DÜRÜSTLÜK TESTİ!

16/08/2024 - 15:52

 

TESTDƏN KEÇİB ÖZÜNÜZÜN VƏ ƏTRAFINIZIN DÜRÜST OLUB-OLMADIĞINI ÖYRƏNİN.

Bu məqaləni dürüst ziyalı kimi tanıdığım professor Qulu Məhərrəmliyə ithaf edirəm.

Sözönü: İki dürüst dostun varsa, üçüncü dürüst səni saymaq olar. İki nadürüstlə dostluq edirsənsə, üçüncü nadürüst sən özünsən.

Öncə dürüstlk nədir, kimə dürüst adam deyilir və dürüstlüyün cəmiyyət üçün önəmi nədir, onu bir xəbərsizlər üçün anladım.

Dürüst- fars mənşəli sözdür, doğru, düzgün, düz anlamındadır. Dürüstlük səmimilik, doğruluq, açıqsözlülük kimi xüsusiyyətlərə sahib olmağı ifadə edir.

Haqqı deyib, haqqı danışan, halal yaşayan, ədalətsizliyə etiraz edən, əsla yalan danışmayan, şəxsi mənafe naminə riyakarlıq etməyənlərə bütün toplumlarda dürüst adam deyirlər.

İnsanın ən birinci özəlliyi onun dürüst olmasıdır. Dürüst insana toplum etibar edir, güvənir. Dürüstlük insanı şərəfləndirir. Dürüst insanların hamısı qürurlu həyat yaşayır. Dürüstlüyün cəmiyyət üçün önəmi çox böyükdür. Bir toplumda dürüst insanların çoxluğu o toplumun firavan, hüzur içində yaşamını təmin edir.

Yüz illərlə yadelli işğalçıların zülmündə yaşamaq məcburiyyətində qalmış bir toplum üçün dürüst olmaq gerçəkdən çox zor. Qorxu mühitində dürüst olmağın nə qədər çətin olduğunu yəqin ki, hər biriniz yaxşı anlayırsınız. O yüz illərin işğalı toplumda özgür düşüncənin formalaşmasına əsla imkan vermədi. “Susmaq qızıldır”, “düz adamı doqquz kənddən qovarlar” deyimlərini xatırlayın.

Dürüstlüyün təhlükəli olduğunu xatırladan saysız-hesabsız atalar sözləri təsadüfən yaranmayıb. Hər birinin arxasında yaşanmış qorxu və məşəqqətlər dayanıb.

Əsrlərlə müstəmləkə həyatı yaşamış toplumların hamısında belədir, dürüst adamı günün-günorta vaxtı çıraqla axtarsan belə tapa bilmirsən.

Xüsusi olaraq vurğulayıram, nadürüst bolluğunu hər hansı bir iqtidarın adına yazmaq düzgün deyil. Bütün iqtidarlarda nadürüstlər olub, var və bundan sonra da olacaq.

Sadəcə, bəzi toplumlar “şüurlu şəkildə” bu bəladan xilas olmaq istəmir. Onlardan biri də bizik. Neyrofizioloqlar iddia edir ki, dürüstlük insan beynində coşqu yaradır, onu daha da yaradıcı edir. Dürüst olmayanların beynində isə hər zaman qısa qapanmalar meydana gəlir. Elm prizmasından yanaşdıqda toplumda ən dürüst adamlar elm adamları olmalıdır. Çünki onların tədqiqatları, araşdırmaları yalnız dürüst faktlara və rəqəmlərə söykənir.

Elmlər Akademiyası institutlarında və universitetlərimizdə 10 minə yaxın alim var. O 10 min alimin neçəsinin dürüst olduğunu müəyyən etməyi toplumun öhdəsinə buraxıram.

Milli Məclisin az qala bütün üzvlərinin alimlik dərəcəsi var. O deputat-alimlərdən neçə nəfərinin dürüst adam olduğunu da özünüz müəyyən edin.

Yaradıcı qurumların özlərini “ziyalı” adlandıran minlərlə, üzvü var. Nə qədər “Xalq yazıçısı”, “Xalq şairi”, “Xalq rəssamı”, “Xalq artisti”... “əməkdarlar” var. Onların siyahısına da bir nəzər salıb neçəsinin adının Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Mirzə Fətəli Axundovun, Əhməd Cavadın, Üzeyir Hacıbayovun, Mikayıl Müqşfiqin, Hüseyn Cavidin, Səttar Bəhlulzadənin, Rəşid Behbudovun... adının yanında yazılmasını rəva bilirsiniz?

Adətən, psevdopatriotlar ucuz və yersiz təriflərlə toplumu göyə qaldırmaq istər. Görünən dağa bələdçi lazım deyil. Ən məqbulu toplumun mentalitetinə oturmuş patoloji ünsürlərdən xilas olmaq üçün yollar aramaqdır. Mental patologiyalarından xilas olmaq istəməyən toplumların gələcəyi yoxdur və ola da bilməz.

Cəmiyyətin hər bir üzvü uşaqlarını tərbiyə edərkən onlara nə aşılayır? Təbii ki, təhsilindən asılı olmayaraq, hər bir valideyn övladına “yalan danışma”, “oğurluq etmə”, “dürüst ol” deyir. O zaman uşaqlarımız böyüdükdən sonra nədən yalan danışır, oğurluq edir, nadürüst olur?

Çünki o tərbiyə verənlərin özləri yalan danışır, oğurluq edir və dürüst deyil. Rüşvətxor və korrupsioner nazir, İH başçıs və digər oğru vəzifəli övladına dürüstlük dərsi keçə bilərmi?

Müstəmləkə zamanlarından qanımıza, genimizə həkk olmuş nadürüstlükdən nədən xilas ola bilmirik?

Buradan siyasət çıxarmaq bir abdallıqdır. Adam dürüst ola bilmir. Nədən ki, ata-babası dürüstlükdən uzaq olub. Yalan danışmağa, susmağa ya, məcbur ediblər, ya da, “nadürüstlüyün qazancı” doğrunu danışmağa imkan verməyib. Həkim olaraq öz təcrübəmdən yazıram. Görün orqanizmi idarə edən Mərkəzi Sinir Sistemimiz hansı acınacaqlı durumdadır ki, adamlar öz xəstəliklərini belə dürüst olaraq həkimə demir.

Bazarda və digər ticarət məkanlarında “dürüstlüyün yalanın ayaqları altında” olduğunu kim inkar edə bilər?

Şəhərlə müqayisədə kənddə dürüst insanların sayını müəyyən etmək çox asandır. Çünki hamı hər şeyi aydın görür. Müvafiq olaraq 300 və 500 evi olan iki kənddə yaşayan dostlara müraciət etdim bu məqaləni yazarkən. Kənddəki dürüst kişilərin sayını dərhal dedilər.

Lütfən, diqqətlə oxuyun, hər birimizin ətrafında yaltaq, haramla yaşayan, dövlət büdcəsini oğurlayan, qarınotaran, riyakar, sədaqətsiz, nankor və nadürstlər var. Hər gün, hər an onlarla təmasda oluruq. Ancaq əhatəmizdə olan dürüst dostların sayını heç vaxt müəyyən etmirik. İndi sizə keçməniz üçün sadə bir test təklif edəcəm. O testdən keçməklə öncə qohum-qardaşınız, dost-tanışınız arasında neçə adamın dürüst olduğunu müəyyən edə biləcəksiniz.

Başqa sözlə, neçə nadürüstlə, nankorla, sədaqətsizlə, qarnını güdənlə oturub-durduğunuzu, yol getdiyimizi, çörək kəsdiyinizi öyrənəcəksiniz.

DÜRÜSTLÜK TESTİ

Bir A4 vərəqi götürün. O vərəqə ən başda öz adınızı yazın. Sonra kişi cinsindən olan qohum-qardaşınızın, dost-tanışınızın, iş-əsgər-tələbə yoldaşınızın, bir sözlə mütəmadi təmasda olduğunuz şəxslərin adını əlavə edin o siyahıya. (100 nəfər olsa, yetər.)

Sonda iri şriftlə bu sualı yazın: BUNLARIN HANSI DÜRÜST ADAMDIR?

Qeyd etdim ki, siyahının başında özünüzün adını yazın. Və ilk öncə vicdanınıza söykənib özünüzü fərd olaraq dürüstlük testindən keçirin. Siyahıya ötəri baxmaq yox, adı yazılanların hansının gerçəkdən düz adam olduğunu, haqq-ədalət yanlısı olduğunu, HALAL yaşadığını, yaltaq olmadığını, yalan danışmadığını, humanizmə və sosiallaşmaya pozitiv yanaşdığını, toplumun mənafeyini şəxsi mənafesindən üstün tutduğunu obyektivcəsinə müəyyən edin...

Toplumda Dürüst insanların azlığı Toplumun çürüməsinin bir əlamətidir. Dürüst fərdlərin çoxluğu isə ümumiyyətlə, toplumun dürüstlük əmsalının yüksək olmasına zəmin yaradır.

Dünyada dürüstlük əmsalı yüksək olan toplumlar çoxdur. Avropada toplumların demək olar ki, əksəriyyəti dürüst insanlardan ibarətdir. Dürüst toplumun önəmini oxuyanlara aydın olsun deyə iki misal çəkim.

1. Paris dünyanın ən gözəl şəhərlərindən biri, bəlkə də birincisidir.

O şəhərdə olanlar təsdiq edər, Parisin arxitekturası toxunulmazdır. Yəni, Parisin meri Bakıdakı həmkarı kimi evlərin birinci mərtəbələrinə və zirzəmilərinə rüşvət yolu ilə qapı açdırıb obyektə çevirməyə qalxsa, loru dillə desək, qulağını kəsərlər. Özü də Fransa dövləti yox, toplumun özü kəsər qulağını şəhər merinin.

Digər tərəfdə heç bir alman, fransız, yaxud ingilis rüşvət verib yaşayış binasının 1-ci mərtəbəsinin isnad divarını dağıtmaz. Buna etməyə cəhd edən olarsa, toplum dərhal qarşısını alar.

2. İngilis, fransız, alman... istismara yararsız avtomobilini texniki baxışdan keçirmək üçün bizdə olduğu kimi rüşvət təklif etməz. Onlar nasaz avtomobilin öncə öz həyatları üçün sonra ətrafdakılar üçün təhlükə mənbəyi olduğunun tam olar fərqindədirlər və əsla bunu etməzlər.

ABŞ-ın məşhur kültür jurnalı- Reader Digest dünyanın 16 ölkəsinin mərkəzi şəhərində insanların gur olduğu məkanlara içərisində 50 Avro, ailə şəkilləri və əlaqə nömrələri olan 12 cüzdan “itirdi” və cüzdanları tapanların nə edəcəyini təqib etməyə başladı. Helsinkidə “itirilmiş” 12 cüzdanın 11-i geri qaytarıldı...

Bizim toplum neçəsini qaytarardı?

Bir dini hekayəti də yazmağın faydalı olacağı qənaətindəyəm.

Bir kəndin camaatından Allaha çox şikayətlər gəlirmiş. Mələklərdən bəziləri nadürüst insanlarına rəğmən o kəndin yerləbir olmasını təklif edirdi. Allah “səbr edin” deyib bir mələyi o kəndə göndərdi. Mələk hansı qapını döyüb su istədi, çörək istədi, yatmağa yer istədi vermədilər. Kəndin başdan-ayağa zalım və nadürüst adamlardan ibarət olduğunu gördü. Allahın hüzuruna qalxıb gördüklərini ərz etmək qərarına gələndə gördü ki, getmədiyi bir ev qalıb. Ora getdi mələk. Qapını döydü. Açdılar. Sabah tezdən qonşu kəndə gedəcəyini bildirdi. Yorğun və ac olduğu üçün su, çörək, yatmağa yer istədi.

“Xoş gəlibsən” dedi ev sahibi. Çay-çörək verdi. Yatmağa yer göstərdi. Səhər yola salanda da atını verib dedi ki, gedəcəyin kəndə bununla get və atı o kəndin qırağındakı meşənin girişində ağacların birinə bağla.

Allahın hüzuruna qalxıb olanları nəql etdi mələk. Və o zaman Allah bildirdi ki, məhz o dürüst adama görə o kəndi yerlə-yeksan etməyə razı olmadım...

Nəticəni özünüz çıxarın!

Dürüst olmaq zordur bu toplumda. Dürüstsənsə, əmin ol, ilk öncə ətrafındakı nadürüstlər səni bəyənməyəcək. Bu təbiidir. Saya salmadan dürüstlük yolunda gedin.Dürüst yaşamaq İNSAN kimi yaşamaq deməkdir.

Sözsonu: Dürüst adam həm toplum, həm də dövlət üçün dəyərlidir. Onları qorumaq gərək.

Səxavət Əlisoy

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42