Depressiya...-Aysel Xanlarqızı yazır

22/11/2024 - 19:56

Yuxudan qan-tər içində ayılan depressiya ona tərəf addımlamağa başlamışdı... Yaxınlaşdıqca qadının üz ifadəsi dəyişməyə başlayırdı... Az öncə yatağa ölü kimi uzatdığı vücudunu buraxdığı yerdə tapammırdı. Sanki tavandan asdığı ruhunun ayaqları altında tərpənən kətilin aşacağı qədər yol qalmışdı ölməyinə... Barmaqlarının ucu ilə ayağının altındakı döşəməni bərk-bərk tutub saxlamağa çalışırdı sonuncu ümidi...

Otağın üstünə aşan divarları altından xarabalığa dönmüş həyatının qalıqlarını axtarıb tapmağa çalışırdı. Bu uçqundan sevdiklərini sağ-salamat çıxarıb kənara qoya bilmə sevincini yaşayırdı.

Özü isə yaşamaq uğrunda mübarizə verirdi...

Dağınıq, qarışıq saçlarını çiyinlərinə töküb gözünün yayılmış sürməsini əlinin arxası ilə silərək üzünə ağ qara tonlarla sanki o qadının taleyini yazmış depressiya isə bu gecəni yenə onun qoynunda keçirmək istəyirdi.

Kimsəyə anlata bilmədiyi ağrılarını ürəyinin bir küncündə büküb saxladığı yerdən çıxarıb sinəsi üstə sərdi. Uzaqdan yaxınlaşan o lənət hissə gəlmə demək istəsə də, fikirləri qarışırdı. Bu qarışıqlıq son günlər məsum gülüşünü də üzündən soyundurmuşdu... Sevincdən çılpaq qalmış baxışlarında səhərlər doğan günəşə qarşı ölüm soyuqluğu, əvvəllər ona xoş gələn, onu xoşbəxt edən hər şeyə qarşı laqeyd, sönük hisslərlə susurdu artıq.

Ətraf onu əsəbi davranışlarla qıcıqlandırırdı sanki...

Bütün bunlara rəğmən, yuvarlandığı uçurumdan xilas olmaq üçün mücadilə edirdi... Kül rəngindəki duyğularına qatmaq istədiyi başqa çalarlar ilə əlvan rənglərə boyamaq istəyirdi həyatını...

...Boz rəngi-kül rəngini hansı rəng çaları rəngbərəng edə bilər ki? Boza nə qatırdısa, qara alınırdı çünki...

Bəlkə də rəssam olsaydı, alınardı, nə bilmək olar?!

Bəlkə də rəssam olsaydı, həyatının portretini özü çəkərdi, görmək istədiyi kimi...

Bütün bunları düşünərək yatağına səpələnmiş qarışıq fikirləri əlinin tərs tərəfiylə kənara itələyərək ayağa qalxmaq istədi... Deyəsən, bacardı. Yorğun düşmüş sinir sisteminə qalib gəlib taqətsiz ayaqlarını yataqdan qaldırıb döşəmənin üstünə qoydu... Yaxınlaşmaqda olan lənətə gəlmiş depressiyanın gəlişinə məhəl qoymadan vanna otağına tərəf addımladı. Az sonra su səsi hönkürtü səsində axaraq vanna otağının divarlarında dünyanın ən kədərli musiqisini ifa edirdi... Bu səs içini boşaltmaqda olan qadının çılpaq çiyinlərini qucaqlayan depressiv halındakı kimsəyə anlata bilmədiyi ağrılarının fəryadı idi.

Qəfil telefon zənginə diksinən qarışıq beynindəki ağırlıq, çiyinlərini qucaqlayan depressiv duyğular bir anda kənar çəkildilər...

Sevdiyindən mesaj gəlmişdi...

Hə, bir də oğlu yazırdı: "Canım anam, səninçün darıxmışam".

Aysel XANLARQIZI 

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycan Milli Dö
25/11/2024 - 20:07
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04