Əməkçi ədəbiyyatının əhəmiyyəti və ya Yeni sinif mübahisəsi - Səadət KƏRİMİ

30/08/2024 - 11:01

Əməkçi (fəhlə və əkinçi/maldarlıqla məşğul olanlar) həyatı haqqında ədəbiyyat 1930-cu illərdə sıçrayış etdi. Burada fəhlə sinfinin nöqteyi-nəzərindən ədalətsizliyə düçar olmuş cəmiyyətlərin təsvirləri var idi. Bu gün də əməkçi ədəbiyyatı (İng. Proletarian literature) qalır və böyüyür. Bəs müəlliflərin cəmiyyətdə mövcud olan haqsızlıqları, həyatın digər sahələrindən kənarda qalmaları təsvir etmək vəzifəsi dəyişdimi? Bu gün fəhlə ədəbiyyatı əslində cəmiyyətdə hansı əhəmiyyətə malikdir?

Fəhlə ədəbiyyatı və ya proletar ədəbiyyatı fəhlələr, kəndlilər və ya fəhlə sinfi keçmişi olan müəlliflər tərəfindən yazılmış və əməkçi sinfinin, özəlliklə fəhlə həyat şəraitini təsvir edən ədəbiyyatdır. Daha geniş mənada, əməkçi ədəbiyyatı termini müəllifin sosial mənşəyindən asılı olmayaraq işçilərin həyat şəraitindən bəhs edən bədii ədəbiyyata da aid edilə bilər. Proletar və fəhlə ədəbiyyatı öz ideoloji məzmununda, kommunizm, sindikalizm, sosializm və ya sosial-demokratiyada ideoloji lövbər salması ilə xarakterizə olunur. Əməkçi yazıçıların çoxu autodidaktiklərdir, yəni ədəbiyyat üzrə təhsil almadan, özbaşına yazmağı öyrənmişlər müəlliflərdir. İsveçdə "əməkçi yazıçılar" termini əvvəllər 1920-1930-cu illərdə ədəbi səhnəyə çıxan fəhlə sinfindən olan yazıçıları nəzərdə tuturdu: Eyvind Conson, Rudolf Varnlund, Moa Martinson, İvar Lo-Yohansson və başqaları. Bu gün "əməkçi yazıçı" termini öz mühitini əsərlərində təsvir edən, hətta sonrakı dövr fəhlə sinfindən olan yazıçılar üçün də işlədilir. Müasir İsveç əməkçi yazıçıları arasında Elsi Yohansson, Aino Trosel, Kjell Yohansson və Yohan Conson və başqalarının adnı çəkmək olar.

Erkən fəhlə yazıçılarından ən beynəlxalq əhəmiyyətlisi rus yazıçısı Maksim Qorki idi. 1907-ci ildə onun "Ana" adlı təsirli romanı nəşr olundu, ardınca üç hissədən ibarət avtobioqrafiyası. Onun Uşaqlığım (1913), "Dünyadan kənarda" (1916) və "Universitetlərim" (1923) əsərləri bir çox fəhlə yazıçıları üçün ilham mənbəyi olmuşdur. Qorkinin ardınca Sovet İttifaqında sosialist realizmi ideyaları ilə yazan yazıçılar gəldi. Bunlara 1924-cü ildə "Sement" kollektiv romanının müəllifi Fyodor Qladkov, Valentin Katayev və Aleksandr Fadeyev kimi yazıçılar daxildir.

Skandinaviya və  digər Avropa ölkələrində ən gözəl örnək danimarkalı Martin Andersen Nekso olmuşdur. Onun ən çox danışılan əsərləri "Fateh Pelle" (dördhissəli, 1906-1910) və "Sənin İnsan evladın" əsəridir (1920). Norveçli mədənçi və yazıçı İohan Falkberget 1907-ci ildə Qara Dağlar ("Svarta fjall") adlı avtobioqrafiyası ilə diqqət çəkib. O, əməkçi tarixi romanları da yazıb. Finlandiyada əkinçi Vainö Linna 20-ci əsrin ortalarında debüt etdi. O, "Naməlum Əsgər" (1954) əsərindəki müharibə təsviri, "Saarijarvi torpaqlarının ən yüksəyi",  "Ayağa qalxın, qullar!" trilogiyası və "Bir xalqın oğulları" əsərləri ilə məşhurdur.

ABŞ-da 20-ci əsrin əvvəllərində bir neçə əməkçi yazıçılar meydana çıxdı. Upton Sinclair 1906-cı ildə Çikaqodakı kəsimxana işçiləri haqqında "Cəngəllik" ("The Jungle") romanını nəşr etdi. Cek Londonun 1909-cu ildə yazdığı "Martin İden" romanı ilk böyük proletar inkişafı və təhsil romanı idi. "Çikaqo şeirləri" (1916), "Qarğıdalı qabığı" ("Cornhuskers") (1918) və "Tüstü və Polad" ("Smoke and Steel")  (1920) kimi əsərləri ilə şair Karl Sandburq böyük şəhəri, sənayeçiliyi, Amerika kəndini və insanlarını qeyd etdiyi sərbəst şeirləri ilə tanındı.

Erkən İsveç əməkçi yazıçılar şöhrət qazandılar və onların arasında İsveç Ədəbiyyat Akademiyasının üzvləri və yaxud Artur Lundkvist, Harri Martinson və Eyvind Conson kimi Nobel mükafatçıları da var. Heç bir ölkənin ədəbiyyatında Parnasusa qarşı bu xalq hücumun tayı-bərabəri yoxdur! İsveç əməkçi ədəbiyyatının öncülləri Den Andersson, Qustav Hedenvind-Eriksson, Martin Koch və Maria Sandel idi. 1920-ci illərdə Hedenvind-Eriksson dəmir yolu və elektrik stansiyalarının tikintisində inşaat işçilərinin həyatı haqqında romanlar trilogiyasını və daha sonra İsveçin şimalında meşə və ağac məhsulları sənayesi haqqında böyük dastanlar yazdı. Onun "İnşaat arabası ilə şeirə doğru" ("Med rallarkarra mot dikten") (1944) əsəri Şimal ölkələri əməkçi ədəbiyyatında klassik avtobioqrafik ədəbiyyat sayılır.

Əməkçi ədəbiyyatı canlı ədəbi ənənədir və bu gün akademik dünyanın həm tədqiqat layihələrinin, həm də elmi konfranslarının mövzusudur. İvar Lo mükafatı, İvar Lo-Johansson şəxsi mükafatı, Moa mükafatı və Stig Şödin (Stig Sjödin) mükafatı kimi ədəbiyyat üzrə bir neçə mükafat hər il əməkçi sinfi ədəbi ənənəsinin müasir nümayəndələrinə verilir. Əməkçi Yazıçılar Birliyi 1990-cı ildə iş və gündəlik həyat əsasında yazmağı təşviq etmək və ruhlandırmaq üçün yaradılmışdır.

İsveçli professor Magnus Nilsson "Əməkçi Ədəbiyyatı" (Arbetarlitteraturen) kitabında (2006) əməkçi ədəbiyyatının əsrlər boyu necə göründüyünü vurğulayır. Nilsson hesab edir ki, əməkçi ədəbiyyatı unikaldır, çünki o, fəhlə və kəndli əməkçilərin xəyalları, düşüncələri və təcrübələri ilə doludur və bu başqa heç bir yerdə tapıla bilməz. Ədəbiyyat sahəsi də dünyanın burjua ədəbiyyatında təqdim olunandan fərqli mənzərəsini verir. "Ona görə də, geniş xalq təbəqələrinin tarixi haqqında nəsə bilmək istəyənlər üçün əməkçi ədəbiyyatı mühüm mənbə kimi fəaliyyət göstərə bilər" (Nilsson, 2006). Nilsson yoxsulluğun mənası və nüansları haqqında anlayışlar və təsəvvür əldə etmək üçün fəhlə sinfinin həyat və sağlamlıq haqqında öz təsvirlərinə nəzər salmağın/qulaq asmağın vacibliyini vurğulayır. Kasıbların özlərindən başqa kimsə bizə kasıbların həyatı haqqında daha dərindən anlayış verə bilməz. Bəlkə də yoxsulluqda olanların səslərinin çıxmaması səbəb olmuşdur ki, biz çox vaxt yoxsulluğu ağ-qara bir şey kimi görürük - ya məhdudlaşdıran bir maneə kimi, ya da motivasiya edən hərəkətverici qüvvə kimi. Biz əməkçi ədəbiyyatına müraciət etdikdə, isə bizə yoxsulluğun mürəkkəb nüanslarına və fərqlərinə birbaşa görüntü verilir. Bu əsərlərdə biz səthi və birtərəfli təsvirlərdən kənara çıxmaq imkanı əldə edirik.

Nilsson müasir cəmiyyətin siniflərini də işıqlandırır və burada bu gün fəhlə sinfinin insanların güman etdiyindən qat-qat böyük olduğunu vurğulayır. Nilsson hesab edir ki, əslində İsveçdə əhalinin təxminən, 60%-i əməkçi sinfi kimi təsnif olunur, lakin çoxları bu sinfin yox olmaq üzrə olduğunu güman edir. Keçmişdə əməkçi sinfinin nümunəsi Malmö limanında bir işçi heyəti ilə işləyən Kristian Lundberqdir (Ekman 2009). Bu həm fiziki, həm də sosial müstəvidə ağır iş idi. Ksenofobiya və işçilərə qarşı kobud rəftar adi hal idi və işin özü çox vaxt həyat üçün təhlükəli hallardan ibarət idi. Nilsson izah edir ki, əgər siz qlobal səviyyədə fəhlə sinfinə baxsanız, görərsiniz ki, o, çox böyüyür və  "dünyada daha çox ölkə sənayeləşdikcə çatlamalar verir" (2006). Aşağı əməkçi sinfinin bugünkü versiyası müvəqqəti işçilər olmaqda davam edir. Güman edilir ki, bu işçilər məşğulluqdan təhsil aldığı müddətdə və ya buna bənzər hallarda əlavə kimi istifadə edəcəklər, lakin statistikaya baş vurduqda görürük ki, bir çoxları bu iş növlərindən yeganə gəlir kimi istifadə edirlər (Arpi 2012). Lundberqdən fərqli olaraq, iş yerlərində şərait artıq təhlükəli deyildir, amma hələ də çətindir. Qeyri-müəyyən əmək müqavilələri, axşam növbələrindən sonra səhər növbələri və birdən-birə son verilən işlər müasir dövrdə həyatı çətinləşdirir.

Əvvəllər siniflər maddi imkandan asılı idi, indi isə hər kəsin bu yuxarı siniflərə keçmək imkanı var. Onda birdən-birə insanın uşaqlıq tətilləri başqaları ilə necə ünsiyyət qura biləcəyinə və kimin hansı qrupa qəbul olunduğuna aid olur (Lerner 2012). Yəni, müəyyən ortamlarda qəbul olunmaq üçün artıq müəyyən miqdarda pul qazanmaq kifayət deyil, ortaq təcrübələr və mədəni bacarıqlar önəmli olur. Mədəni ümumi təhsilə sahib olmaq bu fərqlərə qarşı çıxmaq ideyası kimi qiymətləndirilə bilər, lakin eyni zamanda təhsil imkanı onu öncədən vurğulayan bir amil olur. Siyasi cəhətdən nə qədər sinfi fərqləri azaltmağa çalışsaq da, ortaya başqa bir şey çıxır. İnsanın mənşəyi və tərbiyəsi həmişə insanın sosial statusunun bir hissəsi olub və olmaqdadır. 

Bərabərliyin iqtisadi aspektinə gəldikdə, İsveç böyük irəliləyiş əldə etdi. Ən aydın fərqlər bu gün təhsildə, sosial şəbəkələrdə və mədəniyyət kapitalında görünür. Bu sinif fərqləri gənclərin həyatda uğur qazanmaq imkanlarına təsir edir, onların özləri haqqında düşüncələri və imicinə və gələcək perspektivlərinə təsir göstərir. Eyni zamanda bütün dünyada olduğu kimi, İsveçdə də yoxsulluğun problem olaraq qaldığını inkar etmək olmaz. "Yeni sinif debatı" məqaləsində isveçli jurnalist Tomas Lerner tələbə Hanna Adenbekdən aldığı müsahibəsindən yazır. Adenbek özünün bugünkü cəmiyyətdə sinfi fərqləri necə yaşadığını təsvir edir. Lerner "Biz kinoya gedirdik - teatra deyil" mətnində tələbə Hanna Adenbekin özünün və başqalarının sinif mənsubiyyəti haqqında düşüncələrini təsvir edir. Adenbek deyir ki, o, bir orta sinif mühitində böyüdüyü üçün iqtisadi sinif fərqlərindən təsirlənməyib. O, əslində ali incəsənət məktəbində oxumağa başlayana qədər sosial sinif fərqlərini hiss etməmişdi və başqa şagirdlərin sosial və mədəni həyat tərzindən o qədər də xəbərdar deyildi. Onun fikrincə, bir fərdin hansı sinfə aid olub-olmadığını onun özünün uyğun olub-olmamaq hissi müəyyən edir (Lerner 2012). Hanna yoxsulluğun həyatın necə formalaşdığı, hansı məhdudiyyətlərə səbəb olduğu, eyni zamanda onun hansı imkanlar yarada biləcəyi üçün əhəmiyyətini dərindən əks etdirir. Hannanın arqumenti ona əsaslanır ki, yoxsulluq maliyyə məhdudiyyətləri ilə nəticələnir, lakin eyni zamanda sərvətin çox vaxt insanı kor etdiyi dünya haqqında fikir və biliklər üçün fürsət də yaradır. Hanna üçün aşağı sinif mənsubiyyəti və bəlkə də, əsasən, bu mənsubiyyəti dərk etməsi onu irəliyə aparan güclü hərəkətverici qüvvə olmuşdur. Bu, həm də Hanna üçün uğurlu bir mənsubiyyət və daxili zənginliyi formalaşdıran bir mövcudluğa gətirib çıxarmışdır. Bu özünüdərk sayəsində Hanna məhdudiyyətləri hərəkətverici qüvvəyə çevirə bilmişdir və bununla da uğura aparan öz yolunu yarada bilmişdir. Bu gün Azərbaycan cəmiyyətində bu mövzunu ələ alan milli əsərlərə böyük ehtiyac vardır!

Sinif cəmiyyətinin bizimlə son bir neçə əsrdə mövcud olması faktı insanların öz sinfinə uyğunlaşmasına təsir etdi, eyni zamanda insanları özlərinin doğulduğu sinifdən fərqli bir təbəqəyə sığdırmaq istəyinə səbəb oldu. Məşhur futbolçu Zlatan İbrahimoviç özünün "Mən Zlatan İbrahimoviçəm" adlı avtobioqrafik romanında (2011) yazdığı kimi, liseydə (İsveç sistemində 12 illik məktəbin son üç ili ayrıca təmayüllü məktəbdir) oxumağa başlayanda o, Malmö şəhərindəki yuxarı siniflə uyğunlaşmaq və bu məktəbdə daim "Rosengorddan gəlmə" biri kimi tanınmaq istəmirdi [Rosengord bölgəsinin əhalisi əsasən, mühacirlərdən və kasıb təbəqədən ibarətdir]. Əlbəttə, daha yüksək təbəqəyə mənsub olmaq arzusu insanların uzun müddət mübarizə apardıqları bir şeydir, əslində bunun səbəbini yalnız özümüzdən soruşa bilərik. İsveçlilərin əksəriyyətinin kökləri kənd təsərrüfatı cəmiyyəti olmasından bəri aşağı siniflərə söykənir deyə, burada aristokratiya böyük olmamışdır. İsveçdə burjuaziya nisbətən gənc təbəqədir və ümumən baxanda, onun əcdadları ötən əsrin əvvələrinə qədər fəhlə, əkinçilər və kiçik fermerlər olublar. Bu mənzərə təxminən, Azərbaycanda da eynidir. Nilssonun (2006) əməkçi sinfi haqqında böyük həcmdə məlumat ehtiva edən əməkçi ədəbiyyatı haqqında mülahizələri birbaşa "Mən Zlatan İbrahimoviçəm" əsəri ilə əlaqələndirilə bilər, çunki burada, Nilssonun da qeyd etdiyi kimi, biz fəhlə sinfinin düşüncələri, arzuları və təcrübələri ilə yaxından tanış oluruq. Nilssonun da çox əhəmiyyətli hesab etdiyi İbrahimoviçin əsərində öyrənə biləcəyimiz bir məqam da sosial təbəqə ilə bağlı suallardır. "Mən  Zlatan İbrahimoviçəm" kitabında Zlatanın məktəb mühitində iz buraxan təcrid və kənarda qalma şəklində sosial təbəqəyə aid məsələlərə diqqət yetirilir. Zlatan, Rosengorddan olan oğlanın əvvəlcə Adidas və ya Nike firmasının idman paltarlarını geyindiyini, lakin tədricən məktəbdəki digər şagirdlərlə uyğunlaşmadığını aşkar edir. O, müxtəlif yollarla paltarın köməyi ilə necə uyğunlaşmağa çalışdığını təsvir edir və deyir: "Biz kənar qəsəbələrdən olanlar onlarla heç vaxt uyğun gəlmirdik. Biz fərqli idik". Daha sonra o, özünü futbola həsr etməli olduğunu və futbolun köməyi ilə sinif keçidi etməsinin hamı tərəfindən qəbul edilən bir həqiqət olduğunu qeyd edir.

Əməkçi ədəbiyyatı cəmiyyət dəyişdikcə daim inkişafdadır. Nəticə olaraq, yazıçıların cəmiyyətdə mövcud olan ədalətsizlikləri, istisnaları təsvir etmək vəzifəsi dəyişdimi? Bəs bu gün əməkçi ədəbiyyatı əslində cəmiyyətdə hansı əhəmiyyətə malikdir? Sadaladığım mənbələrin məzmununa əsaslanaraq belə nəticəyə gəlmək olar ki, əməkçi ədəbiyyatı burjua ədəbiyyatında veriləndən daha realist dünyagörüşü haqqında cəmiyyətə daha çox məlumat vermək kimi mühüm vəzifə daşıyır. Digər tərəfdən, gələcək əməkçi ədəbiyyatının dizaynında öz izini qoyan bütöv bir cəmiyyətdir. Müəlliflərin mövcud olan haqsızlıqları və təcridi təsvir etmək vəzifəsi tamamilə ədalətsizliyin müəyyən bir müddət ərzində cəmiyyətdə ən böyük iz qoymasına əsaslanır. XX əsrdə kənd təsərrüfatı cəmiyyəti əməkçi ədəbiyyatında da öz izini qoydu (Nilsson, 2006). XXI əsrdə fəhlə ədəbiyyatı, digər aspektlərlə yanaşı, şəhərətrafı bölgələrdə (qəsəbə və kənar məhəllələrdə) sinif fərqləri şəklində təcrid və ədalətsizlik tərəfindən formalaşmışdır. Bəlkə XXI əsr fəhlə ədəbiyyatı gələcəkdə dünyaya təsir edə biləcək təbii fəlakətlərlə yadda qalacaq?! Hələlik dəqiq deyə bilərik ki, dünya və cəmiyyət dəyişdikcə müəlliflərin vəzifəsi də dəyişəcək.

İsveç çox vaxt rifah cəmiyyəti, hər kəsin imkanlara malik olmalı və malik olduğu dünyanın ən yaxşı rifah cəmiyyətlərindən biri kimi təsvir edilir. Ensiklopediyalarda rifah cəmiyyəti "Bütün vətəndaşları maddi rifah və sosial-iqtisadi təminatla təmin etməyə çalışan cəmiyyət" cümləsi ilə təsvir olunur. "Sinif cəmiyyəti" isə, "Müxtəlif siniflər arasında (böyük) iqtisadi və sosial fərqlərlə xarakterizə olunan, adətən mülk sahibi siniflərin üstünlük təşkil etdiyi cəmiyyət" kimi təsvir edilir. Ortaya çıxan maraqlı bir sual "Rifah cəmiyyətinin sinif cəmiyyəti ilə bir yerdə yaşaya biləcəyi mümkünmüdür?" sualıdır.

İsveçli jurnalist Tomas Lerner Dagens nyheter qəzeti üçün yazdığı məqalələrin birində universitet  tələbəsi, 24 yaşlı Hanna Adenbekdən müsahibə alır. Hanna Zlatan kimi, qəsəbədə böyüdüyünü təsvir edir və qeyd edir ki, sinif mənsubiyyəti haqqında düşünməsi onun incəsənəti öyrənməyə başlamazdan əvvəl düşündüyü bir şey deyildir. Hannanın təsvir etdiyi ünsür mütləq pulla əlaqəli sinif fərqi deyil - mədəni və sosial təcrid formasıdır. Bu mühitdə məsələn, onun rəssamlar və digər sənətçilər haqqında bilməsi gözlənilir, lakin onun bu biliyə malik olmaması onu yuxarı sinif/zadəgan ailələrindən olan tələbələrdən fərqləndirir. Məsələn, Hanna uşaqlıqda kinoya getdiyini, tələbə yoldaşlarının isə daha çox teatra getdiyini müqayisə edir. Finlandiya kökənli yazar Susanna Alakoski "Kasıb İsveçdə Oktyabr" adlı kitabında (2012) özünün uşaqlıqdan yazdığı gündəliyində yoxsulluq və təcrid kimi təsvir etdiyi məqamlardan bəhs edir. Bunların arasında, həmçinin polis raportları da var. Valideynlərinin minimum əməkhaqqı ilə necə işlədiyini və dolanmaq üçün, hətta "qara" gəlir əldə etdiyini (qeyri-qanuni işlədiyini), həyatın onlar üçün "dolanmaq" və baş saxlamaqdan ibarət olduğunu ətraflı təsvir edir. Bu yoxsulluğun insanlara bir növ, damğa vurmasını qeyd edir, "Bu ümidsizliklə yan-yana yaşamaqdır. Sən kasıbsan, aşağı maaşla işləyirsən, işləyirsən, amma kasıb qalırsan" deyir. Yəni Zlatan və Hanna bizim rifah cəmiyyətimizdə istədikləri məktəbə getmək fürsətini necə əldə etdiklərini, lakin sinif cəmiyyətinin bunu müxtəlif yollarla çətinləşdirdiyini təsvir edir. Alakoski və Hanna Adenbek iqtisadi aktivlərin imkanlar yaratdığını və bunların olmamasının cəmiyyəti daha çox çətinləşdirdiyini bildirirlər. "Yoxsulluq söz sahibi olmamaq, həyata təsir edə bilməmək deməkdir. Yoxsulluq öz vəziyyətinizi dəyişə biləcəyinə, işləsəniz də vəziyyətinizin yaxşılaşa bilməyəcəyinə inanmamaq deməkdir", - deyir Alakoski. O, "Yoxsulluq çarəsizlikdir, istefadır (...), [yoxsulluq] adamı qorxaq edir, bəzən isə qətl törədir" kimi təsvir edir. Hanna Adenbek isə belə ifadə edir: "Mənim demək istədiyim hansı şəkildə yaşamağın daha yaxşı olduğu deyildir. Demək istədiyim odur ki, bu gün bir sinfə aidiyyət və sinif hissi təkcə şəxsin maaşının ölçüsündən asılı deyil, bu həm də başqa bir çox ünsürlər də deməkdir." Əlbəttə ki, Hannanın da dediyi kimi, pul öz arzularını həyata keçirmək imkanı üçün çox şey deməkdir. Pul beləliklə, güc verir. "Zəngin olanlar həm özlərinin, həm də başqalarının həyatını idarə edə bilir, kasıb və sosial yardım almağa məcbur olanların isə öz gündəlik həyatlarına belə səlahiyyəti yoxdur" (Lerner 2012). Amma baxmayaraq ki, sinif cəmiyyəti haqqında danışarkən, çox vaxt maddi imkanlar gündəmə gəlir, unutmamalıyıq ki, digər ünsürlər mövcud olmadıqda bu da problemli olur. Hannadan fərqli olaraq, Alakoski üçün yoxsulluq çox real bir şeydir - maddidir, Hannaya görə isə iqtisadi yoxsulluqla yanaşı, fərdin həm də mədəni kasıblığın yaşanması reallığına şahidlik etməli olmasıdır. Hanna bildirir ki, "mədəni materiallara imkanın olmaması puldan daha çox önəmli rol oynayır". Bununla belə, o, bilik olmadan puldan düzgün istifadə edə bilmədiyiniz təqdirdə pulun dəyərsiz olduğunu iddia edir. O, "yuxarı işçi sinfindən" biri olaraq, məsələnin həllini mədəni və maddi sərvətlərə çıxışın əl-ələ verməsində təkidlə irəli sürür. İbrahimoviç Alakoski və Adenbekin qeyd etdiyi yoxsulluq haqqında bəzi fikirləri, daha doğrusu, təcridolunma hisslərini əks etdirir: "Mən nə etsəm də, məndən Rosengord iyi gəlirdi, kənar məhəllə uşağı kimi görünürdüm. Mən bura uyğun gəlmirdim" deyir. O, aid olmaq, "məhəllə uşağı kimi" görünməmək arzusunu təsvir edir. Bəlkə də bu məqam çoxlarınıza Bakıya tələbə olaraq gəldiyiniz ilk illərdə "rayonlu", "kəndli" damğası ilə boğuşmağınızı xatırladır. Bu çətinlik  Zlatanı futbol oynamağa davam etməyə təşviq etdi. Bu məqam isə bəlkə çoxlarınıza valideynlərinizin təkidlə  "oxu, özünü bir yerə çıxar!" tövsiyə etməsini xatırladır.

Bəlkə də bu kontekstdə ən paradoksal şey, Susanna Alakoskini də qorumalı olduğu rifah cəmiyyətinin də jurnallarda dəfələrlə sənədləşdirən və idarələrin/ səlahiyyətlilərin necə uğursuz olduğunu bildirən rifah cəmiyyəti olmasıdır. Sualın cavabı, bəlkə də belə ola bilər ki, nə qədər ki, insanlar sinfi cəmiyyətə yuxarı qalxmağa çalışırlar, tam rifah cəmiyyətinə nail olmaq çətin olacaq.

Yoxsulluğun nüansları bir başqa üslubda yazıçı Kristian Lundberq tərəfindən "Yarden" romanında təsvir edilmişdir. Kitab Lundberqin çətin iqtisadi şəraitə görə əmək bazarının dibinə düşmək təcrübəsinə əsaslanır. Burada iş təkcə onun fiziki quruluşunu yormur, həm də onu psixi çətinliklər və sui-istifadə ilə xarakterizə olunan bir mühitə salır. Yoxsulluq içində keçən qaranlıq həyatın təsvirinə baxmayaraq, Lundberqin hekayəsi yoxsulluğun vəziyyətinin nüanslı mənzərəsini verir. Bu hekayə onun və fəhlə dostlarının yaşadığı ağır həyatı və bütün çətinliklərə baxmayaraq, birlikdə olmağa ehtiyac, xeyirxahlıq və özləri kimi onlara hörmət və qayğı hissi yaratmasını işıqlandırır. "Onlar kiçiklik hisslərində, hər günün sonuncu ola biləcəyini bilməkdə birləşirlər və bu paylaşılan təcrübədə həm onların daxilində, həm də onların arasında bir mənəvi güc artır" (Ekman, 2009). Hanna və Lundberqin səslərinin bizə verdiyi əsas şey daha dərin bilikdir ki, yoxsulluq həm hər şey, həm də heç nə ola bilər. Yəni, necə baxdığımıza bağlıdır. Yoxsulluq insanı tamamilə məhdudlaşdıra bilər və bu məhdudiyyət bəzən orta sinif və yuxarı təbəqənin təsvirlərinə əsaslanaraq xüsusilə güclü şəkildə vurğulana bilər. Amma Hannanın və Lundberqin hekayələrini dinləməklə oxucu görür ki, yoxsulluq həm də güclənmək, birləşmək və uğurun nədən ibarət olduğuna dair öz obrazlarımızı yaratmaq potensialına malikdir. Onların nöqteyi-nəzərindən oxucu öyrənir ki, məhdudiyyət və uğur çox vaxt əl-ələ verir və həyatın bizə izin verdiyi yollarla formalaşır. Məhz bu nüansları və mürəkkəblikləri dərk etməklə biz yoxsulluğun fərdin həyatına və imkanlarına təsiri haqqında daha dolğun təsəvvür əldə edə bilərik.

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00