“Elə daşları tərpətdik ki, bizdən əl çəkməyəcəklər”
“Fevralda seçkilər vaxtı bütün dövlət qurumlarına kiberhücumlara qarşı diqqətli olması tapşırıldı. Sevinirik ki, seçkilər yüksək səviyyədə keçirildi və ölkəmiz üçün uğurlu oldu”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə Dövlət Qurumlarının IT Rəhbərlərinin IV Zirvə Toplantısında deyib.
“İkinci Qarabağ müharibəsi və Antiterror tədbirləri zamanı da göründü ki, texniki vasitələr sayəsində minimum itkilərlə çıxdıq. Texnoloji inkişafa nail olmaq üçün dövlət siyasəti yetərli deyil. Burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Kadr hazırlığı olmadan texnoloji inkişaf fayda verməyəcək. Bu istiqamətdə son 1-2 ildir böyük inkişaf mövcuddur. Son illərdə minlərlə Azərbaycan gənci təlimlərdən keçib”, - sektor müdiri qeyd edib.
E.Vəlizadə qeyd edib ki, dövlət və özəl sektor, cəmiyyət bu sürət və inkişafa hazır olmalıdır, əks halda geridə qalacağıq:
“Biz isə geridə qala bilmərik. Biz İkinci Qarabağ müharibəsi zamanı sarsılmaz olan elə daşları tərpətdik ki, bizdən əl çəkməyəcəklər. Biz hərtərəfli hazır olmalıyıq. Texnoloji inkişafa nail olmasaq, on minlərlə azərbaycanlı bu işlərə cəlb olunmasa, biz geridə qala bilərik. Bütün qurumlar bunu vəzifə kimi bilməlidir. Dövlət qurumlarından xahişimiz və tələbimiz budur ki, bundan sonrakı fəaliyyətdə daha da səfərbər olsunlar”.