Həmişə sevilən aktyor...- Fuad Biləsuvarlı yazır

13/02/2025 - 15:45

                     /Respublikanın xalq artisti Əliabbas Qədirovun əziz xatirəsinə ithaf edirəm.\

          Bir vaxtlar hər həftə televiziya ekranlarında nümayiş etdirilən "Komediyalar aləminə səyahət" adlı veriliş vardı. Həmin veriliş çox populyar idi və geniş tamaşaçı audiotoriyası    toplamışdı. Tamaşaçılar hər həftə o tamaşanı çox səbirsizliklə gözləyirdilər.
Verilişin aparıcısı o illərdə artıq tanınan və sevilən aktyor Əliabbas Qədirov idi. Aktyor Əliabbas Qədirovun səhnəyə yaraşan görkəmi, aydın diksiyası, səs tonu həmin verilişi daha məzmunlu və baxımlı edirdi.
Uzun müddət həmin veriliş öz populyarlığını itirmədi.
Əslində bu verilişin belə populyarlaşması Əliabbas Qədirovun istedadı və peşəkarlığı ilə bağlı idi. Əliabbas Qədirov səhnə üçün doğulmuşdu. Teatrla nəfəs alırdı. Düz deyirlər ki, istedadı daşa da sərf etsən bar verər. Əliabbas müəllimin isə, belə istedad sahibi olması çox erkən məlum olmuşdu. Onda Əliabbas müəllim hələ orta məktəbin səkkizinci  sinfində oxuyurdu. Ancaq teatrlarla, tamaşalarla çox maraqlanırdı. Elə bu həvəslə də "Dəmiryolçular" klubundakı dram kollektivinin fəal üzvlərindən birinə çevrilir. Dram məşqlərinə xalq artisti Ağadadaş Qurbanov rəhbərlik edirdi.
Böyük aktyor yeniyetmə Əliabbas müəllimin xüsusi istedadı olduğunu elə ilk günlərdən hiss etmişdi, ona qayğı ilə yanaşırdı. Beləcə 15 - 16 yaşlı Əliabbas Qədirovun səhnə həyatı belə başlanmışdı.
Niyyətin hara, mənzilin  ora.
1965 - ci ildə Əliabbas Qədirov artıq Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitunun tələbəsi idi. Dram və kino aktyorluğu fakültəsində təhsil alırdı. Həm də bəxti gətirmişdi. İxtisasdan kurs rəhbəri Mehdi Məmmədov, səhnə danışığından isə Müxlis Canızadə idi. Belə sənət adamlarından dərs almaq, onların məşğələlərində iştirak etmək Əliabbas Qədirov  üçün böyük xoşbəxtlik idi. Mehdi Məmmədov teatr və rejisssorluq sahəsində adını mədəniyyət tariximizə yazmış bir şəxsiyyət idi. O, Əliabbas Qədirovun istedadına görə institutun tədris teatrının ştatlı aktyorları sırasına daxil etmişdi, onun böyük gələcəyinə inanırdı. Əliabbas Qədirov  isə belə böyük şöhrət qazanmış sənət adamının rəhbərliyi altında aktyor sənətinin sirlərinə yiyələnməkdən, səhnədə müxtəlif rolları canlandırmaqdan əsl zövq alırdı. Arzular gerçəkləşirdi. Əliabbas Qədirovun böyük teatrların səhnələrinə yolları açılırdı. Sonuncu kurs tələbəsi olanda bəxt onun üzünə bir də güldü. Professor Mehdi Məmmədov Akademik Milli Dram Teatrda tamaşaya qoyduğu Hüseyn Cavidin "Xəyyam" tamaşasında ona Yusif rolunu həvalə etdi. Hələ tələbə, Akademik Milli Dram Teatrın möhtəşəm səhnəsi, şöhrət qazanmış Mehdi Məmmədov kimi görkəmli rejissorun quruluşunda olan tamaşada rol almaq hər gənc aktyora qismət olmurdu. Bu, Əliabbas Qədirova olan yüksək etimadın, sonsuz inamın təzahürü idi. Əliabbas Qədirov da, bu etimadı doğrulda bildi, Yusif roluna layiq olduğunu sübut etdi. Artıq böyük teatr səhnəsi Əliabbas Qədirovu, necə deyərlər, öz ağuşuna almışdı. Çox çəkmir ki, Əliabbas Qədirov Milli Dramatik Teatrın aparıcı aktyorlarından birinə çevrilir, rəngarəng obrazlar yaradır, adı afişaları bəzəyir. Oynadığı hər tamaşa onun səhnə fəaliyyətinin parlaq səhifəsinə çevrilir. Bu rolların şəbəkəsi isə çox genişdi. Sabit Rəhmanın "Kələkbazlar" tamaşasında Xosrov, Mirzə Fətəli Axundovun "Xırs quldurbasanlar" tamaşasında Vəli, N. Dumbadzenin "Darıxma ana" tamaşasında Givi, Cəfər Cabbarlının "Aydın" tamaşasında İlyas, İslam Səfərlinin " Yol ayrıcında" tamaşasında Məğrur, Nazim Hikmətin "Məhəbbət əfsanəsi" tamaşasında Şərif, İlyas Əfəndiyevin " Büllur sarayda" tamaşasında Həbib... və digər tamaşalar. 
Tamaşaçılar Əliabbas Qədirovu sevirdilər, onu alqışlayırdılar. Hər bir aktyor üçün bundan böyük mükafat nə ola bilər?! Hər tamaşa teatrla nəfəs alan Əliabbas Qədirov üçün misilsiz uğur idi. Aktyor kimi yüksək səmərəli fəaliyyətinə görə o, 1982 - ci ildə "Azərbaycanın Əməkdar artisti",  1989 - cu ildə isə, Azərbaycanın "Xalq artisti" fəxri adına layiq görülmüşdü. Əliabbas Qədirov bir vaxtlar sıravi aktyor kimi qədəm qoyduğu Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru kimi yüksək vəzifələrə ucalmışdı. Azərbaycanın Xalq artisti  Əliabbas Qədirov müxtəlif televiziya tamaşalarında da yaxından iştirak edir, yadda qalan obrazlar yaradırdı. Bu teletamaşalar o illərdə çox sevilir  və maraqla baxılırdı. Sevimli aktyorumuz Əliabbas Qədirovun kino aktyoru kimi fəaliyyəti çox zəngindi. Düzü, aktyorun vikipediya səhifəsində onun kinofilmlərdə yer aldığı filmlərin siyahısına baxanda məni heyrət bürüdü. Təxminən 70 - ə yaxın filmlərə çəkilmək, rolları peşəkarlıqla canlandırmaq peşəyə sonsuz məhəbbətdən, fitri istedaddan, hədsiz gərgin zəhmətdən xəbər verirdi. Əliabbas Qədirov isə bütün bunların zirvəsində idi. Təsadüfi deyil ki, sevimli aktyorumuz Eldar Quliyevin "Sevinc buxtası" filmində Nazim obrazına görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdü. Həmişə sevilən aktyor 2006 - cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə Dövlət başçısı tərəfindən yüksək "Şöhrət" ordeni ilə təltif olunmuşdu. Əliabbas Qədirovun cəmi 60 yaşında qəflətən dünyasını dəyişməsi Azərbaycan mədəniyyətinə çox ağır itki idi. Onu yeni-yeni tamaşalar, parlaq rollar, daha sürəkli tamaşaçı alqışları gözləyirdi. Ömür vəfa qılsaydı gələn il onun 80 illik yubileyini qədir bilən xalqımız sevinclə qeyd edəcəkdi. Ancaq ölüm sevinməsin qoy. Onu illər ərzində yaratdığı obrazlar yaşadacaq, bundan sonra da seviləcək. Sevilən, seçilən, səhnəmizə, kinomuza yaraşan bir aktyor kimi...

 

Əliabbas Qədirov haqda xatirələr

 

Qızı Gültəkin Novruzova:Sənəti və eləcə də şəxsiyyəti ilə milyonların sevgisini qazansa da…”

 

Atam Əliabbas Qədirov ləyaqətli, ağır təbiətli, hökmlü bir kişinin oğlu olub. Atası Gülabbas babam dəmiryolçu idi. Atamın isə diş həkimi olmasını istəyirdi. Nənəm Noğul xanım 8 uşaq dünyaya gətirmiş, qəhrəman ana, çox gözəl, əliaçıq, ürəyi təmiz, mərd xanım idi. Yoxluğun nə olduğunu bilməyən ailəyə əsas qazanc ticarətdən gəlirdi.Böyük qızı Zərifə bibimə və atama toy edən babam mən doğulmadan öncə qəflətən vəfat edir, ailənin bütün yükü nənəmin üzərinə düşür. O, bunun öhdəsindən çətinliklə də olsa gəlir. Atamı həm böyük qardaş, həm də ata kimi qəbul edən özündən kiçik, bir-birləri ilə olduqca mehriban münasibətdə olan bacı-qardaşları ona hörmət edər, bir dediyini iki etməzdilər. Atam onlara bacardığı qədər dəstək olmağa çalışardı. Şükürlər olsun, Gülabbas kişidən qalan həyət-bacanın, ev-eşiyin çırağını bu gün Oqtay əmim və ailənin digər üzvləri yandırır.  

Atam məktəbdə seçilən şagirdlərdən olub. Xüsusilə, Dilşad müəllimə onda olan istedadı görür və onun məktəbdə təşkil olunan müxtəlif tədbirlərdə aktiv iştirakına şərait yaradır. Məktəbdən sonra qohumu - aktyor, qiraət ustası, əməkdar müəllim Ənvər Vəliyevlə bərabər teatr və kino aktyoru, xalq artisti, korifey sənətkar Ağadadaş Qurbanovun dram dərnəyinə getməyə başlayır. Ağadadaş Qurbanov ona fitri istedadının olduğunu, aktyor ifasını bəyəndiyini və bu sənətin arxasınca getməsini məsləhət görür.

Həmin illərdə atam incəsənətə olan həvəsini və böyük səhnəyə olan sevgisini hiss edərək, artıq həkim deyil, aktyor olacağına qərar verir. O, 1965-ci ildə məktəbi bitirir və yüksək qiymətlərlə Mirzağa Əliyev adına “Azərbaycan Dövlət Teatr İnstitutu”nun (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsinə qəbul olur. Onun sənət müəllimi, kurs rəhbəri isə xalq artisti, professor Mehdi Məmmədov olur.

Atam evlənmək yaşına çatır. Onun yanında bir neçə nəfərin adını çəksələr də, xalası qızı ilə ailə qurmaq istədiyini söyləyir və heç də asan olmasa belə, buna nail olur. Yəni anam Gülbahar xanımla ailə qurur. Atamla kurs yoldaşları öz aralarında bir-birlərinə söz verirlər ki, kimin ilk övladı oğlan olarsa Ülvi, qız olarsa Ülviyyə qoysun. Qardaşım dünyaya gəlir, adını babam İlham qoyur. Atam babamın sözündən çıxmır. Mənim adım dahi dramaturq, şair və nasir Cəfər Cabbarlının “Aydın” əsərindəki baş qəhrəmanın adıdır - Gültəkin.

1 il sonra atam dünyaya daha bir qızının gəldiyini  eşidəndə yanında sevilən komediya ustası, xalq artisti Əliağa Ağayev olur və atama məsləhət görür ki, qızına onun qızının adını - Gülçin adını versin. Belə bir ailədə yaşayıb, valideynlərimin bir-birinə olan hörmətinə, sevgisinə, hətta qısqanclığına şahid olaraq xoşbəxt böyüdüyümə görə özümü şanslı hesab edirəm.

Anam hamı haqqında yalnız müsbət düşünən, xeyirxah, mehriban qadın idi. Uşaq bağçasında tərbiyəçi işləyirdi. Evdə təhsilimiz və tərbiyəmizlə xüsusi olaraq anam məşğul olsa da, ümumi nəzarət atamda idi. Biz onun ağır xasiyyətinə bələd idik. Atama evdə xüsusi qayğı, diqqət vardı. Evimiz həmişə qonaq-qaralı olurdu. Evimizə qohumlar, atamın sənət dostları, hətta dərs dediyi tələbələr də gəlirdi. Ailədə ad günləri xüsusi qeyd olunardı. Valideynlərim tez-tez xarici ölkələrə səfər edərdi və bizi Nabat nənəmə tapşırardılar. Nənəmin bişirdiyi yeməklərin dadı hələ də damağımdadır. Bizə xörək bişirməyi, süfrə açmağı, səliqə-sahmanı xüsusi həvəslə öyrədirdi.

Atam teatrda aparıcı aktyorlardan biri idi. Sənəti və eləcə də şəxsiyyəti ilə milyonların sevgisini qazansa da, heç vaxt “Bu rolu mən yaratmışam” demədi. “Yaratmaq Allaha məxsusdur” deyərdi, olduqca sadə və təvazökar insan idi. O, teatrdakı fəaliyyəti ilə yanaşı, kinolara da çəkilir, televiziya tamaşalarında rol alırdı. O illərdə çox məşhur olan ”Komediyalar aləminə səyahət” verilişinin aparıcısı idi. Tez-tez radio verilişlərinə də dəvət alırdı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olurdu. Bütün bunlara baxmayaraq ailəsinə, balalarına xüsusi vaxt ayırırdı. Bizimlə bərabər gəzməyə gedər, vaxt keçirməyi sevər, istirahət edər, əylənərdi. Xüsusilə yay fəslində vətənimizin dilbər guşələrində, eləcə də ölkədən kənarda kurort şəhərlərdə bizimlə bərabər dincələr, xüsusi zövq alardı.

Atam qardaşımla bərabər idmanın üzgüçülük növü ilə məşğul idilər. Onu özü ilə arada teatra da aparardı. Onu da deyim ki, hər üçümüz musiqi məktəbində təhsil alırdıq.

Ailədə ən çox sevilən, bizim bəzən çəkinib atamıza deyə bilmədiyimiz sözü ona bacım Gülçin deyirdi. Atam onun xahişini heç vaxt yerə salmazdı. Atam bir dəfə təhsil aldığımız orta məktəbə gedər. Məktəbin direktoru ona “kaş ki, bu məktəbdə oxuyan bütün şagirdlər sizin qızlarınız kimi olardı”, - deyir. Düşünürəm övlad olaraq valideynlərimiz bizdən razı idi. Çox təəssüf, onları tez itirdik. Kaş ki, yaşayıb, həyatda əldə etdiyimiz uğurların şahidi olub, bizimlə daha çox fəxr edə bilərdilər.

Atam 8 mart Beynəlxalq Qadınlar Günü yuxudan həmişə şən əhvali-ruhiyyədə oyanardı. Gözəl səsi vardı. Analara, bacılara aid olan mahnını zümzümə edərdi. 2006-cı ilin 8 mart səhəri isə ondan cəmi 6 ay əvvəl vəfat etmiş anamın yanına köçdü, bu fani dünyanı tərk etdi.

Valideynlərimizi itirəndə çox cavan idik. Biz onlardan doymadıq. Sonradan onların məsləhətinə, xeyir-duasına çox ehtiyacımız oldu, bu gün də ehtiyacımız var. Təsəllimiz məzarlarını ziyarət etmək, xatirələri dilə gətirmək, ruhlarını şad etməkdir. Allah dünyasını dəyişmiş əzizlərimizə rəhmət eləsin. Allah atamı hələ də qəlbində yaşadan, onu xoş xatirələrlə xatırlayan, yad edən xalqımızdan, sənət dostlarından razı olsun. Onun xatirəsini hər zaman əziz tutan dövlətimizin qayğısını, diqqətini hər zaman hiss etmişik, bu gün də hiss edirik. Yaxın günlərdə Yasamal rayonunda küçələrdən birinə atamın adının verilməsi bunun təzahüridir. Bu, bizi çox sevindirdi. Əminəm ki, atamın da ruhu şaddır.

 

Xalq artisti Rasim Balayev: “Bir-birimizin uğuruna doğrudan da sevinirdik”

 

1965-ci ildə indiki Mədəniyyət və İncəsənət Universiteti Teatr İnstitutu adlanırdı. Əliabbas Qədirovla orda tanış oldum. Bir-birimizdən nələrisə öyrənirdik. Gedişatı, orda bizdən nələr soruşacaqlar, nə suallar verəcəklər, bilmirdik. Orda aktiv gənclərin biri də Əliabbas Qədirov idi. Mən sonradan bildim ki, Əliabbas Qədirov Ağadadaş Qurbanovun dərnəyinə gedirmiş və ondan çox şey öyrənib.

Sonra imtahan verdik. Deməli, orda üç nəfər üç qiymət verirdilər. Səhnə danışığı, aktyor sənəti, bir də musiqi qavrama qabiliyyəti. Mən, Əliabbas, bir də Şəmsi Şəmsizadə vardı, üçümüz də üç beş alanlardan olduq. O biri imtahanlar üçün bu beşlər bizə çox kömək oldu.

Mən ədəbiyyatı yaxşı öyrənmişdim. Müəllimlər gördülər ki, bu sənətdən 3 beş almışam… Üç beş almağım istər-istəməz o biri imtahanlarda mənim dadıma çatdı. O cümlədən də Əliabbasın. Sonra bir yerdə oxuduq, yaxınlaşdıq, dost olduq.

Əliabbasda paxıllıq hissi yox idi. O, mənim uğuruma sevinirdi, mən də onun uğuruna sevinirdim. Günlərin bir günü "Qatır Məmməd" filmini çəkirdilər və Əliabbası təsdiq elədilər.  O zaman Əliabbas çəkilirdi, mənsə çəkilmirdim. Çünki məni “Nəsimi” filmi üçün yoxlayırdılar. Yadımdadır ki, bir dəfə çəkilişdən çıxanda o, çox sevinirdi. Böyük rola təsdiq olunmuşdu. Əliabbas mənə qayıdıb dedi ki, sağ əlim sənin başına, inşallah, sən də təsdiq olunarsan. Doğrudan da elə oldu. Sonra məni "Nəsimi" filminə çəkdilər. "Qatır Məmməd" filminin rejissoru Hüseyn Seyidzadə "Qatır Məmməd" haqqında ssenarini yazmışdı, bir də Mixail Maklyarski, Kirill Rapoport yazmışdı. Maklyarskinin ssenarisini götürmüşdülər. Filmin rejissorluğunu Hüseyn Seyidzadəyə tapşırmışdılar. Seyidzadə də "Qatır Məmməd" filmini öz ssenarisi əsasında çəkirdi. Bir də ayıldılar ki, bu adam öz bildiyini çəkir, filmi bunun əlindən aldılar. Sonra filmi Rasim Ocaqova verdilər. Rasim Ocaqov bütün kollektivi dəyişdi. Məni də dəvət elədi. Təbii ki, Əliabbas bundan biraz məyus oldu. Bir dəfə də elə oldu ki, "Yeddi oğul istərəm"də Cəlalın səsini səsləndirmək üçün məni də çağırmışdılar, Əliabbası da. Yoxladılar, ikimizin də səsi düşürdü. Bir neçə dəfə yoxladılar. Doğrudan da ayırmaq olmurdu ki, hansı yaxşıdır, hansı pis. Sonra Tofiq Tağızadə mənə yaxınlaşdı ki, ikiniz də yaxşısınız, amma biz Əliabbasla işləyəcəyik. Dedim, lap yaxşı. Düzü, mən biraz məyus oldum. Çünki mənim qarşıma məqsəd qoymuşdurlar ki, sən lazım olmasan bir ilə səni kinostudiyadan işdən çıxaracağıq.

Əliabbasın yaxşı səsi vardı. Aktyorun bir silahı da onu səsidir. Səsi olmayan aktyor teatrda neyləyə bilər?! İllər keçdi… Eldar Quliyevin bir filmi vardı, "Sevinc buxtası". Mən onda deyəsən, “Babək”ə çəkilmişdim. Eldar Quliyev onu da yoxladı, məni də, sonra məni təsdiq etdi. Tofiq İsmayılov adlı bir rejissor var idi, imkan vermədi. Çünki Eldar Quliyev demişdi ki, bir həftə səndə çəkəcəm, bir həftə onda. Sonra belə oldu ki, Eldarın birinci çəkiliş günü mən geyindim ki, çəkiləm… Sonra Eldar dedi ki, Rasim, bağışla, səni çəkirdim, dedilər, sən çəkiləsi olsan Tofiq İsmayılov filmi vaxtında təhvil verməyəcək. Ona görə məni bağışla. Əliabbası çəkdilər. Düzdür, məndə biraz məyusluq hissi oldu. Çünki o vaxt istəyirdik ki, çox çəkilək. Onu da deyim ki, məndə Əliabbasa qarşı paxıllıq olmadı. Mənim o filmə düşməməyimin səbəbi Əliabbas deyildi. Əliabbas çəkildi, sonra da "Dövlət mükafatı" aldı. O, obyektiv adam idi. Həmişə deyirdi ki, Rasim, burda "Dövlət mükafatı"nı aldım, amma mükafat sənə düşürdü. Mən də dedim ki, halal xoşun olsun.

Tez-tez görüşürdük, dərdləşirdik. Onun xətrini çox istəyirdim. Əliabbas Dağlı məhəlləsində böyümüşdü, ağır oğlan idi. Çox istedadlı idi. Kino aktyorlarını yaxşı təqlid edirdi. Onu teatra direktor qoydular. Mən ona bir dost kimi dedim ki, Əliabbas, sən bu işə getmə, orda direktor olmaq çox çətindir, havayı yerə əsəblərini korlayacaqsan. Dedi, mənlik deyil, Prezident deyib ki, Əliabbas olsun. Elə də oldu. Orda demək olar ki, 5 il rəhbər işlədi. Çox peşman oldu. Mən bilirəm də ora nə cür yerdir. Hərənin ağızından bir avaz gəlir.

60 yaşı təzə tamam olmuşdu. Gedib onu təbrik elədim. Üstündən 1 ay keçdi, çox təəssüf ki, qan xərçəngi xəstələyindən rəhmətə getdi. Bildiyim qədərilə, həyat yoldaşı da o xəstəlikdən rəhmətə getdi.

Əliabbas Azərbaycan teatrında, kinosunda öz sözünü deyən, mənə yaxın adam idi. Allah qəni-qəni rəhmət eləsin!!! Onların xeyrində, şərində iştirak eləmişəm. Atası, anası rəhmətə gedəndə onlarda olmuşam, qardaşlarının toyunda olmuşam. Belə xoş münasibətim var idi. Qarşılıqlı idi. Bir-birimizin uğuruna doğrudan da sevinirdik. Bəzi adamlar yalandan sevinirdi, amma biz doğrudan sevinirdik.

 

Xalq artisti Məleykə Əsədova: “Çox heyifsilənirəm ki, o böyük ağacın yarpaqları bir-bir tökülür...”

 

Əliabbas müəllimlə mən gənclik illərimdən tərəfmüqabili çox olmuşuq. Tamaşalarda, qastrol səfərlərində, müxtəlif görüşlərdə olmuşuq. Çox gözəl insan idi. Xanımını da tanıyırdım. Səhnəyə yaraşan aktyor, xətrini çox istədiyim bir insan, həm də gözəl sənətkar idi.

Əliabbas müəllimlə o qədər tamaşalarda oynamışıq ki, adlarını bir-bir çəkməyə çətinlik çəkirəm. Sonuncu oynadığımız "Göy türklər" tamaşasında nə qədər Türkiyənin bölgələrində qastrol səfərlərində olmuşuq. Tamaşada “atam”ı oynayırdı. Əliabbas müəllim çox tamaşada “atam”ı oynayırdı. Allah ona rəhmət eləsin! Çox heyifsilənirəm ki, sənət aləmindən doğru-dürüst sənət adamları - o böyük ağacın yarpaqları bir-bir, yavaş-yavaş tökülür. Hətta yavaş-yavaş yox, mənə elə gəlir ki, tez-tez tökülür. Barmaqla sayılacaq qədər sənətkarlarımız qalıb. Əsl sənət adamları, sənətkar dostlarımız dünyasını dəyişib.

Səhnədə dəfələrlə tərəfmüqabili olduğum Kamal Xudaverdiyev, Əliabbas Qədirov “atam”ı oynayırdılar. Telman Adıgözəlov, Yaşar Nuri, Siyavuş Aslan, xətrini çox-çox istədiyim Ramiz Novruzla nə qədər tərəfmüqabili olmuşam. Saydıqca bitmir. Allah qalanlarına cansağlığı versin.

Əliabbas müəllim ola bilər aramızdan, sıramızdan cismən gedib, amma hər zaman insanların qəlbində ruhən yaşayacaq.

 

Əməkdar artist Nicat Mir Kazımov: “Çox xoşbəxt incəsənət xadimiyəm ki, Əliabbas müəllimin tələbəsi olmuşam”

 

Mən 1991-95-ci illərdə Əliabbas müəllimin kursunu bitirmişəm. Çox xoşbəxt incəsənət xadimiyəm ki, Əliabbas müəllimin tələbəsi olmuşam. Əliabbas müəllim sözün əsl mənasında böyük sənətkar idi. O, bütün rollarını həddən artıq təbii, həddən artıq inandırıcı oynayırdı. İfasıyla tamaşalarda da, filmlərdə də insanı oynadığı obrazının taleyinə, problemlərinə, dərdinə, fikrinə inandırmağı bacarırdı. Şans deyilən bir şey var. Məhz mən də bəxtli, şanslıyam ki, öz sənətinin dühasının “əllərindən su içmişəm”. Mən hər zaman bir söz deyirəm ki, Əliabbas müəllim bütün yaradıcılıq ömründə heç bir rol oynamasaydı, yalnız "Mesenat" tamaşasında Tağıyev obrazını oynasaydı bircə obrazı kifayət edərdi, yetərdi onu böyük sənətkar adlandırmağa. Baxmayaraq ki, onun oynadığı bütün obrazlar o səviyyədədir. O məqamın obrazlarıdır ki, Əliabbas müəllim onları böyük məharətlə yaradıb.

Əliabbas müəllimi xatırlayanda, ola bilsin ki, mən dərs illərində, tələbəlik illərində nadinc tələbə olmuşam, haçansa bizim fikirlərimiz üst-üstə düşməyib, onu incitmişəm. Allah o dünyasını versin, Allah qəni-qəni rəhmət eləsin! Əliabbas müəllim dünyasını dəyişəndə mən özümə gələ bilmirdim, özümü həddən artıq pis hiss edirdim. Amma Əliabbas müəllim dünyasını dəyişməsindən neçə il keçməsinə baxmayaraq, zaman sübut edir ki, hələ də xalqın, tamaşaçıların, sənət dostlarının, mənim kimi tələbələrinin yaddaşında, hafizəsində yaşayır və yaşayacaqdır.

Biz imtahanlarda nələrisə yaxşı göstərəndə Əliabbas müəllim uşaq kimi sevinməyi bacarırdı. Ruhu şad olsun! Allah yaxınlarına, doğmalarına cansağlığı, uzun ömür, xoşbəxtlik versin.

 

Teatrşünas-jurnalist Rübabə Səməndər: “Jurnalist fəaliyyətim Əliabbas əminin xeyir-duasıyla olub”

 

Əliabbas Qədirovu lap uşaqlığımdan, kiçik yaşlarımdan tanıyıram. Çünki atamın həm sənət dostu idi, həm də eyni teatrda çalışırdılar. Bizsə, qardaşımla, mən demək olar ki, atamın çalışdığı teatrda böyümüşük. Atamın oynadığı əksər tamaşaların premyerasına gedib baxmışıq. Əliabbas Qədirovla, atam çox vaxt tərəfmüqabili olublar. Ona görə də biz onu lap kiçik yaşlarımızdan tanıyıb, sevmişik. Həm də atamın yaxın dostu kimi tanımışıq. Biz eyni binada, eyni blokda yaşamağa başlamazdan əvvəl də onların təbii ki, dostluq münasibətləri var idi. Yadıma gəlir ki, bizə ailəvi qonaq gəlmişdilər. Onları həmin vaxtdan tanıyırdıq. Sonra eyni binada, eyni blokda yaşadıq - biz dördüncü mərtəbədə, onlar beşinci mərtəbədə. Münasibətlərimiz daha da yaxşılaşdı, daha da doğmalaşdıq. Övladları ilə dost olduq. Üç övladı var, Allah övladlarının da, nəvələrinin də canını sağ eləsin. Artıq gör neçə nəsil dəyişib, Əliabbas əminin nəvəsi də ailə həyatı qurub. Allah xoşbəxt eləsin! Çox gözəl insanlar idi. Özü də, həyat yoldaşı Gülbahar xala da. Simacan da çox gözəl idilər, bir-birlərinə çox yaraşırdılar, insani keyfiyyətləri baxımından da çox gözəl insanlar idi. Uşaqlığımızın xatirələri bu insanlarla bağlıdır.

Bütün uşaqlığımız bu insanların, aktyorların, sənət adamlarının əhatəsində keçib. Elə bu, bizim taleyimizə də sirayət elədi. Qardaşım da, mən də incəsənət sahəsini seçdik. İndi yaşadığım binada təkcə Əliabbas əmigil yaşamırdı. Bu binaya “aktyorların binası” deyirdilər. Ona görə ki, birinci blokun dörd mərtəbəsi aktyorlara verilmişdi. Yenə də deyirəm, dördüncü mərtəbədə biz yaşayırdıq, beşinci mərtəbədə Əliabbas Qədirov, altıncı mərtəbədə Mübariz Əlixanoğlu (Allah ruhunu şad eləsin!) yeddinci mərtəbədə Yaşar Nuri, Allah ona da rəhmət eləsin! Səkkizinci mərtəbədə isə Rafiq Əzimov yaşayırdı. Allah ona da uzun ömür versin, canı sağ olsun. Yəni belə bir ortamda, aktyorların yanında böyümüşük. Çox da xoşbəxtəm ki, bu cür alınıb, bu cür yaşamışıq, bu cür böyümüşük.

Artıq burda heç bir aktyor yaşamır. Atam dünyasını dəyişib. İndi mən ailəmlə burda məskunlaşıb yaşayıram. Çünki atamın, ailəmin ruhunu yaşatmaq istəyirəm. O üzdən burdan köçmədim, burda qaldım. Çox təəssüf edirəm ki, digər aktyorlar burdan köçüblər. Ona baxmayaraq, bu gün də bura “aktyorların binası” kimi tanınır. Necə ki, o vaxtlar tanınırdı, bu gün də o cür tanınır. Çünki o vaxtlar aktyorlara böyük sevgi vardı. Xüsusilə də burda yaşayan aktyorları çox sevirdlər. Tamaşaçılar onlara böyük dəyər verirdilər.

Əliabbas əmi həm xalqın dəyərini, qiymətini aldı, həm də dövlətin. Uzun müddət də Akademik Milli DramTeatrının direktoru vəzifəsində çalışdı. Yəqin ki, bunu hamı bilir. Kifayət qədər uğurlu aktyor kariyerası olan, geniş, zəngin yaradıcılığı olan bir insan idi. Teatrda aparıcı rollar, obrazlar yaradıb. İstər klassik əsərlərin tamaşalarında, istər müasir dramaturqların əsərlərində kifayət qədər maraqlı obrazları olub. Çox təəssüf edirəm ki, kinoda ondan az istifadə olunub. Amma kifayət qədər istifadə edə bilərdilər. Çünki həqiqətən də çox maraqlı aktyor idi. Mən deyərdim ki, qızıl külçəsi kimi bir sənətkar idi. Sadəcə, onun potensialı çox açılmadı. Dediyim kimi, baxmayaraq ki, rolları da olub, tanınıb da, sevilib də, onun istedadını daha başqa tərəfdən görə bilərdilər. Onun iki rolunu mən çox sevirəm. Bir Cəfər Cabbarlının "Sevil" əsərinin ekranlaşdırılmasında mən onu görmüşəm. Hələ lap kiçik yaşlarımda. Sonra o filmə bir neçə dəfə baxmışam. Balaş obrazı onun obrazları içində sevdiyim obrazıdır. Bir də, səhv eləmirəmsə, "Nəğmə dərsi" idi. Qısametrajlı film idi. Orda sürücünü oynayırdı. Ailəsi dağılmış, ailəsinə həsrət qalan, övladını gəlib görməyə can atan bir sürücü obrazı idi. Ümumiyyətlə, sadə insan obrazları Əliabbas Qədirovda çox gözəl alınırdı. Özü də sadə, səmimi, daxilən təmiz bir insan idi. İstər kinoda, istər teatrda ona o cür rollar verilsəydi, onları çox gözəl təqdim eləyə bilərdi.

Baxmayaraq ki, bu aktyorlar neçə illərdir dünyasını dəyişiblər, hamısı da bu gün xatırlanır, sevilir. Mən inanıram ki, hələ uzun illər bundan sonra da hər biri yaddaşlarda yaşayacaq. Çünki buna layiqdirlər. Əsas odur ki, Əliabbas Qədirov təkcə aktyor kimi yox, insan kimi də gözəl insan idi. Özü də, həyat yoldaşı da. Dostluğa çox sadiq insanlar idi. Atam dünyasını dəyişəndə onların bir ortaq dostu var idi, o da sənət adamı idi. Belə demək olarsa, atamla da nəinki dost, hətta qardaş kimi daha yaxın idilər. Onun həmin ərəfədə qızının toyu olmalıydı. Təbii ki, toy əvvəlcədən planlaşdırılır. Aydın məsələdir ki, onu sonradan dəyişdirmək çətin olur. Gəlib anamdan halallıq aldılar, sonra toylarını etilər. Təbii ki, Əliabbas əmigili də həmin toya dəvət etmişdilər, amma getmədilər. Anam da söhbət əsnasında soruşdu ki, nə əcəb getmədiniz? Gülbahar xala anama elə bir cavab verdi ki... Dedi ki, ay bacım, necə gedə bilərdik?! Səməndər kimi qardaşımız dünyasını dəyişib, biz gedib toyda necə əylənə bilərdik?! Mən də onların yanındaydım. Yadıma düşəndə indi də çox kövrəlirəm(Kövrəlir). İnanın, Gülbahar xala doğma qardaşı haqqında danışdığı kimi danışdı. Mən onda o hissi, duyğunu, səmimiyyəti gördüm. Əliabbas əmiyə də, Gülbahar xalaya da çox böyük hörmətim, sayqım, sevgim var. Allah hər ikisinin də o dünyasını versin, balalarını xoşbəxt eləsin, canları sağ olsun. Düzdür, əvvəlki sıx münasibət heç biri ilə yoxdur. Çünki hərəmiz şəhərin bir kənarına dağılmışıq. Hərəmizin öz işi, gücü, qayğıları var. Amma vaxtaşırı onun böyük oğlu İlhamla xəbərləşirik, Facebook”da, “Whatsapp” üzərindən söhbətləşirik. Allah ona uzun ömür versin, ailəsinin canı sağ olsun. Həqiqətən də o da sadiq, çox gözəl bir insandır.  Gültəkin həkimdir, həm də Tibb Universitetində müəllimədir, elmi dərəcəsi var, alimdir. Gülçinin hansı peşənin sahibi olduğunu bilmirəm, onunla heç qarşılaşmıram. Gültəkini Facebook”da görürəm, izləyirəm. Atamın adına açdığım səhifədə də onun bir neçə dəfə yazdığı şərhləri görmüşəm. Sağ olsun, Allah köməyi olsun. Allah hər üçünün canını sağ eləsin. Ümumiyyətlə, doğma insanlar hər bir zaman doğmadır. Bu dünyada olanda da, dünyasını dəyişəndən də, sonra da onların xatirələri əzizdir, doğmadır. Doğma insanlar bizim üçün həmişəyaşardırlar. Onlar dünyalarını dəyişsələr də, bizim üçün ölmürlər. Biz nə qədər onları yaşadırıq, onlar da bizim üçün yaşayırlar.

Atamın yoxluğunu, təbii ki, heç kim mənə unutdura bilməzdi. Doğma insanın boşluğu, itkisi heç nəylə doldurulmur. Amma yenə də o insanların həyatda olmağı bizə böyük təsəlli idi. İstər Əliabbas əmi olsun, istər Yaşar əmi olsun, istər Telman əmi olsun, istər Fuad Poladov olsun, hamısı mənə əmi qədər doğma idi. Təbii ki, bu gün də elədir. Onların hər dəfə biri dünyasını dəyişəndə elə zənn edirəm ki, atam yenidən dünyasını dəyişir. Çox-çox ağrılı bir hiss idi. Bu gün də onların itkisi mənim üçün çox ağrılıdır. Hər birinin yeri görünür. Heç birinin qəlbimdə yaratdığı boşluq doldurula bilməz.

Əliabbas əmi ilə bağlı bir məqamı da deyim. Mənim üçün doğma olan “Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti”nin radiosunda 30 ildir ki, çalışıram. İlk dəfə o binaya işçi qismində məhz Əliabbas əminin maşınında getmişəm. Ondan əvvəl uşaq olanda atamla bir yerdə neçə dəfə orda olmuşam. Atam "Bulaq" verilişini oxumağa gedəndə məni də aparıb. Teatrda tamaşaların məşqlərinə də getmişəm. Amma sırf böyük kimi, olğun insan kimi, işləmək amalıyla məhz Əliabbas əminin maşınında getmişəm. O vaxt Arif əmi var idi, radioda rejissor idi. O da atamın çox yaxın dostu olmuşdu. "Bulağ”ın da rejissoru idi. O, mənə təklif etdi, dedi ki, Rübabəni gəlin aparaq radioya, orda biraz təcrübə keçsin, gələcəkdə orda işləmək istəsə, artıq böyük söz bazası olsun. Düzü, mən istəmirdim. Heç ağlıma da gəlmirdi. Amma böyüklərin məsləhəti ilə getdim və təbii ki, bağlandım, oranı sevdim. Deməyim odur ki, ilk ora qədəm qoymağım, gələcək jurnalist fəaliyyətimin ilk günü, ilk addımı məhz Əliabbas əminin xeyir-duasıyla olub.

Həqiqətən də çox doğma, yaxın insan haqqında danışmaq həm xoşdur, həm də biraz ağırdır. Dünyalarını dəyişmələrinə baxmayaraq, onsuz da onlar yaddan çıxmırlar. Xalq onları bu gün də çox sevir. İnanıram ki, bundan sonra da sevəcəklər, xatırlayacaqlar. Amma yenə də hər dəfə xatırlandıqca, hər dəfə yada salındıqca inanıram ki, özlərinin də ruhları şad olur.

Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

Qafqaz.media

 

 

Yasamal rayonunda Əliabbas Qədirov küçəsi.

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hafiz Rüstəmin şeirləri
29/01/2025 - 10:38