NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏSINDƏN AZAD OLUNDU - Yerinə Cəlilov təyin edildi + DOSYE (Yenilənib)

25/04/2024 - 13:17

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov vəzifəsindən azad olunub.

Bu barədə müvafiq qərar qəbul edilib.

Məlumata görə, Azərbaycan Prezidentinin təqdimatı və Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri vəzifəsinə Ceyhun Cəlilov təyin olunub.

Qeyd edək ki, Səbuhi Məmmədov 2020-ci ilin mayında o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Vasif Talıbov tərəfindən baş nazir təyin olunub.

Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb. O, Vasif Talıbovun əsas kadrlarından hesab olunur. Vasif Talıbov vəzifəsindən uzaqlaşdırılandan sonra da Səbuhi Məmmədovla əlaqələri qalıb.

Yeni təyin olunan Baş nazir Ceyhun Ramiz oğlu Cəlilov isə 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.

 

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir. 2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində BP Caspian şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.

1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Baş nazir təyinatına qədər Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri postunu tuturdu.

Evlidir, iki övladı var.