"Bu büdcə yeni strateji hədəflərə çatmağımız istiqamətində mühüm mərhələ olacaq" - Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bugünkü iclasında büdcə layihəsi barədə çıxış edib.
"AzPolitika" həmin çıxışı təqdim edir:
"Dəyərli Sahibə xanım, Hörmətli deputatlar həmkarlarım və Hökumət üzvləri!
Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin zərfi haqqında fikirlərimi profil komitənin sədri olaraq bildirmək istərdim.
Azərbaycan iqtisadiyyatının son 20 illik inkişaf tarixi bariz şəkildə göstərir ki, Ümummilli lider Heydər Əliyev məntiqindəki "müstəqillik-iqtisadiyyat" dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə həmişə aktualdır. Güclü iqtisadiyyat müstəqilliyin mühüm şərtidir. Azərbaycanın uğurunun ən ümdə şərtlərindən biri də məhz uğurlu siyasi varis Prezident İlham Əliyevin müstəqilliyimizin təminatı olan bu iqtisadi potensialımızın yeni inkişaf mərhələsinə qaldırmasıdır.
Yeri gəlmişkən, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. İştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçirilməsi güclü iqtisadiyyatımızın göstəricisi kimi qiymətləndirilməlidir.
Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri sürətlə həyata keçirilir.
2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılmışdır. 2025-ci ildə 4 mlrd. manat məbləğində vəsait ayrılması nəzərdə tutulur. Sevindirici haldır ki, Vətən müharibəsindən sonra Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi davamlı şəkildə həyata keçirilir.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, bioloji zənginliyin qorunması və inkişafı, tullantılatrın idarə olunmasının təkmilləşdirilməsi, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb.
ıDövlət büdcəsində ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə ayrılan vəsaitlərin ilbəil artması da sosial-iqtisadi inkişafla bərabər, dövlətin bu sahəyə də xüsusi əhəmiyyət verdiyini bir daha göstərir.
Müqayisə üçün əgər 2018-ci ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsi tədbirlərinə 178,3 milyon manat (dövlət büdcəsində xüsusi çəkisi 0,77%) manat vəsait ayrılmışdısa, 2024-cü ildə bu rəqəm 376,9 milyon manat (2,1 dəfə çox və dövlət büdcəsində xüsusi çəkisi 0,95%) təşkil edir.
2025-ci ilin ilkin büdcə layihəsində ətraf mühitin mühafizəsi bölməsi üzrə bir sıra digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarına 374,9 milyon manat vəsait nəzərdə tutulur.
Hesab edirik ki, bu sahəyə ayrılan vəsaitlərin içərisində böyük şəhərlərdə yaşıllıqların suvarılması da nəzərdə tutulsa bu çox yaxşı hadisə olar. Bu sahədə çox ciddi problemlər var.
Hörmətli həmkarlar
2025-ci ildə iqlim dəyişikliyi üzrə ayrılmış büdcə vəsaitləri də daxil olmaqla bütövlükdə yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulmuşdur.
Xüsusi ilə qeyd etmək istərdim ki, ekoloji, sosial və iqtisadi faktorlar arasında düzgün balansın qorunması iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır.
Dayanıqlı inkişafının təmin edilməsində əsas faktorlardan biri də Enerji keçidinin idarə edilməsidir ki, bu sahədə ehtiyatların optimal təşkili sahəsində Azərbaycan Respublikası dünya lideridir. Dövlət idarəçiliyində qazanılan hər hansı uğur yalnız əldə edilən nəticə ilə yox, eyni zamanda həmin nəticənin hansı xərclər hesabına əldə edilməsi ilə də ölçülür. Bu həmçinin idarəetmənin nə dərəcədə elmi və texnoloji baxımdan mükəmməl olduğunu göstərir. Bu sahədə sadə bir qayda işləyir: məhdud vəsaitin istifadəsi ilə yüksək nəticə qazanılırsa, bu daha mükəmməl idarəetmə texnologiyalarının istifadəsindən, prosesin əsasında müasir elmin və texnologiyaların olmasından xəbər verir.
Bu gün dünya ölkələri arasında Enerji Keçidi İndeksinin formalaşması üçün maddi resursları ən optimal idarə edən Azərbaycan Respublikasıdır. Qlobal iqlim dəyişmələri kimi çağırışa cavab olan enerji transformasiyası üçün vəsaitləri ən səmərəli istifadə edən də bizim ölkədir. Azərbaycanın enerji keçidi indeksinin hər vahidinə sərf etdiyi maliyyə resursları ölkəmizə ən yaxın olan Çilidən 29 % azdır. Bu sahədə dünya birincisi olan İsveç enerji keçidi indeksinin hər vahidinin formalaşmasına Azərbaycandan iki dəfə çox vəsait sərf edir. Davamlı inkişaf naminə enerji keçidinin Azərbaycanda yüksək səviyyədə olması ilk növbədə Prezident İlham Əliyevin işlədiyi tam yeni dövlət idarəçilik texnologiyaları kompleksinin tətbiqinin nəticəsidir.
Sonda qeyd etmək istərdim ki, 2025-ci il Dövlət Büdcəsi cənab Prezident İlham Əliyev siyasətinin iqtisadi təntənəsidir və bütün sahələrin inkişafına xidmət göstərəcəkdir. İnanıram ki, bu büdcə Azərbaycan xalqının yeni strateji hədəflərə çatması istiqamətində mühüm mərhələ olacaqdır".