Lukaşenko müharibəyə qoşulmaq istəmir, amma... - PUTİN BELARUS ORDUSUNU PARÇALAYA BİLƏR...

08/12/2022 - 09:51

“Rusiyanın rəsmi Minskə Ukraynadakı müharibəyə qoşulması üçün etdiyi təzyiq cəhdləri Belarus ordusunda daxili çəkişmələrə səbəb ola bilər”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Belarus Sərhəd Xidməti və Belarus Silahlı Qüvvələrinin əsgərləri bu ölkənin Ukraynada müharibəyə girməsi təhlükəsi səbəbindən Belarusun hərbi-siyasi rəhbərliyinin fəaliyyətindən getdikcə daha çox narazılıq edirlər: “Rusiyanın təzyiqləri Belarus hərbçiləri arasında narahatlıq yarada bilər. Belarus Prezidenti Aleksandr Lukaşenko müharibəyə qoşulmaq istəmir. Bunu təsdiqləyən daxili amillər var. Ona görə də Belarusun Ukraynadakı müharibəyə qoşulmaq ehtimalı çox azdır”.

Amerikalı ekspertlər hesab edirlər ki, Rusiya qüvvələri qarşıdakı günlərdə Xarkovun şərqində və Luqansk vilayətinin qərbində hücumlarını sürətləndirə bilər.

“Rusiyanın müstəqil media orqanları ölkədə səfərbərliyin davam edəcəyini bildirirlər. Hərçənd ki, Kreml bu iddiaları rədd edir. Rusiyanın bəzi blogerləri hakimiyyəti təchizat çatışmazlığına görə qınayırlar. Onların fikrincə, Rusiya ordusu öz prioritetlərini dəqiqləşdirməlidir”, - Müharibə Araşdırmaları Mərkəzindən bildirilib.