Azərbaycan idmanının Paris zəfəri – Prezidentdən yüksək qiymət və vacib tapşırıqlar

14/08/2024 - 16:30

XXXIII Yay Olimpiya Oyunları tarixin yaddaşına qovuşdu. Paris-2024-də 15 idman növü üzrə 17 proqramda 48 idmançı ilə təmsilçi olunan Azərbaycan millisinin qazancı 7 medal (2 qızıl, 2 gümüş, 3 bürünc) oldu. Cüdoçulardan Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlməklə Fransa paytaxtında Azərbaycanın Dövlət Himninin səsləndirilməsinə nail oldular. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) yalnız final görüşündə uduzmaqla gümüş medal qazandılar. Millimizin hesabına 3 bürünc medalı isə yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) yazdırdılar.

İlklərlə zəngin olimpiada

Azərbaycan yarışa qatılan 206 ölkənin yekun sıralamasında bu nəticə ilə 30-cu pillədə qərarlaşdı. Bu isə 8-ci dəfə qatıldığımız olimpiadalar tarixində ən yaxşı göstəricidir. Yaxın tarixə boylanmaqla bunun şahidi olmaq mümkündür. Müstəqil dövlət kimi ilk dəfə təmsil olunduğumuz Atlanta-1996-da millimiz 61-ci, Sidney-2000-də 34-cü, Afina-2004-də 50-ci, Pekin-2008-də 40-cı, London-2012-də 32-ci, Rio-2016-da 39-cu, Tokio-2020-də 67-ci yeri tutub. Göründüyü kimi, Paris-2024-də 30-cu olan komanda göstəricisini yaxşılaşdırıb.

Yekun sıralamada 176 ölkəyə yuxarıdan aşağı baxan Azərbaycanın postsovet məkanındakı mövqeyini də ürəkaçan saymaq mümkündür. Belə ki, millimiz yalnız üç ölkədən – 13-cü olan Özbəkistandan (8 qızıl, 2 gümüş, 3 bürünc), 22-ci yeri tutan Ukraynadan (3 qızıl, 5 gümüş, 4 bürünc) və 24-cü pillədə qərarlaşan Gürcüstandan (3 qızıl, 3 gümüş, 1 bürünc) geri qalıb. Maraq üçün qardaş Türkiyənin (3 gümüş, 5 bürünc) yarışı 64-cü, Ermənistanın (3 gümüş, 1 bürünc) isə 66-67-ci yerlərdə bitirdiyini də qeyd edək. Ümumiyyətlə, olimpiadada yalnız 91 ölkənin idmançıları fəxri kürsüdə yer alıblar. Yekun sıralamaya 126 medalla (40 qızıl, 44 gümüş, 42 bürünc) ABŞ başçılıq edib.

Azərbaycanın olimpiya millisinin ölkəmizə qarşı qərəzli və düşmən mövqeyi ilə seçilən Fransanın paytaxtında tarixi göstəriciyə imza atması, əlbəttə ki, sevindirici məqamdır. Paris-2024 ölkə idmanı üçün başqa ilklərlə də yadda qaldı. Belə ki, ilk dəfə iki cüdoçu eyni olimpiadada fəxri kürsünün ən yüksək pilləsində yer aldı. İlk dəfə bir boksçu ikinci olimpiya medalını əldə etdi. İlk dəfə məhz Parisdə komanda idman növündə (3x3 basketbol) təmsil olunduq. Bundan başqa, bədii gimnastika üzrə qrup hərəkətləri yığmamız 5-ci yeri tutmaqla olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atdı. Komanda daha əvvəl Pekin-2008-də 7-ci, Tokio-2020-də isə 10-cu olmuşdu.

İlklər sırasına Gənclər və İdman Nazirliyinin bir vacib addımını da əlavə etmək olar. Belə ki, məhz Paris-2024-də rekord sayda - 20 azərbaycanlı KİV təmsilçisi fəaliyyət göstərdi. Üstəlik, nazirlik rəsmiləri qələm əhlinin yad ölkədə rahat fəaliyyəti üçün bütün lazımi şəraiti yaratmışdı. Azərbaycanın Fransadakı səfirliyinin nəzdində yerləşən "Olimpiya Evi" də yarış boyunca medal qazanan idmançıların jurnalistlərlə görüş məkanına çevrildi. Bir sözlə, Azərbaycan nümayəndə heyəti vahid mexanizm kimi yerli publika qarşısına çıxdı.

Azərbaycan güləşi ilə bağlı bədbinliyə əsas yoxdur

Amma təbii ki, 7 medal Azərbaycan idmanının real gücünü, potensialını tam əks etdirmir. Gözləntilər ən azı 9 medal idi ki, bu nəticəni də qazanmaq mümkün olmadı. Azərbaycan idmanının “ağır artilleriyası” sayılan güləşdə gözləntilər tam doğrulmadı. Pəhləvanlar yığmanın hesabına 3 bürünc medal əlavə edə bildilər. Maraqlıdır ki, ilk dəfə finalda Azərbaycan güləşçisi mübarizə aparmadı. Təbii ki, bunun zədədən tutmuş, bir çox obyektiv və subyektiv səbəbləri var və onları bir-bir sadalamaq artıq vaxt itkisi olar. Sadəcə, bir məqamı xatırladaq ki, güləşçilərimiz 8 olimpiadada ümumilikdə 4 qızıl, 8 gümüş və 16 bürünc medal qazanıblar. Yunan-Roma güləşində 1 qızıl, 2 gümüş və 5 bürünc, kişilər və qadınların sərbəst güləşində isə 3 qızıl, 6 gümüş və 11 bürünc medal əldə olunub.

Parisdəki zəif çıxışa rəğmən, Azərbaycan güləşi ilə bağlı bədbinliyə qapılmaq üçün ciddi əsas yoxdur. Çünki bu sahədə yaradılan güclü maddi-texniki baza nəticəsində yetərincə kütləviliyə nail olunub. Yeniyetmə və gənclər arasında potensiallı, perspektiv vəd edən gənclərin sayı çoxdur. Sabah onlar arasından Namiq Abdullayev, Fərid Mansurov və Hacı Əliyev kimi tanınmış, dünya şöhrətli güləşçilərin çıxacağı, sadəcə, zaman məsələsidir. Azərbaycan güləşinin illərdi ənənəvi problemi olan ağır çəkilərdə legionerlərin xidmətindən yararlanmaqda da davam etmək lazımdır.

Faydalı legionerlərlə yola davam etmək lazımdır

Ümumiyyətlə, legioner mövzusu hər Yay Olimpiya Oyunlarından sonra önə çəkilir, ciddi müzakirə mövzusu kimi masaya yatırılır. Paris-2024-dən sonra da eyni mənzərənin şahidiyik. Amma unutmaq lazım deyil ki, onların qazandığı uğurlar anadan olduqları deyil, hazırda yaşadıqları və şərəfini qoruduqları ölkənin aktivinə yazılır. Onlar Parisdə fəxri kürsüyə qalxarkən də məhz Azərbaycan bayrağı dalğalandı, Dövlət Himni səsləndirildi. Ümumiyyətlə, səviyyəli legionerin xidmətindən, demək olar ki, dünyanın əksər ölkələri yararlanır. Əcnəbi idmançı yerli yeniyetmə və gənclər üçün həm nümunə, həm də yaxşı mənada qıcıq mənbəyidir. Üstəlik, hər idmançıya legioner demək də düzgün deyil. Məsələn, götürək boksçu Alfonso Dominqesi. O, Kubada anadan olsa da, uzun müddətdir ölkəmizdə yaşayır, azərbaycanlı xanımla ailə həyatı qurub. Taekvondoçu Qaşım Maqomedovu əvvəl anadan olduğu Rusiyada tanıyan yox idi. Yeniyetmə vaxtında Bakıya gələn idmançı məhz burada püxtələşdi və olimpiadada mübarizlik dastanı yazaraq Azərbaycanın adını ucaltdı. Haqqında çox danışılan 3x3 basketbol millimizin üzvlərindən ikisi də birbaşa ölkəmizə bağlı olanlardır. Bu komandanın Parisdə Çin və ABŞ millilərini məğlub etməsi, yekun sıralamada Fransa yığmasını qabaqlaması nəyə desən dəyərdi. Sözümüzün canı odur ki, ifrata varmadan, yalnız harada boşluq varsa, orada səviyyəli, Azərbaycan idmanı üçün faydalı və nümunəvi legionerlərə etimad göstərmək siyasəti bundan sonra da davam etdirilməlidir. Yarışlara turist kimi gedənlərdən (təəssüf ki, belələri də var) isə birdəfəlik imtina olunmalıdır.

Prezidentdən yüksək qiymət və tapşırıqlar

Azərbaycan Prezidenti İlham Əliyev də milli komandanın Paris-2024-dəki çıxışına yüksək qiymət verib. Onun imzaladığı sərəncamla yığma üzvləri və onların məşqçiləri təltif ediliblər. Ölkə başçısı həmçinin dünən onları qəbul edib və çox vacib mesajlar verib:

“Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İndi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir”.

Əlbəttə, idman Azərbaycanda dövlətin prioritet, daim diqqət və qayğı ilə əhatə olunan sahələrindəndir. Bu baxımdan federasiya rəsmiləri və idmançıların üzərinə düşən yüksək etimadı artıqlaması ilə doğrultmaq üçün səylə çalışmaqdır. Və yəqin ki, Paris olimpiadasının nəticələri də saf-çürük ediləcək və lazımi addımlar atılacaq. Çünki Azərbaycan idmanını qarşıda daha bir ciddi sınaq – Los-Anceles Yay Olimpiya Oyunları gözləyir. Bizi 4 illiyin ən böyük yarışından 4 il ayırsa da, artıq indidən bütün planlar cızılmalı, lazımi addımlar atılmalıdır. Hədəf isə, tam təbii olaraq, Paris-2024-dəkindən daha yaxşı nəticə olmalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10