Xalq yazıçısı Rüstəm İbrahimbəyovun məzarı ziyarət olundu
![](/sites/default/files/styles/slide/public/2025-02/IMG-20250208-WA0007.jpg?itok=HDexIpsw)
Qafqaz.media xəbər verir ki, Fevralın 5-də Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, dramaturq, ssenarist, Dövlət mükafatları laureatı, Xalq yazıçısı, uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini icra etmiş Rüstəm İbrahimbəyovun anadan olmasının 86-cı ili münasibətilə Fəxri xiyabandakı qəbirüstü abidəsi
ziyarət olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibləri - Əməkdar incəsənət xadimi, şair, yazıçı Baba Vəziroğlu, Xalq artisti, professor Həmidə Ömərova, rejissor, pedaqoq Oleq Səfərəliyev, AKİ İdarə Heyətinin üzvləri - pedaqoq, aktrisa Mahirə İsgəndərova, rejissor Rövşən İsax,
AKİ üzvləri-Əməkdar mədəniyyətət işçisi, kinoprodüseri, rejissor Adil Qulamov, rejissor-operator Fəramiz Məmmədov, Avrasiya Teleradio Akademiyasının həqiqi üzvü, rejissor Arzu Qulamov, animasiya rejissoru Cavid Əhədov və başqaları kinodramaturqun məzarını ziyarət edərək üzərinə tər çiçəklər düzüblər.
Mərasimdə Baba Vəziroğlu, Həmidə Ömərova, Fəramiz Məmmədov, Adil Qulamov, Sədaqət Kamal, Arzu Qulamov çıxış edərək Rüstəm İbrahimbəyovun çoxşaxəli yaradıcılığından bəhs etməklə yanaşı, eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik etdiyi illərdə Azərbaycanı kinosu üçün gördüyü işləri diqqətə çatdırıblar.
Yeri gəlmişkən, AKİ üzvləri Rüstəm İbrahimbəyovun qardaşı, Xalq yazıçısı Maqsud İbrahimbəyovun da məzarını ziyarət ediblər.
Qeyd edək ki, R.İbrahimbəyov Azərbaycanda, keçmiş postsovet respublikalarında, həm də bütün dünyada peşəkar ssenarist, dramaturq kimi tanınırdı. Onun ssenariləri əsasında “Bir cənub şəhərində”(1969), “Səhranın bəyaz günəşi”(1969), Çekist haqqında povest”(1969), “O vaxt mən yox dedim”(1973), “Ürək…ürək”(1976), “Ad günü”(1977), “İstintaq”(1979), “Anın quruluşu”(1980), “Bağlı qapı”(1981), “İşgüzar səfər”(1982), “Gəmi saatının sirri”(1983), “Park”(1983), “Özgə ömür”(1987), “Ölsəm…bağışla”(1989), “Qətldən yeddi gün sonra”(1991), “Həm ziyarət, həm ticarət”(1995), “Günəşdən usanmışlar”(19940, “Əlvida, cənub şəhəri”(2006) və s. filmlər çəkilib.
R.İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat edib. 13 mart 2022-ci ildə onunla Moskvadakı Kinematoqrafçılar Evində vida mərasimi keçirilib və 16 martda nəşi Bakıya gətirilərək I Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
Fuad BİLƏSUVARLI,
Qafqaz.media