Azərbaycanda yaş tütün istehsalında 34 % artım qeydə alınıb
Bu ilin yanvar-oktyabr aylarında sahələrdən 5 600 ton yaş tütün yığılaraq tədarük məntəqələrinə təhvil verilib. “Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 34 % çoxdur. Məlumata görə, respublikada tütün sahələrində məhsul yığımı davam edir: “Bu il Azərbaycanın 10 bölgəsində, o cümlədən Naxçıvan Muxtar Respublikasında tütün əkinləri həyata keçirilib. Ən çox tütün əkini Şəki-Zaqatala iqtisadi rayonunda əkilib, ölkə üzrə tütün əkinlərinin təxminən 90 %-ə yaxını bu iqtisadi zonanın payına düşür. Hazırda bölgələrdə tütün yığımı davam edir, respublika üzrə orta məhsuldarlıq 22 sentnerə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 sentner çoxdur”. Qeyd edək ki, bu il ölkədən xarici bazarlara tütün ixracında da ciddi artım qeydə alınıb. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici bazarlara 21,5 milyon ABŞ dolları dəyərində 7 min ton qutu tütün xammalı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrqü ilə müqayisədə dəyər ifadəsində 5,1 dəfə, həcm olaraq isə 3,5 dəfə çoxdur. Bildirilir ki, Azərbaycanda tütün əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır: “Aqrar Subsidiya Şurasının qərarına görə, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə Virciniya sortu tütün yetişdirən fermerlər tədarük məntəqələrinə təhvil verdikləri yaş tütünün hər tonuna görə 36 manat məhsul subsidiyası alacaqlar. Müasir suvarma sistemləri quraşdırılmamış sahələrdə becərilən və təhvil verilən Virciniya sortu yaş tütünün hər tonuna görə isə 18 manat subsidiya ödənilməsi nəzərdə tutulur. Digər sort tütün əkən fermerlər əkin sahələrinin müasir suvarma sistemləri ilə təmin edilib-edilməməsindən asılı olaraq təhvil verdikləri hər ton yaş məhsula görə 22 və 20 manat, quru tütünün tonuna görə isə 220 və 200 manat məhsul subsidiyası alacaqlar”.