“FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR? - Kiçik sahibkarlara qarşı kütləvi yoxlamalar nə ilə bağlıdır?

18/10/2024 - 19:35

Əvvəlcə ondan başlayaq ki, Azərbaycanda kiçik bir köşkü, icarəyə götürdüyü 10-20 kvadrat metrlik mağazası, balaca bir sexi və s. olan vergi ödəyicilərinin “sahibkar” kimi qeyd edilməsi və təqdim olunması, yumşaq desək, şişirdilmiş və pafoslu görünür. Çünki həmin bu “sahibkarlar”ın əhəmiyyətli hissəsi heç şəxsi mənzilə belə sahib deyil, kirayələrdə yaşayır, mağazasındakı, sexindəki əmlakın, malların böyük əksəriyyəti firmalardan nisyə götürülüb, öz “kapitalı” 1-2 min manatı keçmir, banklara “ətək-ətək” borcu var və sair. Belə adamlara rəsmən “sahibkar” adı qoyub, onların büdcəni dolduracaqlarını gözləmək doğru deyil... Ancaq bütün bunlara rəğmən son zamanlar vergi orqanı kiçik sahibkarlara qarşı operativ və kameral vergi yoxlamalarını, anoloji vergi hesablamalarını xeyli artırıb. Vergi orqanının kiçik biznesi, mağazası, dönərxanası, kafesi, “telefon budkası” və s. olanları “gözünün yaşına baxmadan” böyük məbləğlərdə cərimələməsi müşahidə olunur. Sahibkar adlandırılan vətəndaşlardan bununla bağlı şikayətlər çoxalıb. Cərimələrin məbləği isə Vergi Məcəlləsinə edilən məlum dəyişikliklərdən sonra “dodaq uçurur”... Məlum olduğu kimi, sahibkarlar kassa çeki vurmadığı üçün 1000 manat, qeydiyyatsız işçi üçünsə 2000 manat məbləğində cərimə olunurlar. Belə hallar təkrar qeydə alındıqda cərimələr dəfələrlə artır. Nəticədə mağazasındakı şəxsi malının dəyəri, yaxud evindəki ehtiyat pulu heç 1000 manata çatmayan binəva sahibkara minlərlə manatlıq cərimələr yazılır.

 

Ümumiyyətlə, ölkəmizdəki minimum əmək haqqı, pensiya və digər göstəricilər nəzərə alındıqda sadələşdirilmiş vergi ödəyiciləri olan kiçik sahibkarlara tətbiq edilən cərimələrin məbləği tamamilə yüksək və qeyri-adekvat görünür. Buna görə də zatən ölkədə alıcılıq qabiliyyətinin düşməsindən, borc-xərcdən və s. çıxılmaz vəziyyətə düşmüş sahibkarların çoxu onlara yazılan cərimələri ödəyə bilmirlər və “bizneslərini” bağlayırlar, işçilərini də evə yollayırlar. Nəticə işsizlər ordusunun bir qədər də böyüməsidir. Bundan hökumətin, onun iqtisadi blokunun, vergi orqanının nə qazandığını söyləmək isə çətindir... Vergi əməkdaşlarının kiçik sahibkarı “cinayət başında yaxalaması” metodları isə başqa bir mövzudur. Artıq xeyli “müasirləşən” və “kreativləşən” vergi əməkdaşları “obyektlərə” videokameralarla girərək, az qala “gizli çəkiliş” aparırlar və sahibkarın “kassa cinayəti”ni, işçini rəsmən qeydiyyata almamasını və s. görüntüləyirlər ki, sabah vətəndaş “o yan-bu yan” edə bilməsin. Yeri gəlmişkən, sahibkarları artıq yalnız kassaya çek vurmadığına görə yox, həm də kassa çekində müştəridən aldığı əskinasın dəyərini və qaytardığı pulun qalığını göstərmədiyi üçün də cərimələyirlər. Yəni, faktiki olaraq, sahibkar vergidən yayınmır, müştəridən aldığı pulu kassaya vurur, lakin aldığı və qaytardığı məbləği çekdə göstərmədiyi üçün vergi orqanı ona 1000 manat cərimə yazır. Bu da haqlı narazılığa səbəb olur, insanlar məhkəmələrə müraciət edirlər və sair. Maraqlıdır ki, bəzi sahibkarlar vergi orqanını kameral, yaxud operativ vergi yoxlamasına, anoloji vergi hesablamasına görə məhkəməyə verdiyi üçün ona təkrar vergi yoxlaması açılmasından şikayətlənirlər. Ümumiyyətlə, kiçik sahibkarlara qarşı “səlib yürüşü”nü xatırladan kütləvi vergi yoxlamaları, vergi orqanının haqlı-haqsız cərimələri, “havadan götürülən” anoloji vergi hesablamaları, sahibkarlara qarşı münasibəti və s. sabiq vergilər naziri Fazil Məmmədovun dövrünü xatırlatmağa başlayır. Belə görünür ki, hökumətin iqtisadi komandası və vergi orqanı ötən müddətdə sahibkarlara münasibətdə 2017-ci ildə vəzifəsindən atılan Fazil Məmmədovun “üsulları”ndan fərqli bir şey düşünə bilməyib. Maarifləndirmə, təşviqat, müasirləşmə və s. barədə deyilən “nağılları” bir kənara ataraq, cərimə iqtisadiyyatına üstünlük verirlər. 

Əslində, “COVİD-19”-la əlaqədar vergi yoxlamalarına məhdudiyyət qoyulmasına dair qərar bu yoxlamaların xüsusilə də kiçik sahibkarlar üçün dağıdıcı təsirinin etirafı idi. Bu, doğru və ilk növbədə siyasi qərar idi. Lakin belə görünür ki, hökumətin iqtisadi bloku “yoxlama və cərimə iqtisadiyyatı” təcrübəsinə qayıtmağa üstünlük verir. Ölkə başçısı “sahibkar vergidən başqa heç nə ödəməli deyil” desə də, belə çıxır ki, bunu nəzərə almayanlardan biri elə vergi orqanının özüdür. Çünki sahibkar təkcə vergi yox, böyük cərimələr də ödəməli olur. Özü də onu cərimələnəcək hala gətirən həm də maddələrinin dəyişmə sürətinə, dolaşıqlığına, oradakı cərimə məbləğlərinin real iqtisadiyyata nisbətdə böyüklüyünə görə “dünyada analoqu olmayan” Vergi MəcəlləsidirƏlbəttə, vergi qanunvericiliyini pozan sahibkarın cərimələnməsində hüquqi və texniki baxımdan bir qəbahət yoxdur. Lakin hökumət sıradan bir hüquqşünas, mühasib, xəzinədar kimi dar düşünməməlidir və məsələyə daha geniş aspektdən baxmağa borcludur. Bu gün sahibkar işçiyə ödədiyi əmək haqqının 25 faizi qədər də DSMF-ə pul köçürməlidir. Bu, yüksək məbləğdir. Müstəqil iqtisadçıların dəfələrlə bunu tənqid etməsinə baxmayaraq, dəyişən heç nə yoxdur. Üstəgəl, işsizliyin sığortası və icbari tibbi sığorta da sahibkarın boynundadır ki, bu da üst-üstə əmək haqqının 30 faizinə çatır. Belə olan təqdirdə sahibkar hələ minimum əmək haqqı ilə hər işçiyə görə xəzinəyə hər ay əlavə 100 manatdan artıq vəsait ödəməlidir. Üstəgəl, icarə haqqının 14 faizi, dövriyyənin 2 faizi və sair. Hələ bunun “uçaskovısı”, “JEK”-i, “fövqəladəsi”, “sanepidemstansiyası”, “AQTA”-sı və saysız hesabsız digər xərcləri var. Nəticədə, xərci borcunu ödəməyən kiçik sahibkar işçini qeydiyyatdan keçirməkdən yayınır ki, xərci azalsın. Yaxud, sadələşdirilmiş vergi üçün qoyulan illik 200 minlik limit. Bu limit artırılmalıdır ki, sahibkar bütün dövriyyəsini kassaya vurmaqdan yayınmasın. 200 mini keçən şəxs dərhal ƏDV ödəyicisinə çevrilir. ƏDV ilə işləmək üçün müvafiq şəffaf gömrük, maliyyə-biznes mühiti və s. yaradılmadan hamını ƏDV-yə keçirmək istəyi başadüşülən deyil. Azərbaycanda ƏDV ilə işləməyin nə qədər mürəkkəb, baş ağrıdan və problemli olduğunu bilməyən yoxdur. Ona görə sahibkar vergidən yayınmaq üçün yox, məhz ƏDV-yə düşməmək üçün dövriyyəsini kassadan gizlətməli olur.

Yeri gəlmişkən, yaranan bu durum həm də hökumətin iqtisadi komandasının qeyri-neft sektorunun “misilsiz inkişafı” barədə nağıllarının elə nağıl olaraq da qaldığının sübutudur. Bu, xüsusilə də ölkəmizdə neft hasilatının azalması və neftin qiymətinin tədricən düşməsi fonunda olduqca təhlükəli tendensiya təsiri bağışlayır. Belə çıxır ki, ölkənin valyuta gəlirləri azaldıqca, sahibkarların “qara günləri” çoxalacaq. Lakin “qəpik-quruş” qazanan kiçik sahibkarın son qəpiyini də müxtəlif “hoqqalarla” cərimə adı altında alıb büdcə doldurmaq heç də ağıllı iqtisadi siyasət sayıla bilməz. Zatən kiçik sahibkar zümrəsinə aid “yetim-yesirdən” yığıla biləcək vəsait neft gəlirlərinin mində birini də təşkil etməyəcək. Olsa-olsa büdcədəki çox kiçk dəlikləri doldurmağa yetəcək. Belə olan halda, yüz minlərlə “öz başını bir təhər saxlayan” vergi ödəyicisini divara dirəməyin mənası nədir?

 

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00