Və daha bir sitat: “Necə etməli ki, layiqli insanlar özlərinə layiq - həyatda və yaradıcılıqda - yer tutsunlar? Əsas məsələ budur. Onu həll etmək gərəkdir ”.
İllər ötüb, amma Aqşin müəllimin dedikləri hələ də arzu olaraq qalır, suallar da cavabsız. Birəng təcavüzkarların da sıraları dönmədən artır. Və onlar artıq öz iradəsini sayı get-gedə azalmaqda olan nəcib peşəkarlara diktə edirlər...
Qurultaya dönək. 1990-cı il fevralın 20-də açılan həmin “təşkilati” qurultay, əlbəttə, İttifaqın heç də şərəfli səhifələrinə aid edilə bilməz. Qurultay ərəfəsində yeni rəhbərlik tərəfindən İttifaqın məsul katibi olmaq təklifini mən, cəmi 27 (!) yaşlı gənc musiqişünas, qətiyyətlə rədd etdim. Gələcək karyeram üçün, şübhəsiz, sıçrayış ola biləcək cazibədar təklifin qəbul olunmasını Aqşin müəllimə bir xəyanət kimi dəyərləndirirdim.Təkcə onu deyə bilərəm ki, hakimiyyətə can atanların xislətinə bələd olan A. Əlizadə xalq artistlərinin həmlələrindən bizi qorumaq məqsədilə gənclər üçün İdarə Heyətində kvotanın olmasını (yəni 5 yer – ümumi səsvermədən asılı olmayaraq - ən çox səs qazanan gənclərə ayrılırdı) təkid etdi. Bu kvota mənə və daha 4 gənc həmkarıma İdarə Heyətinə üzv seçilməyə imkan verdi.
Xatırlamağı sevmədiyim o qurultayda xalq artistləri və onların sədaqətli silahdaşları bir başqa planlarını da gerçəkləşdirdilər. Əsas - hörmətli, nüfuzlu məruzəçi auditoriyanı salamlayıb, dərhal mətləbə keçdi və... son illər aparıcısı olduğum “Xaqani, 27” verilişini o ki var tənqid etdi. Onu da deyim ki, verilişlərdə cavanlara daha çox yer ayırmağım onları – bir qisim çox iddialı ağsaqqal bəstəkarı hiddətləndirirdi. Verilişi bağlatdırdılar, əvəzində yenisi yaradılmadı. İndiyədək. Sökmək asan - tikmək çətin. Şər qüvvələrin birləşmək bacarığı da heyrətamiz...
Bəstəkarlar İttifaqı mənim ilk iş yerim idi. Bu, elə ilk məhəbbətə bənzəyir. A. Əlizadə, artıq qeyd etdiyim kimi, konservatoriyanın ən bacarıqlı, ən zəhmətkeş məzunlarını İttifaqın aparatına dəvət etmişdi. Aqşin müəllimlə biz, əməkdaşlar arasında qarşılıqlı ehtiram və sevgiyə əsaslanan münasibətlər bərqərar olmuşdu. O qədər bizə inanırdı ki, imzaladığı İttifaq blanklarını hər birimizə, hər ehtimala qarşı, ötürmüşdü – onun Bakıda olmadığı zaman biz həmin blanklarda müvafiq mətn yazıb istifadə edə bilərdik. Biz təkliflərimizi də verir, müəyyən addımlarından narazı olduğumuz halda bunu müdirimizə deməkdən də çəkinmirdik. Belə məqamlarda İttifaqın rəhbəri bəzən sinirlənər və deyərdi: “Əyləş, öz istəyinlə işdən azad olunmaq barədə ərizəni yaz!” Amma onu da deyim ki, qəzəbi tez soyuyardı.
Əlbəttə, çox tələbkar idi. Lazım olanda biz istirahət günlərində də işə çıxırdıq, az qala 10-12 saat çalışırdıq. Bəzən elə tapşırıqlar verirdi ki, onların icrası əsnasında biz o zamankı bilik səviyyəmizi üstələməli olurduq: nəticədə peşəmizdə, kiçik də olsa, yeni yüksəkliyi fəth edirdik. Amma onu da deməyə bilmərəm ki, Aqşin müəllim bizimlə fəxr edirdi. Biz deyəndə, Natalya Dadaşova, Lalə Hüseynova, Xanlar Novruzov, Nailə Həsənova (Şəfiyeva), Leyla Fərəcova (Məmmədova), Azadə Mehdiyeva, İrina Libets, Lalə Kərimova, Sevda Hüseynova, Səidə Abdullayeva, Ülviyyə Məmmədovanı nəzərdə tuturam. Kimi isə unutmuşamsa, üzr istəyirəm. Bizim birliyimiz gözəl idi - tam amal vəhdətinə əsaslanırdı.
Aqşin müəllim vurğulayırdı ki, 5 il ərzində gerçəkləşdirilən bütün əhəmiyyətli işlər əməkdaşlarının zəhməti hesabına mümkün olub. 1989-cu ildə yazırdı: “İttifaqımızda hal - hazırda gənc, yüksək erudisiyaya malik, peşəkar adamlar çalışır”. Bu sözləri indi oxumaq necə də xoş və bir qədər də kədərlidir. Həqiqətən, zər qədrini zərgər bilər. Zərgərlərin sayı isə yox dərəcəsində...
Xronologiyadan sapınaraq İttifaq həyatımın bəzi əlamətdar məqamlarına üz tutmaq istərdim. 1985-ci ilin sonunda Aqşin müəllim Bəstəkarlar İttifaqının rəhbəri qismində öz ilk böyük Plenumunu keçirtdi. Təsəvvür edin, o forumda A.Məlikovun N.Hikmətin şeirlərinə bəstələdiyi romansları, X.Mirzəzadənin Arfa üçün sonatası, C.Cahangirov və R.Mustafayevin oratoriyaları, M.Quliyevin Ə.Salahzadənin sözlərinə vokal silsiləsi, D.Dadaşovun dramatik simfoniyası, gənclərin kamera əsərləri səslənmişdi. Mən də o zaman çox populyar olan “Molodyoj Azerbaydjana” qəzeti üçün “Yaradıcılıq nailiyyətlərinə baxış” adlı məqalə yazıb redaksiyaya aparmışdım. Amma qəzetin mədəniyyət şöbəsinin müdiri - gənc, istedadlı jurnalist materialla tanış olub, onun kifayət qədər tənqidi olmadığını bəhanə gətirərək – daha kəskin yazmaq lazımdır!- dərc edilməyəcəyini söylədi. Doğrusu, pərt olmuşdum, çünki məqalə yuxusuz gecə hesabına ərsəyə gəlmişdi, həm də sevgi ilə yazılmışdı. Aqşin müəllimi narahat etmək istəmirdim, amma o, özü, 1-2 gün sonra məndən yazımın aqibətini soruşdu. Astaca ona cavan redaktorun materialı rədd etdiyini söylədim. Aqşin müəllim çox sinirləndi və dərhal qəzetin baş redaktoru ilə əlaqə saxlayıb, məqaləmin çap olunması məsələsini həll etdi. Mənim həyəcanım isə səngimədi, çünki Aqşin müəllimin yazdıqlarıma münasibətinin necə olacağını gözləyirdim. Reaksiya bütün gözləntilərdən fərqli oldu. O, mənə zəng çalıb: “Doğrusu, ürəyimdə xal qalmışdı, düşünürdüm, bəlkə məqalənin çatışmazlıqları var, amma axı gözəl və dəqiq yazmısan! Belə məqalədən redaktor nə haqla imtina edib?”
Resenziyada A.Əlizadənin Bakıda ilk dəfə səslənən Dördüncü “Muğamvarı” simfoniyası haqqında belə sətirlər yer almışdı: “Simfoniya qədim Azərbaycan muğamının estetikasının yenidən dərk olunmasına, onun intonasiyalar çevrəsinin, emosional aləminin duyğusal təcəssüm olunmasına bir nümunədir. Birmənalı təfsiri mümkünsüz olan bu fəlsəfi əsər eyni zamanda müasir dünyanın gərgin ritmi və nəfəsi ilə aşılanıb. Və simfoniyanın təşviş dolu ovqatına - onun səlis dramaturgiyasını tamamlayaraq - həzin və kövrək “Gül açdı” xalq nəğməsini təkrar-təkrar səsləndirən vokal qatılanda (A.İslamzadə) dinləyici onu əsl insan dəyərlərinin yenilməzliyi və əbədiliyinə inamın ifadəsi kimi qavrayır” (Смотр творческих достижений// Молодёжь Азербайджана, 26.12.1985).
Buradaca deyim ki, belə bir yozum Akif İslamzadənin bənzərsiz tembri və məxsusi lirik ifa ədası ilə bağlı idi. Yadımdadır: filarmoniyadakı konsertdən sonra biz müğənnini hərarətlə təbrik edəndə, o, təvazökarcasına: “Axı mən nə etmişəm? Oxuduğum cəmi bir neçə dəqiqə iri bir əsərin müqabilində nədir ki?”- deyib sanki sıxılaraq sürətlə bizdən aralandı. Bəli, 3-4 dəqiqə, amma necə dəqiqələr - sarsıdıcı! 1987-ci ildə III Beynəlxalq Səmərqənd musiqişünaslıq simpoziumunda A.Əlizadənin simfoniyasında vokal partiyanı Alim Qasımov ifa etmişdi. Və başqa anımlar sırası yaranmışdı. “Simfoniyanın fəzası” kitabında mən müqtədir xanəndənin səsinin doğurduğu emosiyaları belə qələmə almışdım: “... Sanki uzaq əsrlərdən bir səs eşidilir. Bu səs bizim tarixi yaddaşımıza ünvanlanıb. Bu səsdə həm təlatüm, həm xəbərdarlıq, həm də çağırış var. O, əsər bitdikdən hələ çox-çox sonra təqib edir, həyəcanlandırır, bizi xalqımızın mənəviyyatı, mədəniyyəti qarşısında bütün məsuliyyətimizi dərk etməyə səsləyir...”
“Babək” baletinin tamaşaya qoyulması mühüm bir hadisə oldu. Ən böyük konsert salonumuzda iki dəfə baleti həyəcanla seyr etdik. Musiqi (partituranı dirijor Rauf Abdullayev səsləndirmişdi) Rəfiqə Axundova və Maqsud Məmmədovun xoreoqrafiyası ilə birləşib, əzəmətli bir sənət əsərinin meydana gəlməsini doğurmuşdu. Üstəlik də Babək partiyasında Vitali Axundov olduqca cazibədar idi – həm qəhrəmanlıq səhnələrində, həm lirik epizodlarda eynilə inandırıcı. Elə baleti açan plelüdün tersiya və kvartalardan “biçilən” mövzusu arxaika ruhunu bərqərar edərək, bizi enerjisi xüsusi olan möhtəşəm sənət aləminə qərq edirdi.
“Babək”lə bağlı mənim özəl xatirələrim də var. Balet böyük rezonans doğurmuşdu, demək olar ki, bütün qəzetlərimizdə premyeradan sonra rəylər dərc olunmuşdu. Müəlliflər arasında A.Tağızadə, R.Fərhadova, R.Zöhrabov, H.Qaşqay, N.Qasımova, H.Babayeva, F.Əliyeva, L.Hüseynova qeyd edilməlidir. Moskvadan da tanınmış musiqişünas, sənətşünaslıq doktoru Yelena Dolinskaya Bakıya xüsusi olaraq dəvət olunmuşdu: onun dolğun, sərrast müşahidələrlə zəngin resenziyaları az sonra “Sovetskaya muzıka” (1987/1) və “Muzıkal’naya jizn’” (1987/8; D.Borisova təxəllüsü ilə) jurnallarında dərc olundu.
Bir gün Aqşin müəllim məni kabinetinə çağırıb, etiraz qəbul etməyən tonla söylədi: “Zümrüd, “Babək” barədə məqaləni “Sovetskiy balet” üçün sən yazmalı olacaqsan”. Bəlli oldu ki, Bakıdan göndərilən resenziya redaksiyanı qane etməyib. Mən vəziyyəti xilas etməli, qısa müddət ərzində yeni məqalə yazıb, Moskvaya ötürməli idim. Gərgin bir dönəm yaşadım, balet sənətinə dair kitabları tökdüm qabağıma – oxudum, araşdırdım, tamaşa zamanı etdiyim qeydlərimi də emal edib bilgilərimlə birləşdirərək, məqaləni vaxtında yazıb göndərdim və həyəcanla jurnaldan məlumat gözləməyə başladım. Məqaləm qəbul olundu və 1987-ci ilin 2-ci nömrəsində «Возрождая героику прошлого» adı ilə işıq üzü gördü. Açığı, çox sevindim – bu, mənim ilk sanballı publikasiyam idi - onun ərsəyə gəlməsi Aqşin müəllimin mənə inamı nəticəsində mümkün oldu. Sonralar “Azərbaycan bəstəkarları” seriyası üçün onun haqqında kitabçanı yazmağı A.Əlizadə məhz mənə həvalə etdi. Bu da mənim həyatımda bir ilk oldu. Kitabçanın poliqrafik icrası, açığı, bərbad idi: sarımtıl kağız, nəşriyyatın yığdığı mətndə yolverilməz “pintilik”. Amma Aqşin müəllim məxsusi yumorla deyirdi: “Üz qabığında fotoportretim qara-qura olsa da - məni tanımaq mümkünsüz! - mətn gözəldir”. O, hətta həmin nəşrin yeni bir nəfis tərtibatını hazırlamış və kitabxanalara göndərmişdi.
A.Əlizadənin 60 illik yubileyi üçün əsas məqaləni də mən yazdım: həmin məqalə («Мир музыки Агшина Ализаде») bəstəkara “Şöhrət” ordeninin verilməsi sərəncamı ilə bahəm 1997-ci il mayın 27-də “Bakinski raboçi” qəzetində dərc olundu. Publikasiyada bəstəkarın İsmayıl Məmmədov tərəfindən çəkilmiş qrafik portreti, habelə Aqşin müəllimin aşağıdakı deyimi yerləşdirilmişdi: “Xalqımın tarixi əslində musiqidə öz ifadəsini tapmışdı. Qəmgin səsləri daha çoxdur... Amma biz gələcək nəsillərimizdə qələbəlik hisslərini oyadan əsərlər yaratmağa çalışdıq”...
Burada mən Aqşin müəllimin Azərbaycan musiqisində unikal mövqeyini açıqlamağa cəhd göstərmişdim. Məsələn, yazırdım, ki, o, musiqimizi “Şostakoviç irsinin nəhəng basqısından” (məşhur musiqişünas M.Tarakanova məxsus bu müşahidəni mən A.Əlizadəyə şamil etmişdim) xilas edə bildi. Ən əsası da Aqşin Əlizadəni zəmanəmizin ən ünlü (rusca: выдающийся) siması adlandırmışdım. Sonra o, mənə zəng çalıb dedi ki, “bu epiteti ilk dəfə mənim adım önündə yazan sən oldun”.
Həmin məqalədən bir səciyyəvi fraqmenti burda sitat gətirmək istərdim: “Biz bəzən müasirlərimiz olan sənətçilərin xidmətləri haqqında danışmaqdan, onların yaradıcılığına həqiqi qiymət verməkdən çəkinirik. Mən bu ənənəni pozmaq istərdim, çünki A.Əlizadə sözün əsl mənasında böyük bəstəkardır. Onun bədii kəşfləri haqqında müxtəlif illərdə azərbaycanlı, ukraynalı, gürcü, rus, türk, ingilis musiqişünasları fikir söyləmişdilər. A.Əlizadənin yaradıcılığı neçə ildir ki, musiqi təhsil ocaqlarında tədris olunur, əsərləri müasir milli musiqinin problemlərinə həsr olunmuş sanballı tədqiqatların elmi nəticələrinə əsaslı təsir göstərir...”
Aqşin müəllimin ibrətamiz söhbətləri də bir başqa. Gənclik dövründə o, məlahətli melosu ilə seçilən mahnılar bəstələmişdi. Həmin mahnıları hətta Şövkət Ələkbərova, Sara Qədimova ifa etmişdilər. Yadımdadır, bir dəfə bəstəkar piano arxasına keçib, “Ötən ilin son gecəsi” bədii filminə təzə bəstələdiyi mahnını çalıb zümzümə etdi. Elə həmin an mən ona belə bir sual verdim: “Aqşin müəllim, nə üçün Siz, sözü həssas duyan, özgün melodiyalar yaratmaq bacarığına malik bir bəstəkar, mahnı janrına, demək olar ki, üz tutmursunuz?” O, dərhal cavab verdi: “Bilirsənmi, mən kiçik, cəmi üç-dörd dəqiqəlik mahnıya simfoniya kimi eynilə ciddi yanaşıram. Odur, nədənsə imtina etməli olursan...” Bu sözlərdə A.Əlizadənin sənətkar mövqeyi, böyük məqsədlərə hədəflənməsi, peşəkar kimi dürüstlüyü, şərəfliliyi öz əksini tapıb.
Başqa bir dəfə tanınmış, lakin son zamanlar asan yollar seçən bir bəstəkara həsr olunmuş verilişimi görüb, mənə zəng etdi və narazılığını bildirdi: “Sən cavansan, amma artıq tanınmağa başlamısan. Çalış həqiqətən layiqli sənətkarlar haqqında yaz, söz de. Əgər bütün təklifləri qəbul etsən, nüfuzunu itirərsən”. Onu da deyim ki, indinin özündə hazırladığım o verilişin qəhrəmanını dəyərli bəstəkar hesab edirəm və onun haqqında söz açdığım üçün əsla peşman deyiləm. Amma Aqşin müəllimin sözləri ürəyimə ox kimi sancıldı... və mən “Ədəbiyyat və incəsənət” qəzetindən aldığım bir sifarişi həmən ləğv etdim.
Aqşin Əlizadə ilə ara-sıra söhbətləşməyi sevirdim. Çox əfsus ki, o söhbətləri vaxtında qeydə almamışdım. Amma təxminən 22 il öncə, yenicə nəşr olunmuş “Simfoniyanın fəzası” kitabımı və Tehranda işıq üzü görən “Varlıq” jurnalını (1998-ci ildə redaktoru məşhur Cavad Heyət olan bu dərginin 3-cü nömrəsində bəstəkar haqqında məqaləm yer almışdı) Aqşin müəllimə təqdim etmək üçün onun xudmani mənzilinə gəlib, doyunca söhbətləşdim. Aqşin müəllimin ömür-gün yoldaşı Qalina xanım həmişəki kimi qonaqpərvərlik və həssaslıq sərgilədi. O, vaxtaşırı nəzakətlə söhbətimizə qoşulur, bəzi sərrast əlavələr edirdi.
Burda haşiyə çıxaraq deməliyəm ki, bir dəfə Aqşin müəllimin Niyazi haqqında xatirələrini qələmə almışdım. Sonra tərtib etdiyim mətni A.Əlizadə, görünür, həyat yoldaşına göstərmişdi. Doğrusu, Qalina xanımın qeydləri – o qədər sərrast, o qədər qabarıq – məni heyrətə gətirdi. Cəmi bir neçə düzəliş mətni necə də canlandırmışdı! Onu da deyim ki, bu mənzildə Aqşin müəllimin dayısı Mehdi Hüseynzadənin- əfsanəvi Mixaylonun fotoşəkli diqqətimi çəkdi. O saat məndə belə bir fikir yaranmışdı: bəstəkarın xarakterindəki bir sıra cəhətlər – onun mərdliyi, möhkəm iradəsi, prinsipiallığı heç də təsadüfi deyil.
Söhbətə qayıdaraq, onu söyləməliyəm ki, Aqşin müəllimin düşüncələrini dəftərçədə qeyd etmişdim və bu yazımda onun bəzi fikirlərini ilk dəfə bölüşürəm.
Bəstəkar bildirmişdi ki, indi onu “gözəl musiqi” yazmaq məsələsi xüsusən məşğul edir: “İnsanlar gözəl musiqi eşitmək arzusundadır. Odur, dinləyiciyə doğru addım atmaq gərəkdir”, - deyən bəstəkar cavanlıqda həmin gözəl musiqini yazmaqdan qorxduğunu, özünü qəsdən müəyyən çərçivəyə saldığını xatırlayırdı.
Aqşin müəllimin fikrincə, bəstəkar yaradıcılıq prosesini izah etmək iqtidarında deyil. Ancaq total hazırlıq ona öz ideyalarını reallaşdırmaq imkanı verir. Əgər bəstəkar yazdığı musiqini izah edirsə, deməli, onun qüvvəsinə inanmır. Bu fikri təsdiq etmək üçün o, belə bir müqayisəyə əl atırdı: “Məgər müntəzəm məşq edən futbolçu necə qol vurduğunu izah edə bilərmi?”
Bu sətirləri oxuyanda istər-istəməz çağdaş musiqi festivallarında bəstəkarların öz əsərləri haqqında uzun-uzadı çıxışları, bu əsərlərə dair qəliz açıqlamaları yadıma düşür. Səmimi deyim ki, çox zaman həmin söhbətlər onların ardınca səslənən musiqidən daha maraqlı olur...
“Çalışmaq lazımdır, elə ki, bel pas atmasın”, - bu da A.Əlizadənin bir növ həyat devizi idi.
Aqşin müəllim tez-tez “səslər” axtarışında olduğunu deyirdi: “Bax simfoniyanın əvvəli, ortası, sonu üçün xüsusi səslər tapmalıyam. Bu baş verərsə, onda simfoniya alınacaq”. Ümumiyyətlə, o, “simfoniya yazmaq” qorxusu barədə fikirlərini mənimlə bölüşmüşdü – bu, “ali ümumiləşdirmələr” janrına elə bir özgün, elə ciddi yanaşma idi! Əsas məqsədi də “Azərbaycan simfoniyasını tapmaq” idi. Düşünürəm, bəstəkarın “fərdi layihə” (Y.Xolopovun terminidir) əsasında meydana gələn son üç simfoniyası (III-V) həmin mürəkkəb axtarışların uğurlu nəticəsidir.
Əlbəttə, A.Əlizadənin bütün yaradıcılığının kvintessensiyası - “Babək” baleti barədə də o zaman söz düşdü. Musiqili teatr tariximizdə yeni bir hadisə olan ilk qəhrəmani-epik baletdə yeni obrazlar, misilsiz kütləvi səhnələr, nadir gözəlliyi ilə seçilən iki zərif, kövrək və ekspressiv Adagio yaradılmışdı. Aqşin müəllim bu əsərdə Üzeyir Hacıbəyli ruhunun - sitatlar əsla yoxdur - hökm sürdüyünü vurğulamışdı. Son səhnələrdə isə Qara Qarayevlə bağlantıların olmasını da qeyd etmişdi. Əlbəttə, o, Azərbaycan musiqisinin ən müxtəlif ənənələrinin tam müstəqil xəlitəsini yaratmağa qadir unikal sənətkar idi.
Aqşin müəllim Azərbaycan bəstəkarlıq sənətinin əsas əsərlərini - sütunlarını da qeyd etmişdi. Bu, onun nəzərincə, “Koroğlu”, “Arşın mal alan”, “Yeddi gözəl” və “Kürd-Ovşarı”dır. Azərbaycan musiqisinin böyük nailiyyətlərindən, Üzeyir bəy fenomenindən heyrətlə danışaraq, A.Əlizadə eyni zamanda bu musiqinin dünyada az tanındığına görə pərişan olduğunu bildirmişdi. “Yəqin bizim də nə zamansa Dyagilev kimi xadimimiz peyda olmalıdır ki, Azərbaycan sənətini geniş miqyasda təbliğ etsin. Qırğızıstanı tək bir yazıçı Çingiz Aytmatova görə tanıyırlar. Əgər Ü.Hacıbəylini, Q.Qarayevi dünya musiqi meydanında təsdiqləyə bilsək, onda Azərbaycan da tanınar. Bu sənətkarlar varsa, Azərbaycan da var”, - deyə o, vurğulamışdı.
“Bütün fəxri adlar sıfra bərabərdir”, - deyən A.Əlizadə bəstəkar tərəfindən böyük, sanballı bir əsərin ortalığa qoyulmasının əsas məqsəd olduğunu xüsusi qeyd etmişdi. “Bəstəkar 30 yaşına qədər dinləyicini heyrətləndirə bilən yaratma ərsəyə gətirməlidir. Əgər bunu bacarmasa, bəstəkarlıq peşəsindən vaz keçməlidir”. Onun musiqimizin gələcəyinə dair proqnozları o qədər də ürəkaçan deyildi. A.Əlizadənin fikrincə, get-gedə həqiqətən bədii dəyərə malik əsərlərin sayı azalacaq.
Bəstəkarlar İttifaqında mitinq atmosferinin hökmranlığı da Aqşin müəllimin ovqatını təlx edirdi. O, gənclərin basqılanması, passivliyi və cəsarətsizliyini də mənfi bir hal adlandırmışdı.
Eyni zamanda Aqşin müəllimin aşağıdakı fikri də səciyyəvi idi: “Musiqi əsərləri yaradaraq öz missiyamı icra edəcəyəm, musiqimlə məqsədlərimi həyata keçirəcəyəm”.
O zaman A.Əlizadə Türkiyədə çalışırdı. “Türkiyədə sanki öz evimdəyəm”, - deyən Aqşin müəllim türk musiqisi və folklorunun qohumluq əlaqələrinə toxunmuş, məsələn, türkülər və bayatılar arasında bağlantıların olmasına nəzər-diqqətimi yönəltmişdi. Onun bu fikri də səciyyəvi idi: “Türkiyədə nə ingilis, nə də rus olmaq lazım deyil...” Yəqin bu cümlənin davamını oxucu özü də qura bilər.
Aqşin müəllim həssas adam idi. Bir dəfə mən ona gəncliyə xas sadəlövhlüklə demişdim ki, İkinci Kamera simfoniyasını ən mükəmməl əsəri hesab edirəm. Hər dəfə söhbətləşəndə o, kinayə ilə: “Hərçənd sənin Kamera simfoniyasından daha çox xoşun gəlsə də...” deyib, məni maraqlandıran mətləbə - başqa əsərlərin müzakirəsinə keçərdi...
Bu sətirləti yaza-yaza əsas qəhrəmanım – Aqşin Əlizadə ilə bağlı topladığım sənədləri nəzərdən keçirirəm. Bu, bir neçə qovluqdan ibarət böyük bir materialdır. Hər yazı, hər not, hər foto arxasında da o qədər emosiya, o qədər xatirə durur. Məsələn, mənim Dördüncü simfoniya, violin və piano üçün “Portret”, piano üçün “Dastan” - “Melodiya” firmasında işıq üzü görməsi planlaşdırılan val üçün annotasiyam. “Portret” 80-ci illərin sonunda Arif Manaflı və Nigar Hacıyeva kimi violinçalanların ifasında Vilnüs, Odessa, Maynts, Bostonda təqdim edilmişdi. “Allgemeine Zaitung” (Mainz) qəzeti N.Hacıyevanın şövq dolu ifasını təqdir edərək, “melanxolik, düşüncələrə sövq edən - ən müasir səslənmələrin müdaxiləsi ilə səciyyələnən musiqini” də nəzərdən qaçırmamışdı. Dördüncü simfoniyanı 1984-cü ildə Almatıda, SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin Plenumunda eşidən musiqişünas Erna Geyzerin muğamın simfonik potensialını üzə çıxaran bu əsər haqqında sevgi dolu qeydləri də qovluğumdadır – Aqşin müəllimin həmin rəyə - ilk rəyə - xüsusi münasibəti var idi. Təəssüf, o val nəşr olunmadı – 1990-cı il idi artıq, SSRİ adlı imperiya xaos içində boğulurdu...
Aqşin müəllimin notları... onlardan birini (“Dastan”. “Qədim oyunlar”. “Portret”. Bakı: Şur, 1994) bəstəkar mənə belə bir xatirə yazısı ilə hədiyyə etmişdi: “Babasının nəvəsi, atasının qızı, mənim tələbəm - istedadlı Zümrüd Dadaşzadəyə...”( 22.09.1994)... Və ya bəstəkarın 60-cı illərdə çəkdiyi akvarel rəsmlərindən bir neçəsi də mənə bağışlanıb. Həmin rəsmlərdən biri “...yarım suya gələndə, səhəngi mən olaydım...” bayatı misralarına illüstrasiyadır. Rəsmin arxasında 1965-ci il qeyd olunub. Bəllidir ki, a cappella xor üçün “Bayatılar” silsiləsini bəstəkar 1969-cu ildə bitirib. Rəsm ona dəlalət edir ki, A.Əlizadə onun yaradıcılığında, ümumən bütün sovet musiqisində hadisə olmuş bu əsər (bəstəkarların Ümumittifaq müsabiqəsində I mükafata layiq görülmüşdü) üzərində illər öncə işləməyə başlamışdı. Yeri gəlmişkən, bir məqamı da yaddaşım canlandırır. 1986-cı ilin oktyabrında Aqşin müəllimin təşəbbüsü ilə Bakıda ilk dəfə “Sovetskaya muzıka” jurnalının redaksiya heyətinin bəstəkarlarımızla bahəm “dəyirmi masa”sı keçirilmişdi. Yadımdadır, o dönəmdə jurnalın baş redaktoru olan Yuri Korev “Bayatılar”a qulaq asandan sonra bu dəyərli əsərin az tanındığına görə təəssüfləndiyini söyləmişdi...
Ən əziz sənədlərdən biri də Aqşin müəllimin mənə ünvanladığı məktubdur. Mən o zaman İranda - Tehranda idim, o, Türkiyədə - Vanda. “... Biz hər zaman məktublarına çox sevinirik. Buradan çox məmnunam. Bakıda və başqa yerlərdə (əlaqəm var) əsərlərim səslənir... Əlbəttə, istərdim Xəzərin sahillərində olum! Sənin kimi adamlar mənə ən böyük dəstəkdir...” (14.01.1999).
O zaman, Tehranda bu qısa, amma çox səmimi, Vətənə sevgi aşılanmış sətirləri oxuyarkən Aqşin müəllim haqqında 1992-ci ildə işıq üzü görmüş kitabımdakı bəzi düşüncələrim, landşaft və musiqinin sıx bağlılığı barədə müşahidələrim xatirimdə oyandı: “A.Əlizadənin əsərlərindən Abşeron torpağının, Xəzər dənizinin ətri gəlir. <...> bəstəkarın musiqi lövhələri Səttar Bəhlulzadənin həmişə işıq dolu peyzajları ilə müqayisə doğurur. Səttarın tablolarında təbiət bərbəzəkdən məhrum, əzəli və əbədidir. Aqşin musiqisi də belədir. Onu dinlədikcə gözümüz önündə uşaqlıqdan tanış, doğma, ürəyi göynədən bir mənzərə canlanır: qızmar günəş, qızılı qum, tək-tük səpələnmiş üzümlüklər...”
Əlbəttə, Aqşin Əlizadənin yaradıcılığı elə ilk addımlarından başlayaraq diqqət mərkəzində olmuşdu. Az qala əsərlərinin hər birinə, musiqi dilinin komponentlərinə dair – ayrı-ayrılıqda – məqalə, dissertasiya, kitablar həsr olunub. Bu da təsadüfi deyil. Çünki Kamera simfoniyasından (1966) başlayaraq, A.Əlizadənin hər bir yaratması hadisəyə çevrilirdi. O tədqiqatlar arasında şərəfli alimimiz, istəkli müəllimimiz Aida Tağızadənin məqalələri və 1986-cı ildə nəşr etdirdiyi monoqrafiya xüsusi önəm kəsb edir. Məhz Aida xanım bəstəkarın bədii kəşfləri haqqında ilk dəfə - aydın və qabarıq – söz deyə bilmişdi. “Böyük o kəsdir ki, istiqamət yarada bilsin”, - filosofun bəlli kəlamıdır. Aqşin müəllim belə bir böyük sənətkar idi.
A.Əlizadə Konservatoriyada ixtisas fənnindən dərs deməmişdi. Amma indi neçə-neçə bəstəkar onun musiqisini özləri üçün bir örnək adlandırır. Yadımdadır, Bəstəkarlar İttifaqında işləyərkən xarici ölkələrdən müxtəlif anketlər alırdıq. Orda belə bir sual verilirdi: “XX əsr bəstəkarlarından kim Sizə daha çox təsir göstərib?” Bir neçə halda - cavablarda mən Stravinski, Bartok, Şönberqlə yanaşı A.Əlizadənin də adını oxudum.
Aqşin Əlizadənin yaradıcılığı Azərbaycan musiqi tarixinin ən önəmli və fərəhli səhifələrinə aiddir. Onun əsərləri həmişə ifa olunub və gur əks-səda doğurub. “Cəngi”si xalqımızın musiqi simvollarından biridir. 80-ci illərin sonunda ərsəyə gələn “Qarabağ havası” saf Vətən sevgisinin mücəssəməsidir. Son zamanlar bəstəkarın irsi sanki ikinci həyatını yaşayır. “Babək” baletinin əsl simfonik keyfiyyətlərə malik musiqisinin 2021-ci ilin oktyabrında - xalqımızın 44 günlik Vətən müharibəsində tarixi qələbəsinin birinci ildönümü münasibətilə “Zəfərə aparan yol” devizi altında Filarmoniyada tam şəkildə ifa olunması parlaq olaya çevrildi. Mən bu baletin teatr səhnəsində bərpa olunması məsələsini 2022-ci ildə - 20 yanvar faciəsi ərəfəsində keçirilən xatirə gecəsindən əvvəl verdiyim müsahibədə qaldırdım. Ümidvaram, əsas saytlarımızda dərc olunan bu çağırışım da eşidiləcək. Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş anım konsertində isə illər ifa olunmayan Beşinci simfoniya təqdim edildi. Simfoniyanın təşviş dolu – ovsunlayıcı, hər səslənəndə yeni çalarlar əldə edən leytmövzusunu, milli mədəniyyətin konsepti qismində çıxış edən xalq çalğı alətləri – balaban, zurna və telli sazlarımızın sədalarını eşidərkən, bu musiqinin 30 il ərzində yeni məzmunla yükləndiyini, özündə həmin illərin dramatizmini, gərginliyini, ən müxtəlif yaşantılarını, sarsıntılarını da ehtiva etməsini bir növ fiziki duyaraq həyəcanlanmamaq qeyri-mümkün idi. Böyük sənət əsərlərinin belə bir keyfiyyəti var – hər dəfə səslənəndə sanki yenidən kəşf olunur, yeni emosiya və düşüncələr doğurur - yaşadığımız məqama uyğun. Aqşin Əlizadə musiqisinin dərin təfsirçisi Rauf Abdullayevin əlindən estafeti almış gənc dirijor Mustafa Mehmandarovun – o, A.Əlizadə sənətinin vurğunu, çılğın pərəstişkarıdır - səyləri nəticəsində əzəmətli sənətkarın əsərlərinin “həyatı”nda yeni bir mərhələnin başlanmasını da xüsusi qeyd etmək zəruriyyətini duyuram.
Aqşin müəllim – böyük amallarla yaşayan, mədəniyyətimiz üçün can yandıran şəxsiyyət - bəstəkar, müəllim, İttifaqın rəhbəri haqqında daha çox xatirələrim və düşüncələrimlə bölüşə bilərəm. Ona minnətdarlığım sonsuz! Bu qeydlərimi qələmə aldığım günləri, saatları da sanki mənəviyyat aləminə səyahət kimi dəyərləndirirəm. Amma yəqin ki, durğu işarəsi - yekunlaşdırıcı, təsdiqləyici yox - qoymaq vaxtıdır. Və sonda belə bir xatirə.
Aqşin müəllim bəzi müvəffəqiyyətlərimdən sonra mütləq deyərdi: “Amma arxayın olma, fəxarət hissinə uyma...” Çox düşündüm yazım bu barədə, yoxsa... 10 il əvvəl (2012-ci ildə) həyatımda yuvarlaq tarix qeyd edirdim. Ad günümdən bir gün öncə Aqşin müəllim zəng çaldı. Mən həmin an hay-küylü bir məkanda idim, amma sanki təcridolunma səhnəsi – kinematoqrafdakı kimi – yaranmışdı, müəllimimin səsi də elə aydın eşidilirdi: “Bilirəm, sabah sənə çox adam telefon açacaq, odur əvvəlcədən təbrik etmək qərarına gəldim...” Xoş diləklərini ifadə etdikdən sonra o, aramla söylədi: “Onu da bil ki, haqqımda ən yaxşı yazını sən yazmısan”... Başa düşürəm ki, bu sözlər, çox ehtimal, Aqşin müəllimin böyük ürəyinin diktəsi ilə deyilən sözlər idi - ad günümdə məni sadəcə olaraq sevindirmək istəyirdi... Amma axı çox incə məqamdır... Duyğusal... Kövrək...Unudulmaz...
Qafqaz.Media