BELARUS XİN RƏHBƏRİNİN QƏTLƏ YETİRİLDİYİ TƏSDİQLƏNİR - “The Daily Mirror”: “O, Qərblə gizli danışıqlardan sonra vəfat edib...”

27/11/2022 - 12:55

Qafqaz.media Belarus xarici işlər naziri Vladimir Makeyin ölümünün müəmmalı olduğu haqda dəyərli oxucularına məlumat vermişdi. Artıq Britaniya mənbələri də faktı təsdiq edərək, Makeyin Qərblə gizli danışıqlardan sonra “vəfat etməsinin” heç də təsadüf olmadığını ortaya qoyur.

Bu arada, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko da bildirib ki, Belarusun xarici işlər naziri Vladimir Makey zəhərlənmədən ölə bilərdi.

O, Twitter hesabında yazıb ki, bu hal Belarus prezidenti Aleksandr Lukaşenkoya mesaj ola bilər.

"Makeyi Lukaşenkonun mümkün varisi adlandırırdılar. O, Rusiyanın təsiri altında olmayan bir neçə nəfərdən biri idi. Deyirlər ki, bu, Lukaşenkoya mesaj ola bilər", - o, yazıb.

Eyni zamanda, Belarus mediası fərqli versiya verir. “Naşa Niva” nəşrinin məlumatına görə, Makeyin ölümünə çox güman ki, infarkt səbəb olub. Bu baş verəndə Makey Drozdidəki evində olub.

"Makey vəziyyətini ciddi qəbul etmədiyi üçün vaxtında həkimlərə müraciət etməyib”, - məlumatda deyilir.

Bu versiyanı məşhur rusiyalı hüquqşünas və ictimai xadim Mayk Feyqin də dəstəkləyir və o, Makeyin əslində Lukaşenkonun əvəzinə öldüyünə əmindir. Eyni zamanda, rusiyalı hüquqşünas qeyd edir ki, XİN rəhbəri Belarus prezidentinə çox yaxın olub, çünki o, siyasətdə çox məxfi məsələlərlə məşğul olub.

Qeyd edək ki, Makeyin kimyəvi maddələrlə zəhərlənə biləcəyi ilə bağlı versiyalar ifadə edilir, lakin bu nəzəriyyəni təsdiqləmək üçün yarılma və müayinə lazımdır. "Çox güman ki, onlar keçirilsə belə, nəticələri pərdə arxasında qalacaq", - Qərb şərhçiləri deyir.

Öz növbəsində Britaniyanın “The Daily Mirror” nəşrinin yazdığına görə, Vladimir Makey Ukrayna münaqişəsi ilə bağlı “gizli danışıqlardan” sonra dünyasını dəyişib.

Britaniyalılar vurğulayırlar ki, Makey rəsmi Minsklə Qərb arasında yeganə “kommunikasiya kanalı” olub.

Xatırladaq ki, Vladimir Makeyin müəmmalı şəkildə ölümü Papanın elçisi Ante Yoziçlə Ukraynada müharibəyə son qoymaq üçün gizli sülh planını müzakirə etdikdən bir gün sonra baş verib.

Qafqaz.media