Fransa Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyıb
Fransa Mərakeşin suverenliyi çərçivəsində Qərbi Sahara bölgəsinin muxtariyyət planını problemin davamlı həlli üçün yeganə əsas kimi tanıdığını bəyan edib. APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun Mərakeş Kralına ünvanladığı məktubda bildirilib. Makronun Mərakeş kralı VI Məhəmmədə göndərdiyi məktubda deyilir: "Fransa üçün Mərakeşin suverenliyi altında muxtariyyət bu məsələnin həlli üçün çərçivədir. Mərakeşin 2007-ci ildə təklif etdiyi muxtariyyət planına dəstəyimiz aydın və daimidir. Fransa üçün bu, hazırda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və danışıqlar yolu ilə siyasi həllə nail olmaq üçün yeganə əsasdır". Mərakeşin Kral Sarayı verdiyi açıqlamada Makronun bu yanaşmasını alqışlayıb və bunun "Mərakeşin Sahara üzərindəki suverenliyinə dəstək baxımından əhəmiyyətli bir irəliləyiş" olduğunu vurğulayıb. Makron məktubda bu həllin “Mərakeşin suverenliyi çərçivəsində Qərbi Saharanın bu günü və gələcəyi” olduğunu düşündüyünü və rəsmi Parisin ölkə daxilində və beynəlxalq səviyyədə bu mövqeyə uyğun hərəkət edəcəyini bildirib. Qeyd edək ki, Fransanın Qərb müttəfiqlərinin əksəriyyəti Mərakeşin planını dəstəkləyir. Xatırladaq ki, kökləri 1975-ci ilə gedib çıxan bu məsələ Qərbi Saharanı öz ərazisi adlandıran Mərakeş ilə müstəqil bir dövlət olduğunu bəyan edən Əlcəzairin dəstəklədiyi Polisario Cəbhəsini qarğı-qarşıya gətirir. Regionda əsas kolonial güc olmuş Fransa indiyədək bu məsələdə Rabat və Əlcəzair arasında diplomatik balansı qoruyurdu.