İKİ VİTSE-SPİKER DƏYİŞİR, ƏVVƏLKİ KOMİTƏ SƏDRLƏRİ POSTLARINI İTİRİR... – Milli Məclisin rəhbərliyində kimlər olacaq?

20/09/2024 - 19:34

Sabah saah 15:00-da Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək. “AzPolitika” xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinin təsdiq olunması ilə bağlı müraciətinə baxılacaq. Həftənin ilk günlərində isə VII çağırış Milli Məclisin ilk toplantısı keçiriləcək. Məlumatlı mənbədən “AzPolitika”-ya daxil olan məlumata görə, iclasda Sahibə Qafarovanın yenidən Milli Məclisin spikeri seçiləcəyi ehtimalı yüksəkdir. Lakin bu 100 faizli məsələ deyil. Spikerin dəyişəcəyi variantı da istisna deyil. Unutmayaq ki, YAP-ın keçmiş icraçı katibi Əli Əhmədov Baş nazirin müavini kimi mötəbər postdan götürülüb və parlamentə göndərilib. Düzdür, bəzi məlumatlara görə Əli Əhmədov birinci vitse-spiker də seçilə bilər. Amma qeyd etdiyimiz kimi, onun spiker olacağını da istisna etməməliyik.

Qeyd edək ki, VI çağırş parlamentdə birinci vitse-spiker postunu Əli Hüseynli tutub. O, həm də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri olub. Mənbə bildirir ki, Ə.Hüseynli komitə sədri postu ilə kifayətlənəcək. Digərlərinə gəlincə, müxalifət partiyalarının parlament rəhbərliyində kürsüsü qorunub saxlanılır. Yenə ən çox mandata sahib olan partiyanın nümayəndəsi vitse-spiker olacaq. 3 millət vəkili olan Vətəndaş Həmrəyliyi Partiyasından deputat seçilmiş Fəzail İbrahimlinin yenidən sədr müavinliyinə əsas namizəd olacağı gözlənilir.

Bitərəflərin nümayəndəsinə gəlincə, VI çağırş Milli Məclisdə bu postu tutmuş Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğuna görə onu yeni şəxs əvəzləyəcək. Mənbələr yeni deputat seçilmiş "İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyyətinin keçmiş sədri Şahin Seyidzadənin vitse-spikerliyə namizəd olacağını qeyd edirlər. Məlumatda o da bildirilir ki, Milli Məclisin komitə sədrləri və sədr müavinlərinin sırasında da bəzi dəyişikliklər gözlənilir. Bəzi müxalifət nümayəndələri əvvəlki çağırış parlamentdə olduğu kimi komitə sədrinin müavinləri olacaq. 

Məlumatlı mənbə qeyd edir ki, VI çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olmuş Səməd Seyidovun da postu ilə vidalaşacağı gözlənilir. Onu parlamentə yeni üzv seçilmiş diplomatlardan biri əvəz edə bilər.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın da yeni çağırış parlamentdə vəzifə tutmayacağı ehtimal olunur. Mənbə onun postunu YAP-ın siyahısı ilə deputat seçilmiş başqa xanım millət vəkilinin tutacağını qeyd edib.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ