İRAN İSRAİLİ GERÇƏKDƏN VURARMI? - Aşkar düşmənlərin gizli ortaq maraqları
İranda vaxtı ilə türk hakimiyyətini Qərb yıxıb və fars hakimiyyətini də Qərb qurub
İran və “şiə hilalı” təhlükəsi qarşısında səndələyən zəngin ərəb şeyxləri isə ABŞ-yə sığınmağa, İsraillə “dostlaşmağa” məcbur edilirlər
Namiq Bilal
Haniyə sui-qəsdindən sonra İran İsraili yerlə-yeksan edəcəyi barədə çox gur səslənən bəyanatlar verir. İsrail və İran bir-birlərini məhv etməyə hazır olan iki düşmən dövlətdir. Ən azından belə görünür. Amma belədirimi?
Xeyli sayda araşdırmaçı bu düşmənçiliyin yalnız görüntü oluğunu, hər iki dövlətin də bu “saxta düşmənçilikdən” öz maraqları üçün yararlandıqlarını iddia edir. Bu düşmənçiliyin real, yaxud bir tamaşa olduğunu anlamağa çalışaq. İran çoxsaylı proksi qüvvələrlə İsraili çevrələyib və zaman-zaman yəhudi ərazilərinə raket zərbələri endirir. Deməli İran İsrail üçün real təhdiddir və İran düşmənçiliyi tamaşa deyil.
Bəs İran niyə İsrailə düşmən kəsilib?
Səbəb olaraq İsrailin müsəlman düşmənçiliyi göstərilir. Guya fars rejimi müsəlmanların hamisidir və bu səbəbdən İsrailə düşməndir. Qarabağ müharibəsi zamanı müsəlman Azərbaycanı deyil, xristian, işğalçı Ermənistanı dəstəkləməklə molla rejimi kölgəsinə sığındığı bu ideologiyanı öz əlləri ilə yerlə-yeksan etdi. Buna baxmayaraq, fars rejimi İsrail düşmənçiliyi ideologiyasını var gücü ilə istismar edir. O cümlədən, İsraillə normal münasibətləri olan Azərbaycana qarşı.
Əslində İsrail düşmənçiliyi fars rejimini ayaqda saxlayan yeganə ideoloji zəmindir. Amma bu qədər böyük oyunun yalnızca ideoloji düşmənçilik üzərində qurulduğunu düşünmək sadəlöhvlük olardı. İran - İsrail münasibətlərini doğru-düzgün təhlil etmək üçün fars rejiminə qarşı əsas təhlükənin haradan gəldiyinə diqqət yetirmək gərəkir.
İranda sonuncu fars rejimi 1400 il əvvəl süqut edib və bu coğrafiya min il türklər tərəfindən idarə olunub. Bu gün İranda türklərin sayı farslardan çoxdur. Üstəlik, İrana qonşu ərazilərdə yüksələn türk dövlətləri və yüksələn türkçülük fırtınası var. Bu fırtına İranın içində də əsir.
İranda vaxtilə türk hakimiyyətini Qərb yıxıb və fars hakimiyyətini də Qərb qurub. Nə qədər paradoksal səslənsə də, İranda fars hakimiyyətini qoruyub-saxlayan bu gün də başda ABŞ olmaqla Fransa, İngiltərə və digər Qərb dövlətləridir. Fars rejimi yüksələn türk faktorundan qorxur və Qərbin dəstəyi olmadan İranda fars hakimiyyətini qoruya bilməyəcəyinin fərqindədir.
İran kimi ziddiyətlər və problemlər içərisində boğulan, millətlərarası münasibətlərin çox kəskin olduğu bir ölkədə rejim dəyişikliyinə nail olmaq o qədər də çətin olmazdı. Elə İranın özündə Qərb maraqlarının əksinə getdiyi üçün 1979-cu ildə Qərbin birbaşa təşkilatçılığı ilə rejim dəyişikliyi baş tutub. Amma bu günə qədər İranda dalbadal baş verən çox böyük xalq etirazları Qərb tərəfindən dəstəklənmir. Məsələnin mahiyyətinə varmayan kənar müşahidəçiləri bu məqam çox təəccübləndirir. Necə yəni, düşmənin olan bir rejim daxilində bu qədər böyük miqyaslı etirazlar, çaxnaşmalar baş verir, sən seyirçi qalırsan...
Sabiq İran Prezidenti Əhmədinejatın bir ifadəsini xatırlayaq. O deyirdi: “ABŞ dövlət katibi mənə dedi ki, üzərinizdən dəstəyimizi çəksək, iki həftəyə bütün İran türkcə danışar”.
Başda ABŞ olmaqla, digər Avropa güclərinin də öz oyunları var. Fars rejimi ilə İran dövlətinin maraqları arasında çox böyük uçurum yaradılıb və bundan çox məharətlə istifadə edirlər. Qərblilər fars hakimiyyətini dəstəkləyir (və ya yıxmır) və İran kimi nəhəng dövləti öz maraqları çərçivəsində yönəldirlər. Fars rejimini qorumaq üçün İranın hər türlü milli maraqlarını of demədən qurban verən molla hakimiyyəti formalaşıb. Nəticə göz qabağındadır: fars hakimiyyəti qərblilərin əlində İran kimi zəngin və güclü dövləti idarə etmək üçün buxova çevrilib.
Qərb İranı əsasən iki istiqamətdə istifadə edir.
Birincisi, türk dünyası, xüsusi ilə Azərbaycan və Türkiyə istiqamətidir. Bu barədə çox yazılıb.
İkinci istiqamət isə körfəzdəki zəngin ərəb monarxiyalarına qarşı təzyiqlərdir. İslam dini daxilindəki məhzəb fərqliliklərini maksimum qabardaraq şiə İran dövlətini sünni ərəb monarxiyalarına qarşı qoyurlar.
Ərəblərə qarşı qorxunu və təhlükəni pompalamaq üçün İranın regionda çoxsaylı proksi qüvvələr yaratmasına göz yumulur, “şiə hilalı” coğrafiyasının yaradılmasına mane olunmur, bəlkə də yardım edilir. Bir faktı yada salaq: Təxminən 40 il əvvələ qədər İranı sıxışdıran ən ciddi faktor İraq və Səddam Hüseyn rejimi idi. Səddamı asdılar, İraqı xaosa sürüklədilər və faktiki olaraq İraqı fars-molla rejiminin ağuşuna atdılar.
Gəlin, düşünək: ABŞ-nin işğal etdiyi və yüz minlərlə qoşununun olduğu bir coğrafiyanı Ağ Evin səssiz razılığı olmadan İran bu qədər asanlıqla ələ keçirə bilərdimi?
Eyni hal Suriyada da baş verdi. Əsəd rejiminin tam yıxılması ərəfəsində Obama hökuməti Rusiyanı və onun yanında İranı bu ərəb ölkəsinə buraxdı. İndi İraq da, Suriya da və bu coğrafiyanın davamı olaraq Livan da “şiə hilalının” şimal cinahıdır.
Yəmənə də “ərəb baharı”nı ABŞ gətirmədimi? Bu “bahar”ın sonunda Yəmənin husilər yaşayan hissəsi “şiə hilalı”nın cənub cinahı oldu. Bu cinah Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini və Omanı ən şiddətli basqı altında saxlayır. İran və “şiə hilalı” təhlükəsi qarşısında səndələyən zəngin ərəb şeyxləri isə ABŞ-yə sığınmağa, İsraillə “dostlaşmağa” məcbur edilirlər. Beləliklə, dünyanın ən zəngin regionu ABŞ-nin kontrolu altına alınmış olur.
Körfəzə kontrolu sementləşdirən ikinci faktor İsraildir. Bir tərəfdən İran təhlükəsi, digər tərəfdən İsrailin basqıları dövlətçilik ənənələri olmayan ərəb monarxiyalarını son dərəcə çarəsiz vəziyyətə salaraq ABŞ-nin qanadları alıtına sıxır. Bir az yuxarıda qeyd etdik ki, dünyanın ən zəngin neft regionunu kontrolda saxlamaq üçün İranla yanaşı İsrail faktoru da gündəmdədir. Regiona nəzarətin sıfır xəta ilə işləməsi üçün mövcud faktorların özləri də tam nəzarətdə olmalıdır. Fars-molla rejiminin canı ABŞ-nin və bütövlükdə Qərbin əlindədir, deməli İran nəzarət altındadır.
Bəs İsrail? Maraqlıdır, İsrail dövləti də hər yandan İran proksiləri ilə çevrələnib. Fransanın və ABŞ-nin at oynatdığı Livanda on minlərlə silahlı üzvü olan Hizbullah təşkilatını İran necə yaratdı? Bu hərbi təşkilat ABŞ-nin və Fransanın çənəsinin dibində on illər boyu “səssiz-səmirsiz” yaradılıb.
Qayıdaq İsrail - İran düşmənçiliyinə. Yuxarıda qeyd etdiyimiz kimi, İsrailin düşmənçiliyi “səmimidir”. Təhdid və raket zərbələri altında olan İsrail İranı yox etmək arzusu ilə alışıb-yanır. Amma ABŞ imkan vermir ki, İsrail İrandakı fars rejimini aradan qaldırsın. Cavab aydındır, bunca böyük oyundakı əsas alətini itirməyə ABŞ heç vaxt razılaşmaz. İsrailin də bir gün kontroldan çıxmaması üçün bu dövlət daimi olaraq İran proksilərinin hədəfindədir.
Bəs İran düşmənçiliyi? O da səmimidirmi? Fikrimcə, yox, məhz İranın düşmənçiliyi tamaşadır. İranın İsrailə “gözlənilən” zərbələrinə gəlincə, canı ABŞ-nin əlində olan fars hakimiyyəti Ağ Evin icazəsi olmadan onun bir nömrəli müttəfiqini yox etməyə girişə bilməz. İran heç zaman İsraili ciddii şəkildə vurmayacaq. Şou xarakterli bəzi raket-dron hücumları isə hər zaman olub. Yenə də ola bilər. Amma vaxt ötür. Hakimiyyətlər və maraqlar zaman-zaman dəyişir. ABŞ və Qərb bir gün molla rejiminin ölümünə “fətva” verə bilər. Məhz həmin gün İran İsraili və ABŞ-nin regiondakı bazalarını həqiqətən vurmağa başlayacaq. Yəni ABŞ bazaları molla rejiminin “qara günü” üçün bazarlıq məhsullarıdır. Hiyləgər molla rejimi ABŞ-yə qarşı əlində tutduğu ən önəmli kartını hansısa Haniyənin ölümünə görə xərcləməz...