Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 27-də və 28-də Şamaxı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
APA DİN-ə istinadən xəbər verir ki, nazir əvvəlcə Şamaxı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib. Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Şamaxı, Qobustan, Ağsu, Göyçay, İsmayıllı şəhər və rayonlarından qəbula gələn 238 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. 34 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 129 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.