İrəvan Əliyevin Brüsseldə Paşinyanla görüşəcəyinə ümid edir - “Azərbaycan Praqada razılığa gəlib…” -

29/11/2022 - 14:19

“Azərbaycan bundan əvvəl Praqada dördtərəfli formatda görüşləri davam etdirmək barədə razılığa gəlib”.

Qafqaz.media xəbər verir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan öz “Twitter” səhifəsində yazıb.

“İclasın formatı ilə iştirakçıların tərkibinin eyni olması məntiqlidir. Ona görə də ümid edirik ki, görüş Brüsseldə Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişellin iştirakı ilə baş tutacaq”, - deyə Marukyan bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyev “Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfransında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə planlaşdırılan görüşün baş tutmayacağını bildirmişdi. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan görüşə yalnız Fransa prezidenti Makronun iştirak edəcəyi təqdirdə razılıq verib.

Qafqaz.media