ZYALILAR NİYƏ ZİYANLIYA ÇEVRİLİRLƏR?.. – Eldəniz Quliyev yazır
(Ziyalı insan işıqdan daha çox, işığın fəaliyyəti deməkdir)
Əgər hörmətli-izzətli ziyalılar vaxtında, yəni Qarabağ əlili aşkar biganəliklərə dözməyib, çarəni özünü yandırmaqda görəndə... pıçıltıyla da olsa, səsini çıxarsaydılar...
Əgər, öz halalca "qan pulunu" alana qədər qanı it qanına dönən və hər gecə odlu göz yaşları içində qovrulub-yanan şəhid ailələrinin, qazilərin ağrı-acılarına lap yavaşcadan da olsa, hay versəydilər...
Əgər ac-yalavac uşaqlarının solğun çöhrəsinə baxa bilmədiyindən özünə od vuran onlarla imkansız, kasıb insanın ürək parçalayan ah-naləsini eşidib də, bu faciələrin baiskarlarına qarşı, heç olmasa cınqırını çıxarsaydılar...
Əgər zərrə qədər də günahı olmayan insanların şər-şəbədəylə həbs edilməsinə və bu aşkar ədalətsizliyə qarşı haqq sözünü deməyə özündə bircə çimdik çürət tapsaydılar...
Əgər heç bir əsalandırılması olmayan qiymət artımlarını, işığın, qazın gülməli-ağlamalı limit oyunlarını sosial ədalətin pozulması, vətəndaşların güzəranına balta çalınması kimi dəyərləndirib də, onlara "YOX" desəydilər...
Və ən əsası, əgər ziyalı bəndələr öz vətəninin suyuyla axıb, oduyla yansaydılar, küləyiylə əsib yağışıyla yağsaydılar, millətinin nəfəsiylə ucalıb, otu-ağacı ilə böyüsəydilər...
Əgər öz doğma xalqının ağrı-acısını şəxsən özününkü bilib, onunla birgə ağlasaydılar, gülsəydilər, kədərlənib-sevinsəydilər...
...Əlbətdə, onda, inanın ki, bu gün kimsə çürət edib ziyalı bəndənin qarasına danışmaz, bostanına daş atmaz, rişxənd etməzdi!.. Və kimsə ağız bahəm edib ziyalının ziyanlıya çevrildiyini demək hünərində də bulunmazdı!
Özü də bu sadalananlar səbəblərin üzdə olanları, yüzdə biridi hələ!..
Ancaq nədənsə, daha doğrusu, elə bu səbəblərə görə də, mən bu gün susmaq istəyirəm - ürəyimdə ziyalı bəndənin bunca açağılanmasını haqsız-insafslz hesab etsəm belə!..
Eldəniz QULİYEV