ABŞ-də Azərbaycan Evinin açılışı olub - FOTO

18/08/2024 - 11:45

ABŞ-nin Virciniya ştatının Aleksandriya şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələrinin iştirak etdiyi mərasimə qırmızı lentin kəsilməsi ilə start verilib. Azərbaycan Assosiasiyasının həmtəsisçisi Sevda Tahirli qonaqları salamlayaraq burada Azərbaycan icmasının səmərəli fəaliyyəti barədə məlumat verib, Azərbaycan Evinin açılışının ABŞ-dəki icmamız üçün böyük bir ərməğan olduğunu dilə gətirib. Azərbaycan Evinin açılmasını icmanın fəallığının artmasına təsir təsir edən mühüm fakt kimi qiymətləndirən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edib. Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında həyata keçirilən layihələr barədə məlumat verən komitə sədri bildirib ki, bu günə qədər xarici ölkələrdə açılan Azərbaycan Evləri soydaşlarımızın şəbəkələşməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın ABŞ-dəki səfirliyinin müvəqqəti işlər vəkili Toğrul Əliyev Azərbaycan Evinin yaradılması münasibətilə soydaşlarımızı təbrik edib, Azərbaycan diasporuna uğurlar arzu edib. Azərbaycan Assosiasiyasının həmtəsisçisi, A-Level şirkətinin rəhbəri Ayan Əliyeva ABŞ-də soydaşlarımızın uğurlu fəaliyyətindən, ölkəmizlə bağlı həqiqətlərin ictimai-siyasi dairələrə çatdırılmasından və Azərbaycan Evi ilə bağlı planlarından danışıb. Çıxışlarda ana dilinin, tarix və mədəniyyətimizin təbliğinin daha da artırılmasının, gənclərin diaspor fəaliyyətinə cəlb olunmasının önəmi vurğulanıb, Azərbaycan Evinin gələcəkdə bu işə böyük töhfələr verəcəyinə ümid ifadə olunub. Açılış mərasimindən sonra Virciniyadakı Azərbaycan icması ilə görüş keçirilib. Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub. Fuad Muradov dövlətimizin diaspor siyasəti və komitənin gördüyü işlər barədə məlumat verib. İcma üzvlərinin çıxışlarında ABŞ-dəki Azərbaycan icmasının koordinasiyalı fəaliyyətinin gücləndiyi, təşkilatlanma və şəbəkələşmə proseslərinin sürətləndiyi nəzərə çatdırılıb. Daha sonra diaspor fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunub. Görüş diaspor fəaliyyətinin keyfiyyət göstəricilərinin artırılması, informasiya platformalarında fəallıq, diaspor hərəkatının hədəfləri və s. kimi mövzularda qarşılıqlı fikir mübadiləsinin aparılması, icmanın gələcək fəaliyyət prinsiplərinin, perspektivlərinin müzakirəsi və sualların cavablandırlması ilə yekunlaşıb.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42