ABŞ Niger hakimiyyəti ilə qoşunlarının çıxarılmasını müzakirə edir
Amerika Birləşmiş Ştatları qoşunlarını Niger ərazisindən çıxarılmasını başa çatdırmaq üçün Niameydəki rəsmilərlə danışıqlar aparır.
“Report” xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Fi deyib.
O qeyd edib ki, Pentaqonun nümayəndələri hazırda Nigerin paytaxtı Niameydədir.
“Biz hazırda Vətənin Qurtuluşu Milli Şurası (Niger - red.) ilə ABŞ qoşunlarının çıxarılması ilə bağlı işləyirik. Hazırda bu müzakirələr davam edir”.
Qeyd edək ki, cari ilin aprel ayında Birləşmiş Ştatlar Nigerin Vaşinqtonla hərbi əməkdaşlıq müqaviləsini ləğv edəcəyini deməsindən sonra qoşunların nizamlı çıxarılması planlarını müzakirə etməyə başlayacağını açıqlamışdı.
Tərəflər hərbçilərin çıxarılması şərtləri ilə bağlı məsləhətləşmələri davam etdirib və bəzi Amerika qoşunlarının Nigerin ərazisində qala bilməsi ehtimalını müzakirə ediblər.
“Politico”nun mənbəsinin sözlərinə görə, qoşunlar regionun digər ölkələrinə göndəriləcək və oradan əməliyyatları davam etdirə biləcəklər. Hərbçilərin sayının azaldılmasına ABŞ səfirliyinin təhlükəsizliyini təmin edən mühafizəçilər daxil deyil.