Yanan “Sədərək” bazarında Vasif Talıbovun nə qədər payı var?

12/01/2023 - 09:12

Vaxtaşırı ölkənin ticarət mərkəzlərində yanğınlar çıxır. Bəzən belə iddialar səslənirdi ki, bu yanğınlar qəsdən törədilir. Kimisi sahibkarlar arasındakı qalmaqaldan yana, kimisi də oliqarxların davasının nəticəsi olaraq alış-veriş mərkəzlərinə od vurulduğunu iddia edir.

Qafqaz.medimusavat.com-a istinadən xəbər verir ki, son vaxtlar “Binə” və “Sədərək” ticarət mərkəzlərində də yanğınlar intensivləşib. Ötən həftə “Sədərək”də axşam vaxtı yanğın oldu.

Azərbaycan Respublikası Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi “Sədərək” ticarət mərkəzində yanğınla bağlı birgə məlumat yayıb bəyan etdi ki, yanğın qəsdən törədilib: “Xəbər verildiyi kimi, yanvarın 8-i  18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib. Baş vermiş hadisə ilə bağlı zəruri istintaq hərəkətləri aparılıb. İlkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

“Sədərək” TM-də mağazası yanmış sahibkar Elçin Mahmudov “Sputnik Azərbaycan”a danışıb. O, açıqlamasında bildirib ki, yanğında şübhəli bilinən Əfqan Abdullayev də orada atası ilə birgə mağaza işlədir. Onun sözlərinə görə, elə yanğın onların mağazasından başlayıb:

“Əfqan atası ilə birgə yorğan-balınc, tekstil məhsulları satır. Onlar yeri icarəyə götürmüşdülər. Yanğını Əfqanın qəsdən törətməsinə inana bilmirəm. Atası çox yaxşı, namaz qılan insandır. Özünü də pis insan kimi tanımırıq. Yanğın baş verəndən sonra ondan soruşdum ki, bu hadisə necə olub? Mənə bildirdi ki, ən son o çıxıb, çıxanda sayğacı söndürüb. Onların mağazasında elektrik qızdırıcısı da olmayıb. Yanğını öz mağazasında törətməsinə adamın inanmağı gəlmir. Onu şəxsən yaxşı tanımasam da, atası çox hörmətli, din əhlidir. Belə hadisəni onun oğlunun törətməsi də ağlabatan görünmür. Amma yenə yəqin prokurorluq araşdıraraq hüquqi qiymət verəcək”.

Əfqan Abdullayevin atası Səməd Abdullayev yanğın hadisəsini oğlunun törətmədiyini bildirib. Onun sözlərinə görə, yanğının oğlu ticarət mərkəzindən çıxdıqdan sonra baş verdiyini kamera görüntüləri də təsdiqləyir: “Mənim oğlumun ağlı yerindədir. Dəli deyil ki, öz mağazasını yandıra. Biz təzəcə mal vurub mağazamızı doldurmuşduq. Oğluma başqa adla sənədə imza atdırıblar. Onu aldadaraq yanğını törətdiyini təsdiqləyən sənədə imza atdırıblar. Mən yeni əməliyyat olunmuşam. Dünən səhər 10-dan oğlumu çək-çevirə salıb sonda axşam 7-də bir sənədə imza atdırmaqla həbs ediblər. Biz öz qohumumuzun mərkəzinə ziyan vurarıqmı? O ticarət mərkəzində hər kəs məni də, oğlumu da yaxşı tanıyır. Hamısı bilir ki, biz belə iş görmərik. Ona görə kim mənə zəng edir, oğlumu şərləməkdə nə məqsəd olduğunu soruşur. Biz öz çörəyimizin də düşməni deyilik ki. Oradan bizim ailəmiz də çörək yeyir. Öz malına od vuracaq qədər ağlımızı itirməmişik. Oğlumu dövlət vəkillə təmin edib. Bu gün özüm bu işin arxasınca gedəcəm. Yanğın qısa qapanmadan baş verib”.

Göründüyü kimi, rəsmi məlumatda adı yanğını törədən şəxs olaraq yer alan Əfqan Abdullayevin atası Səməd Abdullayev bu ittihamı çox ciddi şəkildə rədd edir.

Bəs yanğın necə yaranıb? “Sədərək”də 27 mağazanın yanıb kül olmasının səbəbi nədir? Adətən belə hallarda bütün “yük” qısaqapanmanın üzərinə qoyulur və yanğına görə günahkar da olmur.

Bu dəfə isə ortada yanğını törədən şəxs kimi həbs olunan var. Bu həbsin səbəbi nədir? Səməd Abdullayevin dediklərindən belə aydın olur ki,  oğlunu aldadaraq yanğını törətdiyini təsdiqləyən sənədə imza atdırıblar. Bu çox ciddi iittihamdır.

Səməd Abdullayevin “ona görə kim mənə zəng edir, oğlumu şərləməkdə nə məqsəd olduğunu soruşur” sözlərinə də xüsusi olaraq diqqət yetirilməlidir.

Digər bir maraqlı, xüsusi diqqət yetirilməli məqamı isə Abdullayevlərin bazarda mağaza qonşuları Elçin Mahmudov dilə gətirib. Deyib ki, yanan mağazada ümumiyyətlə qızdırıcı olmayıb: “Onların mağazasında elektrik qızdırıcısı da olmayıb”.

Üstəlik qonşusu deyir ki,  Əfqan Abdullayev mağazanı tərk edərkən elektrik sayğacını da söndürüb.

Belə halda qısaqapanma, elektriklə işləyən qızdırıcıda əmələ gələn yanğının mağazaya yayılması kimi ehtimallar aradan qalxır.

Fakt isə faktlığında qalır: bir gecədə “Sədərək”də 27 mağaza kül olub, sahibkarlara külli miqdarda ziyan dəyib!

Bu yanğın kimə sərf edə bilər?

Bu suala cavab axtarmaq üçün bir neçə mənbəyə müraciət etdik. Öyrəndik ki, “Sədərək” bazarı 146 hektar ərazidə yerləşir. Həmin torpaq isə dövlətə məxsusdur və Dövlət Əmlak Komitəsinə hər ay 1 hektara görə 2 min 500 manat torpaq vergisi ödəməlidir.

Mənbəmiz deyir: “Təsəvvür edin ki, adi pinəçidən hər ay 35 manat torpaq vergisi alırlar. “Sədərək” bazarından isə hər ay 365 min manat torpaq vergisi əvəzinə 15 min manat alınır, şəxsi ciblərə isə 20 min bir məmura, 50 min də onun rəisinə ötürülməklə məsələ həll olunur. Ayda torpaq vergisindən 280 min manat qabaq düşürlər. Yəni bu məbləğ dövlət büdcəsindən yayındırılır. Bu məsələ ciddi yoxlanılsa, dediklərimizin həqiqət olduğunu görəcək. Hər il 3 milyon 360 min manat büdcədən bu şəkildə yayındırılır. Bu ancaq torpaq vergisindən yayındırılan pullardır. Orada vergidən yayınma halları kütləvi hal alıb. Yanğın da bazarda yoxlamaların olacağı ilə bağlı xəbərdən sonra ortaya çıxdı”.

“Yanğının törədilməsindən kimlər və nə qazandı” sualına mənbəmiz belə cavab verib: “Bazarda yanğın baş verəndən sonra bazar sahibləri sığorta şirkətindən külli miqdarda pul alır. Bazar rəhbərliyinin maraqlarına uyğun sığortalanıb. Yəni bazarda işləyən sahibkara sığorta şirkəti 1 qəpik də ödəmir. Bundan başqa İqtisadiyyat Nazirliyi belə hallarda bazarı bir neçə aylıq vergilərdən azad olunması barədə qərar verir”.

Digər bir mənbəmiz isə iddia edib ki, yanğın çıxan bazarda Vasif Talıbovun 45 faizə qədər payı var və illərlə onun “krışa”sı altında olan bazarda yoxlamalar aparılmayıb.

“İllərdir ki, bazar rəhbərliyi dövlətə məxsus yolu kəsərək şlaqbaum qoyub. Bazara maşınla girmək istəyən hər kəsdən 50 qəpik pul alınır. Mətbuat nümayəndələri yanğından 1 gün əvvəl bazarın girişindəki bu qanunsuzluğun videosunu çəkdilər və bazar rəhbərlərindən biri olan Kamaləddin Qədimdən bunun səbəbini soruşdular. Kamaləddin Qədim sürücülərdən bazara girişə görə pul yığılmadığını dedi. Faktiki isə bu gün də “Sədərək” bazarının girişində hər bir sürücüdən 50 qəpik alınır. Yoxlayan olsa, görəcəklər ki, illərdir dövlətə məxsus yolu tam qanunsuz olaraq bağlayıblar, hər gün bazara gələn minlərlə sürücüdən pul yığırlar. Bu pulların heç bir rəsmi qeydiyyatda yoxdur və hər hansı bir vergi də ödənmir”.

Qaynağımız iddia edib ki, bu məsələlər ictimailəşəndən dərhal sonra bazarda yanğının meydana gəlməsi diqqətin başqa istiqamətə yönləndirilməsinə xidmət edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00