Yazarın intiharı...- Günel Natiq yazır

02/10/2024 - 05:36

 

 

Qəribə şəhər idi. Hamı ac-yalavac oturub xəbər gözləyirdi. Bu adamların yeməyi nə ət, nə başqa bir şey idi. Onlar xəbər ye­yir­dilər. Ac adam bir qarın çörəyi necə arzulayar? Bu adamlar da bir “qa­rın” xəbəri elə arzulayırdılar. Təzə məlumat eşidəndə ac qurdlar ki­mi hücuma keçirdilər. Xəbəri isti-isti yeyirdilər, gah da xəmir ki­mi yoğurub yapırdılar, cürbəcür bişmişlər bişirirdilər. Biri istiotunu çox edirdi, biri şirin bişirirdi, biri südünü çox edirdi, süd tapmayan qaymaq vururdu. Qısası, hərənin öz zövqü, üslubu, niyyəti vardı.

Xəbər olmasa, yaşayış da yox idi. Hərə bir yerdə yatıb qalırdı. Bi­ri elə yol getdiyi yerdə yatırdı. Biri oturduğu yerdə. Biri elə yat­dı­ğı yerdə yatırdı. Bu şəhərin adamları oyaq qalmağı sevmirdilər. Oyaq olan da özünü yuxuluğa vururdu. Bu şəhərin adamlarını ancaq xəbər ehtiyacı oyada bilirdi. Mürgülü halda gözlərini açıb baxırdılar ki, xəbər gəlib, yoxsa yox. O da vizual ayıqlıq olurdu.

Xəbərsiz qalanda adamlar elə utanırdılar ki, elə bil başsız qalıblar. Heç bir-birlərinin gözlərinin içinə də baxa bilmirdiər. Xəbər olanda isə kefləri düzəlirdi, utanmaqları keçirdi, qarınları doyurdu.

Ən çox intihar xəbərlərinə oyanırdı bu şəhər. İntihar olan kimi dik atılıb işə başlayırdılar.

Xəbər olmayanda sanki tarlalara yağış yağmırdı, quraqlıq olur­­du. Özlərinə təsəlli verirdilər ki, olacaq, olmalıdır... Axı filankəs dedi ki...

O biri başını qaldırıb ümidlə:

-Hə? Nə dedi?

-Dedi ki, olacaq...

-Hə, görək də...

Elə bu məqamda Tərs Söyün təxəllüslü şairin intihar yol­çu­luğuna çıxdığı xəbəri gəldi. Özü də deyirdilər təmtəraqlı şəkildə əv­vəl­cədən elan edib ki, intihar etməyə gedir. Camaat bunun ətə­yin­dən tutub yalvarıb ki, əl bizim, ətək sənin. Şair bunların əlindən elə sıyrılıb çıxıb ki, ətəyi camaatın əlində qalıb.

Hərə yaşamaq üçün bir səbəb uydurub, amma heç biri şairin bey­ninə batmayıb. O, qərara gəlib ki, burda vaxt itirməkdənsə, elə özü­nü ölümün ağuşuna atsa yaxşıdır. Onsuz da dünya fanidir, nə qə­dər tez getsən, o dünyada bir o qədər tez yurd-yuva sahibi olarsan... Bu axırıncını camaat ehtimal edib.

Şair gedəndən sonra çoxdan görünməyən canlanma müşahidə olu­nub, camaat bir canfəşanlıq edib, gəl görəsən. Biri ah çəkib, ahın­­dan yer-göy silkələnib. Biri bayatı deyib, o biri huşunu itirib, o bi­­risi “xalqdan getdi” deyə dəli bir hönkürtü çəkib. Dördüncüsü şairin xatirəsinə kitab bağlamağı təklif edib, redaktorluğunu da öz üzə­­rinə götürüb. Beşincisi deyib, yaxşı kişiydi, bu kişiyə rəhmət dü­şür.

-Allah rəhmət eləsin, - bir neçə səs birdən tüfəng kimi açılıb.

“Rəhmət” sözünü eşidən Huşsuz Haşım qayıdıb ki:

Uje?

Hacıqulu dodağının altında çox güman ki, dua oxuduqdan sonra deyib ki:

-Hər halda indiyə kimi xəbəri çıxmış olar.

Tərs Söyünün intiharını müzakirə edən yazı-pozu adamları cavanlı-qocalı çayxanaya yığışmışdılar. Simalarındakı hüzn onları nəcib və dalğın göstərirdi. Bu obraz hamısının ürəyincə idi.

-Bu intiharda mənim də günahım var,- Qayib Qızılbarmaq aram-aram dilləndi.- gərək rəhmətliyin dərd-sərindən vaxtında xə­bər tutardım.

“Dərd-səri qurtarırdı ki, yetimin”,- donosçu Əbləh ürəyində dedi.

-Mənim də günahım var,- Huşsuz Haşım dilləndi. – prob­lem­lə­ri vardı. Mənə də eşitdirmişdi vaxtilə... Mən də demişdim ki...

-Hamımızın günahı var, hamımızın!- pafosla çıxış etməyi se­vən Dəli Cümşüd dedi.

-Mənim də günahım var?- atasının yanında oturan uşaq so­ruş­du.

Hamı güldü. Amma elə güldülər ki, nəcib, xəfif hüzn üz­lə­rin­dən çəkilməsin.

-Heyf uşaqdan,- ağsaqqal qəzetçi mərhum haqqında xatirələrə qayıtdı.- mərifətli, qanacaqlı..

-Qurban olum Allaha, - Hikmətqulu mənalı-mənalı dedi.- niyə elə yaxşıları aparır?

-Ah!- donosçu dala qaldığını görüb dərindən bir ah çəkdi, elə bu dəmdə bir nəfər dəli kimi özünü çayxanaya atdı:

-A kişilər, bəs deyirdiz, Tərs Söyün özünü körpüdən atıb?

-Mərhum tərsin biri idi, heç bizə qulaq asdı ki?- ağsaqqal qəzetçi dilləndi.

-Ee onu demirəm e... İndi körpüdən gəlirəm, orda cəsəd-zad yoxdu axı!

-Ə indiyə cəsəd qalar? Çoxdan morqa aparıblar, - Dəli Cümşüd dedi.

-Əşi, orda iki polis vardı, dedilər, özünü atan olsaydı, biz yüz faiz görərdik.

-Yüz yox, iki yüz əlli faiz görərdilər!-çay içənlərdən biri təsdiq etdi.

-Yəni deyirsiz...-donosçu şübhəli-şübhəli soruşdu.- vaz ke­çib?

Hamı bir anlıq susdu. Ağsaqqal qəzetçi ağır kişilərə məxsus havasıyla:

-Əşi yox, elə oğlan döyüldü o. Dediyini eliyəndü.

Hikmətqulu Mənalı mənalı-mənalı başını buladı. Yəni ki, ağlım kəsmir.

Telefonun səsi sükutu pozdu. Köstəbək baş redaktor “heç yeridi” ədasıyla telefonu qulağına tutdu:

-Nədi ay arvad? Nə bilim, hüzrə gedəndə nə geyinəssən? Ki­min hüz­rünə gedirsən? Tərs Söyünün? Ay arvad, ortada meyit-filan yox­­du, qoy görək hələ, kimin hüzrünə gedirsən? Açıl başımdan gö­rüm. Əh!

Baş redaktor hirslə telefonu stolun üstünə atdı.

Çayxanadakılar elə bil quraqlığın depressiya gətirən havasını hiss etdilər, ətləri ürpəşdi. Elə nəsə deməyə hazırlaşırdılar ki, qapı açıl­dı, Tərs Söyün içəri daxil oldu. Yaxşıca qaralmışdı. Hiss olu­nur­du ki, dəniz havası alıb.

-Ay salaməleykum,- deyibən stul çəkib oturdu. Ona dikilən baxışları hiss etmədən üzünü çayçıya tutdu, -ay uşaq, mənə bir çay gətir, xoruzquyruğu olsun ha.

-Ə yekə kişisən, - ağsaqqal qəzetçi handan-hana dilləndi,- de­mir­sən, bu qədər adamı işindən-gücündən avara eləmisən? Balam, biz də intihar görmüşük də. Bunun bir qaydası var, ədəb-ərkanı var. Nə ağsaqqal tanıyursuz, nə qarasaqqal. İntihar ciddi işdi, bala. Nə qə­­dər ki, su dizinə çıxıb, “lənət kor şeytana” deyirsən. Belivə ki, çıx­­dı, hə, iş bir az çətinləşir. Elə ki, boğazıva çıxır, ta yolun yoxdu, ba­­la, gərək canıvı qurtarasan.

Ağsaqqal ara verib Tərs Söyünə baxdı. Tərs Söyün hörmət əla­məti olaraq başını tərpədirdi, 

 

amma gözü divara vurulmuş te­le­vi­zorda qalmışdı.

-Heç utanırsan?-ağsaqqal qəzetçi bu sözü lap bərkdən dedi. Hamı o dəqiqə başa düşdü ki, Tərs Söyün nəyə görə utanmalıdır.

Televizorda Tərs Söyünü göstərirdilər. Diktor kadr arxasından zabitəli səslə oxuyurdu:

-Körpüyə intihar etməyə gedən Tərs Söyün ləqəbli şair tıxac sə­bəbindən mənzil başına çata bilməyib. Ona görə istiqamətini də­yi­şib Şıxov çimərliyinə gedib. Şair yaşamla ölüm arasında çox çətin anlar yaşadığını bildirib. İntihar fikrindən daşınan şair bu haqda geniş həcmli poema yazacağına söz verib.

Çayxanadakılar gözlərini televizordan çəkib Tərs Söyünün üzü­nə dikdilər. O, heç nə olmamış kimi çayını qurtumladırdı. De­yə­sən, dənizdə yanıb-qaralan şair bərk susamışdı. Bəlkə də poema­sı­nın ilk sətirlərini düşünürdü.

Birinci ağsaqqal qəzetçi durdu. Sonra köstəbək baş redaktor, onun ardınca donosçu Əbləh, onun ardınca Xalxal Xallı və qeyriləri qeyz­­­­lə yerlərindən qalxıb qapını çırpıb getdilər. Bu kütləvi gediş ça­yın üs­tündən ləzzətlə siqaret tüstülədən Tərs Söyünün heç vecinə də ol­­ma­dı.

Köstəbək baş redaktor evdə arvadına məhəl qoymadan sabah qə­­zetə nə xəbər yazacağını fikirləşirdi:

-Azz, hər şey bir tərəfə, mənim gül kimi başlığım əldən getdi e! Gör nə yazmışdım - yazacaqdım yəni: “Körpüdən qanadsız uçan şair!” Təxəyyülə bax e! Hamısı əldən getdi!

Donosçu Əbləh yazı otağının zəif işıqlandırılmış guşəsində otu­rub qaranlığa baxırdı. Bu vəziyyətdə bərəlmiş gözlərilə xa­ra­ba­lı­ğı seyr edən bayquşu xatırladırdı. Sonra qərarlı şəkildə qələmi əlinə al­dı:

-Ac adamlara nə versən, həzm-rabedən keçirəcək. Nə yazsam, ac mədələrini dolduracam. Bu da mənim xidmətim olsun.- Bir anlıq əl saxlayıb xırıltılı səslə güldü.- Hi-hi. İnsanlıq məni unut­ma­ya­caq.

Tərs Söyünün öldüyünü eşidən Alkaş Yetim əməlli-başlı ağı deyib, yas tutur, ağacı qucaqlayıb ağlayırdı:

-Söyün, ay Söyün, məni paxmel-paxmel qoyub hara getdin? İn­di mən sənin yerinə bu ağacı qucaqlayıb ağlayım, hə? Heç ol­ma­sa, yüz-yüz zakaz verib gedərdin. Axı biz uşaqlıq dostu olmuşuq... Sö­yün, ay Söyün...

Alkaş ağacın yanında tirtap yerə sərilib yatdığı vaxt şəhər yuxuya qərq olmuşdu. Hələ ki, deyiləcək söz qalmamışdı.

Səhərki qəzetlərdə körpüdən reportaj çap olunmuşdu. Tərs Sö­yünün intihara təhrik olunduğuna diqqəti çəkən müəllif bütün ədə­bi cameənin bu təxribatda əli olduğuna oxucuları inandırmaq is­tə­yirdi. Ona görə bu adamların fəaliyyətinin məhdud­laş­dı­rıl­ma­sı­nın ümu­mi işin xeyrinə olacağı vurğulanırdı.

Köstəbək baş redaktor və dəstəsi məqalənin müzakirəsindən bir şey çıxmayacağını görüb boğazlarını yaşlamağa getdilər. Baş redaktorun içindən qara qanlar axarkən, Alkaş Yetim kafenin ya­nın­dakı ağacı qucaqlayıb hönkür-hönkür ağlayırdı.

-Bu Yetimə elə bu ağac qalacaq,- köstəbək əlini yelləyib ka­fe­yə girdi. Donosçu Əbləh və qeyriləri də əllərini yelləyib baş re­dak­torun ardınca getdilər.

Küçələri gözləri böyüyüb hədəqədən çıxmış insanlar bas­mış­dı. Hamı nə isə gəzirdi, axtarırdı, amma bu “nə isə”nin nədən ibarət ol­­duğunu heç kim bilmirdi. Əslində, bilirdilər təxmini nə lazımdır. Təx­­minən çörək lazım idi, amma artıq bu ikinci plana keçmişdi. İn­di camaatı çörək də qurtarmazdı. Çörək ağ günlər üçün idi. Adamlar isə günlərin rəngini çoxdan unutmuşdular. Ağı, mavini, narıncını, çəh­­­rayını... Artıq göy qurşağını görənlər olmurdu. Nə illah edir­di­lər­­sə, görə bilmirdilər. İndi insanları başqa şeylər ruhən dincəldə bi­lər­di...

Günün günorta çağı gənc yazıçı Kamil Kəllənin xəbəri ya­yıldı. Dedilər o da intihar edir. Özü də bazarda, adamların içində.

Söhbət gəzirdi ki, bazara ət almağa gələn gənc yazıçı hər şe­yin od qiymətinə olduğunu görüb özünü oda atıb. İndi onu bu odd­an heç kim qurtara bilməz. Çünki bütün damarlarını kəsib və çətin ki, həkimlər onu xilas edə bilsin.

Televiziyalar kameralarını götürüb bazara axışdılar. Doğrudan da dəhşətli görüntü idi. Gənc yazıçı qollarını qaldırmışdı, qan üzü­aşağı qəribə bir tələskənliklə süzülürdü. Elə bil o da gənc yazıçının yox­sul varlığını tezliklə tərk eləmək istəyirdi.

Kamil Kəllə qəribə baxışlarla baxırdı. Üzündən əzab, ağrı yox, həzz yağırdı. Elə bil ağrı onu yox, o ağrını ye­yə­­cəkdi və bunun gözləntisinin eyforiyasına qapılmışdı. Qollarını şövq­­lə qaldırmışdı. Damarlarında qan azaldıqca üzü saralmaq yerinə, sanki daha çox qanla dolurdu.

Son vaxtlarda gənc yazıçının elə bir sensasiyalı yazısı çap olun­­mamışdı. Belə bir ölüm onun möhtəşəm yaradıcılıq nümunəsi ola bilərdi, bəlkə də bununla parlamaq, yaddaşlarda qalmaq is­tə­yir­di.

- “Görürsüz, necə ölürəm? Ya da ölə bilərəm?” - deməkdir bu. Bu yazıçı elə həmişə özünəvurğun olub”,- donosçu Əbləh yavaşca dedi. -yəqin ki, ölümünü də gözə soxub, “necə gözəl ölürəm”, - de­mək istəyir.

Paxıl İbiş dodaqlarını marçıldatdı. Yəqin ki, o heç vaxt belə gözəl ölə bilməyəcək. Hardadı onda bu təxəyyül?

“Camaatın fantaziyasına bax e”, - Paxıl İbiş Kamil Kəllənin par-par parıldayan gözlərinə baxıb düşündü.

-Həyatını ədəbiyyata qurban verdi, amma yolun sonunda gün­də­mə gəldi, -bu mərasimi izləyən həmkarlarından biri gözünün ya­şı­nı sildi.

-Ay camaat, kənara çəkilin, mane olursunuz, kameralar çəkə bilmir,- televiziyanın rejissoru qışqırdı.

-Axırıncı dəfə kino çəkəndə belə qələbəlik vardı,- operator alnının tərini silərək kütləyə şövqlə nəzər saldı.

-17 xəbərlərində intiharı elan edə bilməsək, heç olmasa,        18 xə­bərlərinə çatdıra bilək,-rejissor fikirli-fikirli dedi.

-Niyə elan edə bilmərik, qağa?- gənc assisent maraqlandı.

-Görmürsən ki, işi uzadır? Belə intihar olar? Ay balam, öl qur­­tar, işimizi bilək də. Pah atonnan. Buna nə var ki. Canını qur­ta­rıb gedir. İş qalır bizim üstümüzə. Ora bax, gör necə gülür? Dərd bi­zim dərdimizdi e. Bu xəbəri birinci yetişdirməsək, yenə reytinqdə da­la düşəcəyik, baş direktor da bir saat moizə oxuyacaq.

“Qoymayın, gənc yazar intihar edir, lütfən, bu qanlı olayı dur­durun,- qlo­bal məsələlərə reaksiya verməyən jurnalist Fatma Qaraca ra­dioları zəbt eləmişdi.- Kamil Kəllə özünü kəsir!”

-Biabırçılıqdır! İnsanlar meydanlarda özünü kəsib-doğrayır, biz isə yır­ğa­lana-yırğalana yol gedirik, - xəbəri avtobusda eşi­dən­lər­dən biri öz-özünə deyindi.

-Ay sərnişin, neyləyim, avtobusa qanad taxım?-sürücü əsəbi­ləş­di,- həm də ki, bizim marşrutumuz başqadır, ora getmirik ki.

Kişi üz-gözünü büzüşdürdü, amma heç nə deməyib üzünü pəncərəyə tutdu.

Meydanda isə qələbəlik artırdı. Camaat o qədər yığılmışdı ki, Ka­­mil Kəllə arada itib-batmışdı. Kameralar obyekti itirdiyi üçün re­jis­­sor operatoru danlamağa üz tutdu. Meydana toplaşanlar kor adam­lar ki­mi əllərini bir-birlərinin üz-gözündə gəzdirir, tanış simanı ax­ta­rır­dı­lar.

Gənc yazıçı yoxa çıxmışdı.

-Bəlkə morqa aparıblar,- yenə Huşsuz Haşım dilləndi.

-Necə də gözəl ölürdü,- Paxıl İbiş təəssüflə dedi.

-Allah qəni-qəni rəhmət eləsin,- Hacıqulu dilləndi.- axır qəminiz olsun. Fatehə!

Yazarlar çaşıb qaldılar. Bəziləri salavat çevirdi, bəziləri də özünün ateist mövqeyini xatırlayıb əlini yanına saldı.

-Yol verin kameralara!-rejissorun hiddətli səsi eşidildi. Te­le­vi­ziya müxbirinin üzündən zəhrimar yağırdı:

- Yenə reytinqdə quyunun dibinə düşdük. Lənət şeytana. Bu ya­zıçı tay­fa­­sının ipinin üstünə odun yığmalı deyil də.

-Diqqət! Diqqət! - radiodan Fatma Qaracanın za­bi­tə­li səsi gəldi.

“Yüz faiz ölüm xəbərini verəcək”,- donosçu Əbləh düşündü.

“Gənc yazıçı Kamil Kəllə son dəqiqədə xilas edilib, - radio­dakı zəhmli səs gurladı.- hadisə yerinə gəlib çatan qohum-əqraba ya­zıçının həyatını xilas edib. Hazırda yazıçı əməlindən peş­man ol­du­ğunu bildirir və üzrxahlıq məktubu yazır. Məktub yaxın də­qi­qə­lərdə radiomuzun efirində oxunacaq. Bizi izləyin”.

-Gör e. Belə intihar olar? - avtobusda gedən kişi deyindi,- bi­zim vaxtımızda belə intiharlar olmurdu. Adam özünü öldürürdü, qur­­­­­tarıb gedirdi. Yoxsa ki, belə eləyəcəm, elə eləyəcəm. Ortada da heç nə yox. Yağmasaq da guruldamaq peşəmizdir. Biabırçılıqdır.

Avtobusdakılar da kişinin sözlərinə dəstək çıxıb başlarını bu­la­dılar.

Şəhərə ölü sükut çökdü. Bircə donosçu Əbləhin içində cür­bə­cür fikirlər qaynayırdı. - Məsələn, Kamil Kəllənin əslində intihar et­di­yini yox, etiraz əlaməti olaraq qollarını kəsdiyini iddia etmək olar. Kamil Kəllə ilə bərabər onun ətrafı da şübhə altına alınacaq. Ya da hansısa dini cərəyanla 

bağlamaq olar. Hər halda, bu olaydan ağıllı adam bacardığı qədər çox mənfəət əldə edər, - Əbləh fikirləşdi.

Camaat yenə xəbərsiz qaldı. Amma ümidlərini itirməmişdilər. Ac qurdlar kimi gözləri dərd gəzirdi. Öz dərdlərini unutmaq üçün bu yeganə yol idi.

-Hamı bir yerdə özünü körpüdən ata bilməz ki,- köstəbək baş redaktor dedi.- halbuki belə kütləvi intiharlar olub.

Baş redaktor tarixin meşəliyində qurdalandı. Yenə əlavə etdi:

-Hə, olub belə hallar. Ancaq indi olmaz. Şairlə yazıçı bizi pis və­­ziyyətdə qoydu. Heç gözləməzdim onlardan. Bu zibili edirsən axı­­ra­can elə də. Mənim babam deyərdi ki, çalış oyuna düşmə, düş­dün­sə də axıra qədər oyna, - Köstəbək baş redaktorun giley-güzarı sən­gimək bil­mir­di.

-Day deməyin...- donosçu Əbləh dilləndi,- bəs intiharın ar­xa­sın­­da dini təriqətlə bağlı səbəblərin olduğuna aid iddialara necə ba­xır­­sınız?

Baş redaktor başını qaşıdı:

-İndi Kamil Kəllənin zahiri görkəmini fikirləşirəm – saqqal uzun, saç uzun... Ərəbcə sözlər də işlədir hərdən. Nə bilim, vallah. Bəl­kə də oyun oynayırmış. Belə məsuliyyətsizlik olar? Biz də sadə­lövh ki­mi bu kişidən tutarlı hərəkətlər gözləyirdik... Bura bax, bəs ağ­­saq­qal hardadır?

-Dünənki hadisədən sonra ağsaqqalın ürəyi tutub. Gecə təcili yardım çağırıblar. Oğlanları deyib ki, atamıza bir şey olsa, Kəlləni özümüz körpüdən atacağıq.

-Görək də...- köstəbək baş redaktor fikirli-fikirli dedi.

-Canımçün, Kamil Kəllə haqqında elə gözəl nekroloq yazmış­dım,-Dəli Cümşüd dedi.- bütün gecəni evdə oxuyub ağlamışam.

-Daha niyə ağlayırdın ki?- baş redaktor tərs-tərs 

Biz də sadə­lövh ki­mi bu kişidən tutarlı hərəkətlər gözləyirdik... Bura bax, bəs ağ­­saq­qal hardadır?

-Dünənki hadisədən sonra ağsaqqalın ürəyi tutub. Gecə təcili yardım çağırıblar. Oğlanları deyib ki, atamıza bir şey olsa, Kəlləni özümüz körpüdən atacağıq.

-Görək də...- köstəbək baş redaktor fikirli-fikirli dedi.

-Canımçün, Kamil Kəllə haqqında elə gözəl nekroloq yazmış­dım,-Dəli Cümşüd dedi.- bütün gecəni evdə oxuyub ağlamışam.

-Daha niyə ağlayırdın ki?- baş redaktor tərs-tərs baxdı.

-Çox təsirliydi, ondan,- Dəli Cümşüd cibindən kağızları çı­xartdı.- oxuyum?

- Əşi, oxu da,- köstəbək dilxor-dilxor dilləndi.

Dəli Cümşüd boğazını arıtladı:

-O, ədəbiyyatımızın gözlüksüz belə uzaqgörən yazarlarından idi. O, çox uzaqlara gedəcəkdi. Çünki uzaqlardan gəlmişdi, çox uzaq­­­­lardan.

-Əşi, saxla görək, - baş redaktor bezgin-bezgin dilləndi,- çox uzağa getdin e. Nə isə. Bəlkə gedək bir vuraq? Bugünkü günümüz onsuz da alınmadı.

-Hesab məndən,-Əbləh özünü baş redaktora şirin göstərmək üçün dedi,- gözəl insanlara qulluq etməyi sevirəm. 

 

-Odey Alkaş Yetim də gəlir,- kimsə rəqs edə-edə gələn kişini göstərib dedi.

-Bax sənin toyunda mən belə rəqs edəcəkdim! İnanmırsan, ay mənim gözəl dostum, Kamil Kəllə!- Alkaş Yetim indi də yazıçının öldüyünü güman edirdi,- Sən də Tərs Söyünün dalınca getdin. İndi mən neyləyim, hə, neyləyim? Mən də gəlim?

Baş redaktor onsuz da dilxor idi, Alkaşın sözləri onu lap özün­dən çıxardı:

- Ə bu səfehi boş verin, bunun heç ağlı başında deyil. Əlisi dəli, Vəlisi dəli. Qırılmışın hamısı dəli.

Alkaş Yetim hələ də ağlayırdı:

- İndi mən neyləyim? Hə? Heç olmasa yüz-yüz zakaz verib gedərdiniz. Mən də içib deyərdim ki, ruhun şad olsun, Tərs Söyün! Ruhun şad olsun, Kamil Kəllə! Gör qardaşınız sizi necə yad edir! İçə-içə! Rəqs edə-edə!

Köstəbək baş redaktor dəstəsilə çayxanaya daxil olmuşdu ki, xəbər başının üstündən quş kimi şığıdı:

-Qoymayın, Alkaş körpüdən uçdu!

-Necə yəni uçdu?

-Vallah uçdu! Öz gözlərimlə gördüm!- hadisənin şahidi olan gənc ədəbi işçi dedi, - hələ telefonuma da çəkmişəm!

- Göstər görək!

Ədəbi işçi fərəhlə telefonunu çıxardı. Videonu göstərməzdən əvvəl özü haqda bir neçə kəlmə deməyi də borc bildi:

-Mən belə olayları diqqətdən qaçırmaram. Alkaş körpüyə ya­xın­laşan kimi hiss elədim ki, nəsə olacaq. Yəni ola bilər. O saat te­le­­fonumu çıxardım. Alkaş bir az tərəddüd elədi. Dedim, indi te­le­fo­nun zaryadkası qurtaracaq, eksküliziv çəkilişi edə bilməyəcəyəm. Am­ma yox, bir az dala çəkilib, qabağa cumdu və körpüdən tullandı! Heç üzgüçülər belə olimpiadalarda suya bu cür tullanmırlar! Nəsə belə gözəl mən­zərəydi!

Çayxanadakılar ədəbi işçinin sözlərini qulaqardına vurub videoya tamaşa edirdilər. Handan-hana köstəbək dedi:

-Kim deyərdi ki, Alkaş Yetim bunu edəcək. Doğrudan da quş kimi uçub.

Elə bil olayı dərk etmək üçün baş redaktorun təsdiqləməsi vacib idi. O saat canlanma başladı:

-Ə, televiziyalara xəbər edin!

-Televiziya nədir, ilk öncə bizim qəzet yazacaq!

-Özüm ölüm, qoymaram, bizim saytda gedəcək!

-Ə, mən yazajam, başınız haqqı!

-Necə yəni mən yazajam? Mənim nekroloqum hazırdı!

-Sən Kəllə haqqında yazmamışdın?

-Ə, nə səfehləyirsən? Adını dəyşəcəm də. Bir bax. “O, uzaq­lardan gəlmişdi, çox uzaqlardan...”

-Ə, kiriyin! - köstəbək baş redaktor dedi. Hamı susdu. Baş­la­rını aşağı dikdilər.

-Kim nə deyir desin, Alkaş Yetim kişi kimi hərəkət elədi,- baş redaktor dedi.- halal olsun.

Yazarlar fərəh hissilə “halal olsun” deyə-deyə qələbəliyin irəlilədiyi körpüyə doğru getdilər.

 

Günel NATİQ

Qafqaz.Media 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

"Yeni ulduz" qayıda bilər?
30/09/2024 - 10:54
Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49