Ya sən, ya da heç kim - Günel Natiq yazır

20/05/2024 - 17:07

Ulu öndər Heydər Əliyev və ömür-gün yoldaşı Zərifə Əliyevanın sevgi hekayəti

 

Görkəmli siyasi xadim, Ümummilli lider Heydər Əliyev və onun əbədi məhəbbəti, ömür-gün yoldaşı, ruhdaşı, akademik Zərifə Əliyeva... Fərqli mühitdə böyüsələr də, xarakterləri - məqsədyönlü olmaları, özlərinə qarşı tələbkarlığı, milli-mənəvi dəyərlərə sadiqliyi onları birləşdirirdi. Onların həyatını isə əsl sevgi hekayəti adlandırmaq olar...

Zərifə xanım Əliyevanın atası - ictimai-siyasi xadimi, elm fədaisi Əziz Əliyev İrəvan mahalında dünyaya göz açmışdı. Sankt-Peterburq Hərbi Tibb Universitetində təhsil alan Əziz Əliyev ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti başlayanda ailəsi ilə birlikdə Naxçıvana köçməli olur. 1923-cü ildə Zərifə xanım dünyaya gəlir. Elə həmin il ailə Bakıya köçür. Burda Əziz Əliyev universitetin tibb fakültəsini, sonra isə aspiranturanı bitirərək elmlər namizədi olur. Qısa bir vaxt ərzində o, doktorluq dissertasiyasını da müdafiə edir.

Peşəkar və zəhmətkeş elm adamı bir-birinin ardınca uğurlara imza atırdı. Səhiyyənin inkişafında xidmətlərinə görə irəli çəkilən Əziz Əliyev Tibb Universitetinin müdiri, sonra rektoru, daha sonra Azərbaycan SSR səhiyyə komissarı vəzifələrinə qədər yüksəldi.

Amma ailə üzvləri heç vaxt Əziz Əliyevin cəmiyyətdəki yüksək statusu ilə lovğalanmırdılar. Belə bir şöhrətpərəstlik duyğusu Zərifəyə də yad idi. Hələ yeniyetmə olanda, paltarlarının həmişə sadə olmasına çalışar, geyimləriylə deyil, daxili keyfiyyətləriylə seçilməyə çalışardı. Yeniyetmə yaşıyla uyuşmayan təmkini yaşıdlarını təəccübləndirərdi. Yaxın rəfiqəsi Zəhra tez-tez ona deyərdi:

- Zərifə, bizim yaşıdlarımız olan qızlar gözəl libaslara meyl edərkən sən gözünün ucu ilə də dəbli donlara baxmırsan. Həmişə sadəliyə üstünlük verirsən.

- Zəhra, insanın zahiri nə qədər sadə olsa, mənəvi gözəllikləri daha aydın görünər. Atam da bizə belə öyrədir.

Zərifənin insanlara duyduğu sevgi onu mərhəmətli olmağa, köməyə ehtiyacı olanların qayğısına qalmağa sövq edirdi. Bir dəfə rəfiqəsini fikirli görən Zəhra bunun səbəbini soruşanda Zərifə belə dedi:

- Ev işlərində bizə kömək edən Leyla xalanın həyat yoldaşı xəstələnib. Leyla xalaya dedik ki, bu gün gəlməsin.

- Bəs sən hara belə hazırlaşırsan?

- Onlara ərzaq və dərman aparıram.

- Bunları bir adamla da göndərə bilərdin.

- Yox, mənim özümün getməyim Leyla xalaya daha çox təsəlli olar...

Əziz Əliyevin ailəsi böyük və mehriban idi. Zərifə ilə bərabər, evdə iki qardaşı və üç bacısı da böyüyürdü. Evdə şeir və musiqi kultu vardı.

Musiqi təhsili uşaqların tərbiyəsinin ayrılmaz hissəsi idi. Təsadüfi deyil ki, Zərifə xanımın bacısı Gülarə Əliyeva sonralar görkəmli musiqiçi kimi tanınmış, unudulmaz "Dan ulduzu" ansamblını yaratmışdı.

Görkəmli ziyalıların, məşhur sənət xadimlərinin qonaq olduğu evdə tez-tez konsertlər təşkil edilirdi. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi və başqa musiqi ustadlarıyla görüşlər uşaqların yaddaşında özünəməxsus iz qoyur, dünyabaxışlarını təzələyirdi.

Zərifə xanım üçün musiqi ayrıca bir dünya idi. Saatlarla bu dünyaya qapılar, fortepianoda ifa edər, sevdiyi nəğmələri oxuyardı. Hansı şəhərdə olmasından asılı olmayaraq, bir konsert də buraxmazdı.

"Musiqi mənim üçün sehrli sənətdir. Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin musiqisini duymadan yaşamaq olarmı? Bu musiqilər məni həyatın zərafətinə kökləyir" deyən Zərifə əmin idi ki, hansı sənəti seçsə də, onu hər zaman müqəddəs musiqinin xeyir-duası müşayiət edəcək.

Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma xəstəliyi geniş yayılmışdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan tədbirlərdə fəal iştirak edir, traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında faydalı söhbətlər aparırdı.

Heydər Əliyev fərqli sosial mühitdə doğulmuşdu. Ailə maddi çətinliklə üzləşsə də, uşaqların tələm-tərbiyəsinə, təhsilinə xüsusi diqqət ayrılırdı. Təsadüfi deyil ki, bu ailədən böyük şəxsiyyətlər çıxmışdı.

1947-ci il idi. Əziz Əliyev ailəsilə birlikdə Kislovodskda dincəlirdi. Müharibə təzə qurtarmışdı, artıq yeni xəyallar qurmaq, yeni həyata başlamaq olardı.

Gənc Heydər böyük qardaşının dəvətilə Kislovodska gəlmişdi. Gəzintilərin birində Heydər Əliyev sadə və mehriban bir qızla tanış olur. Qızın əsilzadəliyinə, ziyalılığına, xoş ünsiyyətinə heyran olan gənc Heydər öyrənir ki, o, Əziz Əliyevin qızıdır. Gənc oğlan fikrə gedir. Görəsən, vəzifəli ata qızının sadə ailədən çıxmış oğlanla münasibət qurmasına icazə verərmi?

Gənclər tanışlıqlarını Bakıda davam etdirirlər. Bir-birlərini yaxından tanıdıqca, fərqli mühitdən çıxmalarına baxmayaraq, ruhən çox yaxın və doğma olduqlarını anlayırdılar. İkisi də dürüst və ədalətli, kitablara bağlı, gözəl nitq qabiliyyəti olan insanlar idi. Amma Zərifəni itirmək qorxusu Heydərə rahatlıq vermirdi.

- Zərifə, sən nazir qızı, mən isə sadə bir zabit...

- Heydər, sənin daxili aləmin səni mənim gözümdə hər zaman yüksəldir. Bu isə bütün vəzifələrdən ucadadır.

- Əgər səni evdə seçim qarşısında qoysalar?

- Əgər məni seçim qarşısında qoysalar, bir kəlmə deyəcəyəm: ya sən, ya da heç kim.

Amma siyasət ətrafında oynanılan ədavətlər gənclərin münasibətinə müdaxilə etdi. Məsələ bundadır ki, birinci katib Mircəfər Bağırov Əziz Əliyevin get-gedə artmaqda olan nüfuzuna qısqanclıqla yanaşırdı. 1950-ci ildə Əziz Əliyev vəzifədən çıxarılır və ona qarşı çirkin kampaniya başladılır. Onun adının hallandığı anonim məktublar ailənin dincliyini pozurdu.

Gənclər öz ətrafına məhəbbətdən sədd çəkir, Əziz Əliyevə qarşı aparılan oyunların onların həyatına müdaxilə etməsinə yol verməməyə çalışırdılar. Amma bir çətinlik də vardı. Gənc Heydər Əliyev Əziz Əliyevin fəaliyyətini yoxlayan şöbədə çalışırdı. Sevdiyi insanın gələcəyindən narahat olan Zərifə bir dəfə ona dedi:

- Heydər, atama qarşı haqsızlıqlar davam edir. O, xalq düşməni elan edilib. Bu kampaniya sənin karyerana ciddi zərər yetirə bilər.

- Zərifə, gəl bu barədə düşünmə. Hər şey yaxşı olacaq. Əziz Əliyevin günahsız olduğu gec-tez üzə çıxacaq.

- Yox, vəziyyət düşündüyümüzdən də qəlizdir. Səni həmişəlik partiyadan uzaqlaşdıra bilərlər. Sən yüksək ideallar üçün yaranmısan. Mən sənin yolunun yarıda qırılmağını istəmirəm.

- Zərifə, açıq danış, nə demək istəyirsən?

- Deyirəm ki, ayrılaq. "Xalq düşməni"nin qızıyla evlənmək sənin siyasi həyatına son qoya bilər.

- Zərifə, yadındadır, sən iki yol ayrıcında qalmışdın? Bu yolun birində valideynlərinin sənin üçün arzuladığı daha gözəl həyat, birində isə mən vardım. Onda sən dedin: Ya Heydər, ya da heç kim. İndi mən də bu sözü deyirəm: Ya Zərifə, ya da heç kim.

Heydər Əliyev əmin idi ki, hər şey onların öz iradəsindən asılıdır. Hətta dövlət təhlükəsizlik naziri ilə görüş də inamını sarsıtmadı.

- Sizin Əziz Əliyevin qızı Zərifə ilə münasibətinizdən xəbərimiz var, ailə qurmağa hazırlaşırsız. Ancaq bu nikahı sizə tövsiyə etmirik. Xalq düşməninin qızıyla evlilik sizi zərbə altında qoyar. Əgər o qızla əlaqəni kəsməsəniz, sizi Dövlət təhlükəsizlik orqanlarından uzaqlaşdırmalı olacağıq.

- Yoldaş nazir, siz istəyirsiz mən o qıza sevmədiyimi deyim? Axı bu, belə deyil. Dövlət təhlükəsizlik orqanlarında qalıb işləmək naminə mən sevdiyim qadından ayrılmaq istəmirəm.

Heydər Əliyevin gələcək karyerası beləcə sual altında idi. Gənclər sevgilərini bir müddət gizləməyi qərara alıb parkda şər qarışandan sonra görüşürdülər. Amma yenə də nəzarət altında olduqlarını, təqib olunduqlarını bilirdilər.

Əsl sevginin önündə tarix də aciz idi. Mircəfər Bağırovun partiya sıralarından uzaqlaşdırılması Əziz Əliyevin təmiz adını özünə qaytardı. Gənclər dərhal nikah bağlamağa yollandılar. Onlar toyun çox sadə olmasında qərarlı idilər. Elə də oldu. Gənc Heydər Əliyevə işdən yeni mənzil verilmişdi. Toyu yeni mənzildə etdilər. Süfrəni Zərifə xanımın anası qurmuşdu. Cəmi 15 adamın dəvət olunduğu məclis sadə və şən keçdi. Gəlin pianoda ifa edir, bəy isə həvəslə oxuyurdu. Qonaqlar deyir, gülür, rəqs edirdilər.

Sonralar da pianoda çalıb oxumaq onların ən sevimli əyləncəsi oldu. Heydər Əliyevin gözəl bariton səsi vardı. Özlərinin bir parçası bildikləri xalq mahnılarından biri də "Küçələrə su səpmişəm" idi. Bu mahnının melodiyasını Zərifə xanım pianoda dilləndirir, Heydər Əliyev isə xalq musiqisinə duyduğu böyük sevgiylə oxuyurdu. Ailədə yaşanan belə anların bənzəri yox idi.

Zərifə xanım əsl isti ailə ocağı yarada bilmişdi. Evdə həmişə sevgi və hörmət hökm sürürdü. 1955-ci ildə xoşbəxt ailənin bir qızı doğuldu - Sevil. 1961-ci ildə isə təkcə bir ailənin deyil, bir xalqın qəhrəmanı olacaq İlham dünyaya gəldi.

Uşaqlar azad mühitdə böyüyürdülər və valideynlər onlara tam etibar edirdilər. Onlar da ata-anaya ürəkdən bağlı idilər.

İstirahət günlərində ailə bütün vaxtını bir yerdə keçirirdi. Zərifə xanım öncədən həftə sonu üçün proqram hazırlayır, sonra uşaqlarla müzakirə edirdi. Birlikdə viktorinalar hazırlayır, bayramlar təşkil edir, ya da ailəliklə kinoya, teatra və ya muzeyə gedirdilər.

Ailənin qayğıları Zərifə xanımı sevimli işindən ayırırdı. Amma o, əsla şikayətçi deyildi. Onun illərini həsr etdiyi elmi işindən uzaq düşməsi Heydər Əliyevi narahat edirdi.

- Zərifə, bilirəm ki, sənin nəzərində ailə birinci yerdə dayanır. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı sənin üstünə düşüb və sən bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirmisən. Amma onu da bilirəm ki, sənin böyük elmi potensialın var. Sənin istedadının puç olmasını istəmirəm.

- Mən tədqiqatlarımı davam etdirəcəyəm, mütləq davam etdirəcəyəm.

- Vaxt gözləmir, Zərifə. Ölkə quruculuğunda hamı bir nəfər kimi səfərbər olmalı, xalqın keşiyində durmalıdır. Sevil və İlham nümunəvi tərbiyə, təhsil alıblar. Bu, həm də sənin əməyindir. Amma artıq elmə qayıtmağın vaxtı gəlib.

1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, yəni faktiki olaraq respublikanın rəhbəri seçildi. Zərifə xanımın bir alim kimi məsuliyyəti də artmışdı.

Zərifə xanımın elmi tədqiqatlarından artıq mərkəzi qəzetlərdə də söz açmağa başlamışdılar. O isə öz vəzifəsini layiqincə yerinə yetirir, şan-şöhrət qazanmağa, başqalarından fərqlənməyə çalışmırdı.

Yaxın rəfiqəsi Zəhra xanım Zərifə Əliyevanın tədqiqatları haqqında artıq əcnəbi alimlərin də müsbət fikirdə olduğunu söyləyəndə o, təvazökarlıqla deyirdi:

- Zəhra, bu, mənim həkimlik vəzifəmdir, qeyri-adi olan Heydər Əliyevin gördüyü işlərdi. Ona olan heyranlığım hər gün daha da artır.

- Heydər Əliyev böyük şəxsiyyətdir. Hamımız onunla qürur duyuruq.

- Yaxşı, Zəhra, indi Djerjinski adına kluba getməliyəm, Heydər Əliyevin zəhmətkeşlərlə görüşü var.

- Sən Heydər Əliyeviçin heç bir çıxışını qaçırmırsan. Həm də televiziya ekranlarından yox, canlı izləyirsən. Bu, çox gözəldir.

- Onun çıxışlarını əvvəldən axıracan dinləyirəm. Bu çıxışlardan hamı kimi mən də çox şey öyrənirəm. Heyranedici olan onun təkcə qüsursuz nitqi, gözəl diksiyası, qeyri-adi natiqlik istedadı deyil, həm də çıxışlarında dərin məsələlər qoyub onlara məharətlə cavab axtarmasıdır.

"Valideynlərimə baxanda mən həmişə düşünürdüm ki, nikahlar yerdə yox, göydə bağlanır. Bizim ailədə heç vaxt fikir ayrılığı olmurdu, çünki anam və atam bir- birini qeyri-adi şəkildə tamamlayırdılar. Atam bir dəfə mənə demişdi ki, əgər mən sənin anana rast gəlməsəydim, yəqin ki, heç vaxt ailə qurmayacaqdım" - Sevil Əliyeva xatirələrində söyləyir.

"Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub" - Bu sözlər isə Əliyevlər ailəsinin daha bir böyük siması, Prezident İlham Əliyevə məxsusdur. Anasının əllərinin yumşaqlığını heç vaxt unutmayan həssas oğul çox keyfiyyətləri üçün ona borcu olduğunu söyləmişdi.

İlham Əliyevin ömür-gün yoldaşı Mehriban xanım Zərifə xanımın əsl arzuladığı gəlin idi. O, səmimiyyət, xeyirxahlıq, yüksək mədəniyyət, alicənablıq - bütün bu müsbət keyfiyyətləri özündə birləşdirirdi.

Həyat bir-birindən təkrarsız anlar yaşadırdı. Belə anlardan biri Zərifə xanım Moskvadan gələrkən yaşanmışdı. Təyyarədə nasazlıq olduğu ortaya çıxmışdı. Hər dəqiqə fəlakət baş verə bilərdi. O isə öz aqibəti haqqında deyil, həyat yoldaşının bu itkiyə necə tab gətirəcəyi haqqında düşünürdü. Beynində yalnız bir fikir dolaşırdı: Bu barədə Heydər Əliyevə necə məlumat verəcəklər və dəhşətli xəbəri eşidəndə onun vəziyyəti necə olacaq?

Nəhayət ki, təhlükə sovuşdu və Zərifə xanım başqa bir təyyarəylə Bakıya qayıtdı. Təyyarə hava limanında enəndə onu xoş xəbər gözləyirdi.

- Zərifə xanım, narahatlığa görə üzr istəyirik. İndi verəcəyimiz xəbər sizin təlaşınızı unutduracaq. Heydər Əliyeviç sizi qarşılamağa gəlib. Böyük bir gül dəstəsilə.

Bu, həyatın ən unudulmaz anlarından biriydi.

Heydər Əliyev büruzə verməməyə çalışsa da, siması qayğılı idi.

- Təyyarədə nasazlıq oldu.

- Bilirəm. Dərhal mənə dedilər.

- Yəqin ki, çox qorxdun.

- Çox. Amma inandım ki, sənə heç nə olmayacaq. Tale mənə heç vaxt bunu etməz.

Zərifə xanım gülümsündü. Bu qeyri-adi adam ona taleyin ən böyük hədiyyəsi idi və onun həyatı üçün öz həyatını düşünmədən qurban verə bilərdi.

Bəlkə də Zərifə xanımın könül pıçıltılarını tale eşitdi və onu amansız xəstəliklə son yolçuluğa hazırladı. Xəstəxanada keçirdiyi sonuncu gün ömür dostuna bir bükülü verdi:

- Heydər, bu gün qəribə bir əhval məni bürüdü. Elə sandım ki, yenə evimizin bağçasındayıq: Sən, mən, İlham, Mehriban və Sevil. Yenə xoşbəxtik, gülürük. Başımızın üstündə durnalar uçur. Sanki bizim xoşbəxtliyimizi uzaq ellərə yaymaq, əsl xoşbəxtlikdən soraq vermək istəyirlər. Ürəyim sakit oldu. Anladım ki, bu xoşbəxtlik bitməyəcək, kainata qarışıb yaşayacaq.

- Zərifə, bizim xoşbəxt günlərimiz hələ çox olacaq. O gözəl anları gerçəklikdə görəcəyik. Kainata çox sevgi dolu mesajlar göndərəcəyik.

- Mən... bir məktub yazdım. Amma hələ oxuma. Bir də bu bükülü səndə qalsın.

- İçində nə var?

- Sənin mənə toy günü hədiyyə etdiyin sırğalar. Mən onları talisman kimi saxlayırdım...

...17 aprel, 1985-ci idə Zərifə Əliyeva gözlərini əbədilik yumdu. Onun ömür dostuna yazdığı məktub bu sözlərlə bitirdi: "Məndən ötrü narahat olma, uşaqlara yaxşı bax və həmişə yadında saxla ki, səni çox sevirəm".

Zərifə xanımın vəfatı Heydər Əliyevi dərindən sarsıtmışdı və həyatını onsuz təsəvvür edə bimirdi. Hər gün onun məzarına gedir, saatlarla səssizcə dayanırdı. Hamı bilirdi ki, ürəyində onunla danışır. 

Sevil Əliyeva Zərifə xanımın xatirəsinə ən gözəl əsərini ("Ana") yazdı və Müslüm Maqomayev böyük sənətkarlıqla həmin əsəri ifa etdi. Müslüm Maqomayevin özünün Zərifə xanımın xatirəsinə həsr etdiyi "Elegiya" əsərini də Heydər Əliyev göz yaşlarıyla dinlədi və müğənniyə zəng vurub təşəkkür etdi.

Zərifə xanımsız Heydər Əliyev 18 il yaşadı və bu 18 ilin bir gününü də onu düşünmədən, anmadan, həyatına gətirdiyi sonsuz sevgi, hüzur, xoşbəxtlik üçün xəyalən ona təşəkkür etmədən keçirmədi.

"Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam".

Bir-birini yarım kəlmədən anlayan bu iki dahi insanın ruhları əbədi qovuşub, çünki böyük məhəbbətlər ölümə təslim olmurlar...

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49