Məhkəmə İTV-ni 3 min manat cərimələyib

15/08/2024 - 14:47

Məhkəmə Audiovizual Şuranın tərtib etdiyi protokol əsasında ictimai yayımçını (“İTV” kanalını) cərimələyib. Bu barədə APA-ya Audiovizual Şuradan məlumat verilib. Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “İTV” televiziya redaksiyasının (kanalının) efirində 04 may 2024-cü il tarixdə 13.00–13.24 saat aralığında yayımlanmış “1 şəhər və 24 saat” proqramında qanunvericiliyin tələblərinin pozulması faktı aşkarlanıb: "Həmin proqramın yayımı zamanı aparıcının masa üzərindəki alkoqollu içkinin xüsusiyyətlərini təsvir etməsi və həmin şəhərə gələndə onun içilməsini tövsiyə etməsi faktı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 4.2.3-ci maddəsində öz əksini tapmış “uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya” olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir. Həmin Qanunun 9.3-cü maddəsinə uyğun olaraq “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir". Qeyd edilib ki, “İTV” televiziya redaksiyası proqramın yayımı zamanı qeyd olunan qanunvericilik tələblərinə riayət etməyib və bununla da, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulub: "Bununla bağlı, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 2 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilib. 13 avqust 2024-cü il tarixində Yasamal Rayon Məhkəməsində işə baxılıb və məhkəmənin müvafiq qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti üç min manat məbləğində cərimə edililib".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42