MÜHARİBƏ “ÇOX DA UZAQ OLMAYAN GƏLƏCƏKDƏ” BİTƏCƏK – Ukrayna NATO-da olmayacaq, ərazilər qaytarılmayacaq və...

13/02/2025 - 17:48

ABŞ Prezidenti Donald Trampın Vladimir Putin və Volodimir Zelenski ilə telefon danışıqları, daha sonra bu danışıqlara dair açıqlamaları hər nə qədər gözlənilən idisə, bir o qədər də gözlənilməz oldu. Bu, ilk növbədə özünü Trampın Putini öz ölkəsinə dəvət etməsinə (eynilə də Putin onu Moskvaya dəvət edib), eləcə də Rusiya başçısının ünvanına həddindən artıq xoş sözlər söyləməsində göstərdi.

Trampın açıqlamalarında Rusiya və Putin qətiyyən faktiki işğalçı və yüz minlərlə insanın ölümünə, milyonlarla ukraynalının qaçqın, didərgin düşməsinə, bütün dünyada böhrana səbəb olan tərəf kimi deyil, “layiqli tərəfdaş” kimi təqdim olunur…

Ancaq hər halda, bir ABŞ Prezidenti olaraq bu ritorikanı özünə və ölkəsinə yaraşdıran Tramp Ukraynada müharibəni bitirəcəyinə, ehtiyatlı da olsa, əminlik ifadə edir. Belə ki, Ağ Evin indiki sahibinin Putinlə telefon danışığından sonra dediyinə görə, Ukraynada atəşkəs “çox da uzaq olmayan gələcəkdə” baş verə bilər. Ardınca qeyd edib ki, Putin ona müharibənin həllinin müvəqqəti olmasını istəmədiyini bildirib: “Putin bunun bitməsini və altı ay sonra yenidən başlamasını istəmir. Mən atəşkəs haqqında danışdım ki, ölümlər dayandırılsın. Düşünürəm ki, nə vaxtsa biz barışıq əldə edəcəyik”.

Ağ Ev rəhbəri həmçinin deyib ki, ABŞ maliyyə naziri Kiyevə səfərinin nəticəsi olaraq, Ukraynaya dəstək üçün yatırılan vəsaitlərin geri qaytarılmasına zəmanət verən sənəd gətirməlidir. Yəni, pul birinci yerdə durur…

 

 

Tramp əlavə edib ki, Ukraynaya səfər etmək barədə “düşünəcək” və onun Putindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı “çox yaxşı” olub. Eyni zamanda, Tramp Ukraynanı danışıqlar prosesinin tamhüquqlu, bərabər tərəfinin olub-olmadığı barədə suala cavab verməkdən yayınıb. Lakin onun ümumi münasibəti onu deməyə əsas verir ki, ABŞ Prezidentinin bu suala cavabı daha çox mənfidir, nəinki müsbət. Yəni, Ağ Ev Ukraynanın taleyini rəsmi Kiyevin iştirakı olmadan həll etməyə meyllidir. Buna baxmayaraq, Tramp jurnalistlərə cavabında iddia edib ki, Ukrayna tərəfinin, o cümlədən Prezident Volodimir Zelenskinin iştirakı olmadan ABŞ və Rusiya hakimiyyəti arasında birbaşa danışıqlar heç bir təhlükə yaratmır…

Tramp müharibəni bitirmək planını açıqlamaqdan da növbəti dəfə imtina edib, lakin jurnalistləri əmin edib ki, artıq “böyük irəliləyiş” əldə olunub. Bunun özü də Trampın konkret planının olmadığı barədə iddiaları yenə aktuallaşdırıb.

Amerika Prezidenti həmçinin qeyd edib ki, Ukrayna Rusiya tərəfindən tutulan ərazilərin yalnız bir hissəsini geri qaytara bilər. Lakin ABŞ Prezidenti bununla bağlı konkret əminlik ifadə etməyib və söhbətin hansı ərazilərdən getdiyini açıqlamayıb.

Xatırladaq ki, həm Dmitri Peskov, həm Mariya Zaxarova, həm də Dmitri Medvedev Ukraynanın nəzarətindəki Kursk vilayəti ərazilərinin işğal edilən Ukrayna ərazilərilə mübadiləsi barədə Zelenskinin dediklərini qətiyyətlə rədd ediblər. Kremlin birbaşa sözçüləri olan bu şəxslər belə bir “dəyiş-döyüşü” birmənalı olaraq istisna etməklə, danışıqlarda ərazi mübadiləsinin olmayacağına işarə ediblər. 

Bu isə Ukrayna tərəfini çətin vəziyyətdə qoyur. Bu səbəbdən artıq bəzi şərhçilər Kurskun işğal olunmuş Ukrayna ərazilərilə deyil, Rusiyanın gedə biləcəyi hansısa digər güzəştlərlə dəyişdirilə biləcəyini qeyd edirlər. Ancaq bunu Ukrayna cəmiyyətinə izah və qəbul etdirmək çətin, bəlkə də mümkünsüz olacaq. İstənilən halda, ərazi mübadiləsi olmayacağı təqdirdə bu, Ukrayna cəmiyyətində Kurskda verilən itkilərin mənasız olduğuna dair təsəvvür yaradacaq və bu variant Zelenski hakimiyyəti üçün ağır zərbə olacaq.

 

 

 

Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında onu da deyib ki, o, Ukraynanın NATO-ya üzvlüyünü “praktik” hesab etmir. Tramp bu barədə Pentaqonun yeni rəhbəri Pit Heqsetin mövqeyini dəstəkləyib: “Mən onunla razıyam. Bunun praktik olduğunu düşünmürəm”.

Beləliklə, Ukraynanın yaxın gələcəkdə NATO perspektivinin üzərindən xətt çəkən Tramp işğal olunmuş ərazilərin də qaytarılmayacağını bəyan edir. Əvəzində təklif etdiyi atəşin dayandırılması, ABŞ-nin xərclədiyi pullara Ukraynanın təbii sərvətləri formasında 500 milyard dollarlıq(?) zəmanət alınması, Ukraynanın gələcək təhlükəsizliyi və bərpası üçün əsas yükün Avropanın üzərinə atılması və sairdir. Ancaq hətta bu şərtlər daxilində belə müharibənin nə zaman dayanacağı və dayanıqlı sülhün nə vaxt əldə ediləcəyi barədə sual açıq qalır. Buna baxmayaraq, dayanıqlı sülh olmasa da, hər halda, atəşkəsə doğru irəliləyişin olduğuna dair işarələri görmək olar…

Bu arada Trampın son bəyanatlarına münasibət bildirən tanınmış rusiyalı politoloq Dmitri Oreşkin maraqlı fikir söyləyib. O deyib ki, savaşda atəşkəs əldə edilməsi labüddür, tərəflər əsl mənada “dirənib”: “Müharibə boğulur və ət maşını dayandırılacaq”. 

Trampın Putinə zəngi və onu “izqoy” vəziyyətindən çıxararaq, yenidən əl sıxılan hala gətirməsi isə əslində, Putinə atılan “xilasedici halqa” oldu…

 

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Nikol Paşinyan Parisə gedib
10/02/2025 - 09:57